Məhkəmə qərarları › İş №3(050)-1198/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1198/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1198/2024 28.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Lənkəran rayonu, Kirov qəsəbəsində andan olmuş, evli orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyatda olmaqla, Masallı rayonu, Qəriblər kəndində yaşayan Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 20 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi xx.xx.2024-cü il tarixdə saat 13:01 radələrində Masallı rayonu, Qəriblər kəndində yerləşən “Gözəllik salonu”, uşaq əyləncə mərkəzi, “Köz dönər” adlı obyektin sahibi X4 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri tam və vaxtında yerinə yetirməməsi göstərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13:01 radələrində Masallı rayonu, Qəriblər kəndində yerləşən “Gözəllik salonu”, uşaq əyləncə mərkəzi, “Köz dönər” adlı obyektin sahibi X4 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri tam və vaxtında yerinə yerinə yetirilmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən Masallı rayonu, Qəriblər kəndində yaoxlama aparılan zaman həmin kənd sakini X4 “Gözəllik salonu”, uşaq əyləncə mərkəzi, “Köz dönər” adlı obyektində müqavilə bağlanılmadan qanunsuz reklam yerləşdirdiyini aşkar etməklə bu barədə xx.xx.2024-cü il tarixli 000191 saylı Akt tərtib etmişlər. Qeyd edilən akt yazılı göstərişə əlavə edilməklə Sevər Nəzərovanın ünvanına rəsmi poçt vasitəsilə göndərilmiş, ona reklamın sökülməsi barədə yazılı göstəriş verilmişdir. X8 yazılı göştərişi vaxtində icra etmədiyindən barəsində xx.xx.2024-cü il tarixdə MN125719 saylı inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol tam qanuni şəkildə tərtib edilmişdir. Sonda Nümayəndə göstərilən səbəblərdən Sevər Nəzərovanın inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhməmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xəta haqqında protokolla razı olmayaraq bildirdi ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən ona əsassız olaraq protokol yazılmışdır. Belə ki, Masallı rayonu, Qəriblər kəndində yaşamaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Masallı rayonu, Qəriblər kəndində yerləşən “Gözəllik salonu”, uşaq əyləncə mərkəzi, “Köz dönər” adlı obyektlər ona məxsusdur. İşlədiyi obyektlərdə yerləşdirilən reklamlar tam qanuni olmuş, X6 İdarəsinin Şəhriyar adı əməkdaşı ilə müqavilə bağlanmış, qeyd edilən obyektlərdə olan reklamlar qanuni şəkildə qeydiyyata alınmışdır. Müqavilə əsasən 2024-cü ilin yanvar ayında bağlansa da, lakin həmin tarixdən etibarən fəaliyətini dayandırmış, hazırda qeyd edilən obyektlərdən heç biri fəaliyyət göstərmir. Yanvar ayından etibarən Regional Reklam İdarəsinin əməkdaşları bir neçə dəfə qeyd edilən obyektlərə baxış keçirmiş, həminçinin obyektlərin fəaliyyətinin dayanmasını və bağlanmasını müəyyən edib getmişlər. Müqavilə 3 ay müddətinə bağlanmışdır. Aprel ayında müqavilənin müddəti bitdiyinə görə Regional Reklam İdarəsi ona qanunsuz fəaliyyət göstərməsi ilə bağlı inzibati akt tərtib etsə də, lakin onun fəaliyyətinin qeyd edilən müddət ərzində dayandırması və obyektlərin bağlanmasını nəzərə almamışdır. Ona obyektlərə yerləşdirilən reklamların sökülməsi barədə rəsmi göstəriş göndərilməmişdir, yalnız əməkdaşlar tərəfindən ona ödəniş edilməklə yeni müqavilə bağlamalı olduğu bildirilmişdir. O, da fəaliyyət göstərəcəyi təqdirdə müqavilə bağlayacağını idarənin əməkdaşlarına bildirmişdir. Hətta onun adına qeydiyyatda olduğu yerin ünvanı üzrə Lənkəran rayonuna da bir dəfə bildiriş göndərilmişdir. Ona yazılı göstərişdə reklamın sökülməsi barədə heç bir söz bildirilməmiş, yalnız yanvar ayında bağladığı müqavilə haqqını tələb etmişlər. O da cavabında həmin müqavilə haqqını ödəyəcəyini, lakin himayəsində olan uşağın xəstə olması səbəbindən müqavilə haqqını hazırda ödəmək iqtidarında olmadığını əməkdaşlara bildirmişdir. Adına olan VÖEN-i isə uzun müddətdir ki, bağlatdırmışdır. Adına yazılı göstərişlər ünvanlansa da, lakin məktubu açıb oxumadığından reklamların sökülməsi ilə bağlı göstərişlər olduğunu bilməmişdir. Sonda S.E.Nəzərova göstərilənləri nəzərə alıb barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Elektron sistemdən çıxarışdan görünür ki, X4 ********** VÖEN-i ilə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024-cü il tarixli, 000191 nömrəli aktdan görünür ki, Masallı rayonu, Qəriblər kəndində yerləşən “Gözəllik salonu”, uşaq əyləncə mərkəzi, “Köz dönər” adlı obyektin obyektində açıq məkanda müvafiq icazə almadan reklam quraşdırmış, bunun üçün müvafiq icazənin alınmaması, LRRİ-nə hər hansı müraciətin daxil olmaması, iş, “adra.gov.az” internet portalında icazə sənədinin olmaması 199 kv m aldayaqlı, 10,63 kv m fasad reklamlarının olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 000191 nömrəli “Açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” yazılı göstərişdən görünür ki, X2 “Reklam haqqında” AR Qanunun 26.2.-ci maddəsinə əsasən 5 gün müddətində müvaviq icazənin alınması, əks halda qanunsuz reklamın yayımının dayandarılması tələb olunmuşdur. İnzibati xəta haqqında 20 may 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə protokol tərtib edilmişdir. Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubdan görünür ki, X4 xx.xx.2022-ci il tarixdən fəaliyyətini dayandırmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X1 təqsirliliyi sübuta yetirilmədiyindən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş X4 barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X4 tərəfindən Masallı rayonu, Qəriblər kəndində yerləşən “Gözəllik salonu”, uşaq əyləncə mərkəzi, “Köz dönər” adlı obyektində açıq havada müvafiq icazə almadan reklam quraşdırılması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən X2 xx.xx.2024-cü il tarixdə yazılı göstəriş göndərildikdən sonra barəsində xx.xx.2024-cü il tarixli MN1255719 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş aktda qeyd edilmişdir ki, akt iki nüsxədə tərtib olunmaqla bir nüsxəsi X2 təqdim edilməsi qeyd edilmişdir. Halbuki məhkəmə iclasında Sevər Nəzərova verdiyi izahatında aktla və yazılı göstərişlə tanış olmadığını bildirmiş, Reklam İdarəsinin nümayəndəsi də izahatında Sevər Nəzərovanın akt tərtib edildiyi zaman orada olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Aktda qeyd edilən “aktın bir nüsxəsi Sevər Nəzərovaya təqdim edildi” ifadəsindən belə anlaşılır ki, akt tərtib edildiyi zaman Sevər Nəzərovanın iştirakı təmin edilmişdir, lakin nümayəndə məhkəmə iclasında da özü izahat verərək təsdiq etmişdir ki, aktı sonradan yazılı göstərişə əlavə edərək şəxsə göndərilmişdir. Reklam İdarəsinin əməkdaşlarının “aktın bir nüsxəsi təqdim edilmişdir” ifadəsinə əsasən hesab etsək ki, Sevər Nəzərova aktın tərtib edilməsində iştirak etmiş, ona aktın bir nüsxəsi təqdim edilmiş, lakin nədənsə aktda qeyd edilənləri təsdiq edərək imzalamamasının səbəbləri göstərilməmişdir. Məhkəmə buradan belə bir məntiqi nəticəyə gəlir ki, aktın tərtib edilməsində Sevər Nəzərova iştirak etməmiş, sadəcə aktın formal olaraq Sevər Nəzərovaya təqdim edilməsi ilə bağlı müvafiq qeyd aparılmışdır. Digər tərəfdən məhkəmə yazılı göstərişi nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, İnzibati Xətalar Məcəlləsində qanunsuz reklamların yayımlanmasının aşkar edildiyi anda deyil, sonradan qanunsuz reklam yayımının dayandırılması barədə yazılı göstərişin icra edilməməsinə görə inzibati məsuliyyətin yaranmasının göstərilməsi təsadüfi deyildir. Qanunvericilik əməlin inzibati məsuliyyətə səbəb olan əməl hesab edilməsi üçün ardıcıl iki dəfə vətəndaşa reklamın aradan qaldırılması üçün tədbirlər görülməsini bu sahədə nəzarəti həyata keçirirən qrumunun üzərinə öhdəlik kimi qoymuşdur. Reklam İdarəsinin əməkdaşları tərəfindən birinci mərhələdə reklamın qanunsuz yayılması aşkar edildiyi zaman bu barədə aktın tərtib edilməsi həyata keçirilməli və bu akt yuxarıda qeyd edildiyi kimi real vəziyyəti əks etdirməli, reklamı yayan şəxsin iştirakının təmin edilərək ona bu barədə məlumatın verilməsini və onun iştirakı ilə baxışın keçirilməsini nəzərdə tutur. Qanunverilcilik vətəndaşın birinci dəfə ətraflı məlumatlandırıldıqdan sonra aşkar edilən qanunsuz reklam yayımının aradan qaldırılması üçün ikicinci, yəni yazılı göstərişin göndərilməsini müəyyən etmişdir ki, bu dəfə şəxsi ətraflı xəbərdar etməklə, yol verdiyi əməlin qanunsuz olduğunu, reklamın aradan qaldırılmayacağı halda məsuliyyəti barədə təfsilatlı məlumatın verilməsini özündə ehtiva edir. Reklam İdarəsi tərəfindən verilmiş yazılı göstərişə nəzər yetirdikdə görünür ki, yazılı göstərişin İİ abzasında qeyd edilmişdir ki, reklam yayımının dayandırılmadığı halda “tərəfimizdən müvafiq reklamın yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barənizdə AR İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə göndəriləcəyi ilə bağlı məlumatlar qeyd edilmişdir. Yazılı göstərişdə qeyd edilmiş “tərəfimizdən müvafiq reklamın yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı,” ifadəsinin özünün nəyi ifadə etdiyini, dayandırılma üçün məhkəməyə müraciət etməklə yanaşı, hansı “zəruri” tədbirlərin görüləcəyi ilə bağlı heç bir açıqlama verilməmişdir. İş materiallarından görünür ki, Reklam İdarəsi reklam yayımının dayandırılması üçün “zəruri” tədbir kimi yalnız şəxsin barəsində protokol tərtib edib məhkəməyə göndərməklə kifayətlənmiş, ifadədən anlaşılmayan hansı zəruri tədbirləri gördükləri isə naməlum qalmışdır. Yazılı göstərişdə qeyd edilən 428.7.3-cü maddənin məzmunu ilə bağlı həmin maddənin sanksiyasında hansı cəzaların nəzərdə tutulması ilə bağlı ətraflı məlumat belə verilməmişdir. Yazılı göstərişin mahiyyəti ondan ibarətdir ki, artıq pozuntuya yol vermiş şəxs artıq bir dəfə şifahi qaydada qaydada məlumatlandırılmış, (yəni akt tərtib edildiyi zaman məlumatlandırmanı nəzərdə tutur) reklamı aradan qaldırmadığından onu intizamlandırmaq üçün ikinci dəfə şəxsə yazılı şəkildə göndərilən məlumatlardır. Yazılı göstərişdə “yayımın dərhal dayandırılması” ifadəsindən istifadə edilmiş, obyektin üzərinə quraşdırılmış “reklam lövhələrinin çıxarılması”, “götürülməsi” kimi ifadələrdən istifadə edilməmişdir, halbuki sadə vətəndaş bu ifadələrlə yol verdiyi pozuntunu daha yaxşı başa düşə bilərdi. Həm də eyni zamanda yazılı göstərişdə 5 iş günündə Reklam İdarəsinə yaxınlaşmalı olması ilə bağlı vətəndaşa məlumat verilsə də, qanunsuz yayımlanan reklam lövhələrini konkret olaraq hansı müddətdə çıxarılması, götürülməsi ilə bağlı məlumatlar qeyd edilməmişdir. Qeyd edilən halın özü də vətəndaş üçün anlaşılmazlıq yarada bilərdi, ona görə ki, vətəndaş reklam lövhələrini hansı müddətdə sökməli olması ilə bağlı qeyri-müəyyən vəziyyətdə qalmışdır. Yazılı göstərişdə qeyd edilən yayım dayandırılmadığı halda, tərəfimizdən “zəruri tədbirlər görüləcəkdir ifadəsi” də vətəndaş üçün düşünməyə əsas verə bilərdi ki, özü qeyd edilən lövhələri götürməsə, reklam idarəsinin əməkdaşları həmin lövhələri götürəcəkdilər. Göründüyü kimi, qanunvericiliyin müəyyən etdiyi vətəndaşın yol verdiyi inzibati pozuntunu anlayaraq, pozuntu aşkar edilən kimi deyil, vətəndaşın lazimi qaydada məlumatlarla maarifləndirilməsindən sonra inzibati xəta haqqında protokolun tərtib edilməsinə hesablanmış imkanlardan, nə aktda nə də yazılı göstərişdə Reklam İdarəsi tərəfindən səmərəli istifadə edilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs əvvəl qeyd edilən reklamın yayımlaması üçün müvafiq icazəni almış, icazənin vaxtının bitdiyini bilsə də, daha sonra obyekti işlətmədiyindən düşünmüşdür ki, icazə vaxtının uzatmağa ehtiyac yoxdur. Buradan da görünür ki, vətəndaş Reklam idarəsindən icazə almaqla öz intizamlılığını göstərmiş, lakin Reklam İdarəsinin əməkdaşları onun icazəsi bitdikdən qısa müddət sonra Lənkəran rayonundan Masallı Rayonunun Qəriblər kəndinə gedərək şəxsin iştirakı olmadan tələm-tələsik akt tərtib edərək oradan getmişdilər. Halbuki icazəsinin vaxtı bitmiş şəxsə Reklam İdarəsi tərəfindən əvvəlcədən rəsmi məlumat verilməsini əks etdirən sənədlər nümayəndə tərəfindən təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, dövlət orqanı vətəndaşların inzibati məsuliyyətə cəlb edilməsini həll edərkən tez-tələsik onu inzibati məsuliyyətə cəlb etməyə çalışmamalı, yol verilmiş inzibati xətanı aradan qaldırmaq mümkündürsə, aradan qaldırmağın yollarını ona ətraflı başa salmalı, yanız bundan sonra vətəndaş etinasızlıq göstərərsə, inzibati məsuliyyət məsələsinə baxmalıdır. Eləcə də məhkəmə iş materialında olan xx.xx.2024-cü il tarixli baxış protokolunu və fotoşəkili tədqiq edərkən müəyyən etmişdir ki, qeyd edilən obyekdə baxış keçirilərkən reklam yayıcısının iştirakı olmadan Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Qanunsuz reklam yayıcısının iştirakı olmadan baxış keçirildiyi zaman mümkün qədər 2 nəfər hal şahidinin cəlb edilməsi, hal şahidləri iştirak etmirsə, videoçəkiliş vasitəsi ilə obyektin baxışı həyata keçirilməli, qeyd edilən şəkildə baxış keçirildiyi halda tərtib edilmiş akt daha mötəbər sübut kimi sayıla bilər. Həmçinin təqdim edilmiş fotoşəkilin standartlara cavab verən aparatla çəkilməsi müəyyən edilmir, fotoşəkilin üzərində qeyd edilən tarixin necə və qeydlərin hansı forma və əsasla yerləşdirilməsi də məlum deyildir. Hansı ki, həmin sübutlar inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən məhkəməyə təqdim edilməli idi, ona görə ki, baş vermiş inzibati xətanın X4 tərəfindən törətdilməsini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Lakin işdə olan sənədlərə əsasən bu sübut olunmur. Beləliklə məhkəmə inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, belə hüquqi nəticəyə gəlir ki, X4 barədə gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəyə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 təqsirliliyi sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar