Məhkəmə qərarları › İş №3(050)-1183/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1183/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1183/2025 06.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1970-ci ildə Masallı rayonu, Qəzvinoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qəzvinoba kəndində qeydiyyatda olmaqla Bakı şəhərində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Masallı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2 (001)-9056/2015 saylı və 30 may 2017-ci il tarixli, 2 (001)-8890/2017 saylı icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclası zamanı Masallı rayon İcra və Probasiya Şöbəsinin məmuru X8 izahatında göstərdi ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2 (001)-9056/2015 saylı icra sənədinə əsasən Şəxs X1 və X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 110 manat olmaqla, cəmi 220 manat məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Həmçinin Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(001)-8890/2017 saylı icra sənədinə əsasən borclu Şəxs X1 və X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 137 manat olmaqla, cəmi 274 manat məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Qeyd olunan icra vərəqələri Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkarlara göndərilmişdir. Borclu Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməyib məhkəmə qərarının icrasını təmin etməyərək üzərində olan borcunu ödəmədiyi üçün barəsində axtarış qərarı qəbul edilmiş və o, bu gün tapılaraq onlara təhvil verilmişdir. Hal-hazıradək borclu tərəfindən tələbkarların xeyrinə heç bir ödəniş olunmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcunu ödəməkdən yayınır. Hazırda tələbkara 28649 manat aliment borcu vardır. Göründüyü kimi borclu icra vərəqələrinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, maddi imkanı olmadığına görə hal-hazıradək aliment borcunu ödəyə bilməmişdir. Lakin, buna baxmayaraq özünə məxsus evi və avtomobilləri tələbkara vermişdir. Bir müddət əvvəl Bakı şəhərində işə qəbul olunmuşdur. Ona vaxt verilərsə borcunun hissə-hissə ödəyəcəkdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ona həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş etdi. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 06 may 2025-cü il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on gün) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 06 may 2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar