Məhkəmə qərarları › İş №3(050)-1193/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1193/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1193/2024 10.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsgəndərov Rauf Hikmət oğlunun iştirakı ilə, 13 fevral 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, ev 19, m 33 ünvanında qeydiyyatda olan və yaşayan, İsgəndərov Rauf Hikmət oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN BDYPİ-nin Yol-Patrul Xidməti Alayı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən İsgəndərov Rauf Hikmət oğlu barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 15 may 2024-cü il tarixdə tərtib edilmiş seriya İXP 6256917 saylı inzibati xəta haqqında protokoldan görünür ki, İsgəndərov Rauf Hikmət oğlu 15.05.2024-cü il tarixdə saat 21:57 radələrində Ələt-Astara yolunun Masallı rayonu ərazisində “KIA RİO MİNİK” minik markalı, 77 AU 093 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs İsgəndərov Rauf Hikmət oğlu izahatında göstərdi ki, 15.05.2024-cü il tarixdə saat 21:57 radələrində idarə etdiyi “KIA RİO MİNİK” minik markalı, 77 AU 093 dövlət qeydiyyat nömrə nişanlı avtomobili hərəkətdə olarkən işıqforun qırmızı işığından keçdiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılmış, alkoltestin müayinəsindən keçirilmiş, yoxlama zamanı onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Əməlindən peşmandır. İlk dəfə idi narkotik vasitə istifadə etmişdir. Bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. Taksi fəaliyyəti ilə məşğul olmasını və ailəsini bununla dolandırdığını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. 15.05.2024-cü il tarixli, 000709 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, İsgəndərov Rauf Hikmət oğlunun sidiyində narkotik vasitə THC (kannabinoid) pozitiv aşkar olunmuş, o, narkotik sərxoşluq vəziyyətində olmuşdur. İsgəndərov Rauf Hikmət oğlu inzibati xəta törətməsi onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla, 15.05.2024-cü il tarixli, 000709 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu nəticəsi, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndərov Rauf Hikmət oğlunun əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndərov Rauf Hikmət oğlu oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İsgəndərov Rauf Hikmət oğlu İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDIM: İsgəndərov Rauf Hikmət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar