Məhkəmə qərarları › İş №3(050)-1208/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1208/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1208/2025 08.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə. xx xxx 1984-cü ildə Rusiya Federasiyası Novosibirski vilayətində doğulmuş, Masallı rayonu, Tüklə kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 2-48/2020 saylı, 15 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq 21 iyul 2017-ci il tarixdə anadan olmuş Dəniz adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 verilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 2-48/2020 saylı, 15 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq 21 iyul 2017-ci il tarixdə anadan olmuş Dəniz adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 verilməsi qət edilmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi üzrə borcunu ödəmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin borclu barəsində 2023-cü ildə inzibati qaydada protokol tərtib edilmiş və o, məhkəmə qərarı ilə 8 gün müddətə inzibati qaydada həbs edilmişdir. Borclu 2024-cü ilin iyun ayında 800 manat ödəniş etmiş, lakin sonradan ödəniş etmədiyinə görə barəsində axtarış elan olunmuşdur. Borclu ötən həftə borcundan 500 manat, bu gün isə 100 manat ödəmişdir. Hazırda borclunun aliment öhdəliyi üzrə 3450 manat ödənilməmiş borcu vardır. Tələbkar borcludan borcunun ödənilməsini tələb edir, borcluya vaxt verilməsinə razı deyildir. Şəxs barəsində axtarış verildiyi üçün polis tərəfindən tutularaq gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin müvafiq icra sənədi ilə ondan hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq 21 iyul 2017-ci il tarixdə anadan olmuş Dəniz adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 verilməsi qət edilmişdir. Tikinti sahəsində işləyir. 10 gün müddətində yağan yağışlar işlərin dayanmasına səbəb olmuşdur. Lakin artıq bir neçə gündür ki, yağışlar dayanmış və işə başlamışdır. İşlədiyi bu bir neçə günün pul ödənilmiş, oda dünən 100 manat pulu tələbkarın hesabına köçürmüşdür. Eləcədə 500 manatda ötən həftə ödəniş etmişdir. Həmçinin rəsmi nikahdan doğulmuş oğlu hərbi xidmətdə olduğu zaman xəstələnmiş, oda oğlunun müalicəsi üçün müəyyən köməkliklər etmiş və bununla bağlı xərcləri çıxmışdır. Həmçinin bundan sonra işlərini davam etdirib qazandığı əmək haqqından 3-4 gün müddətində 500 manat məbləğində yaranmış borcundan ödəyəcəkdir. Məhkəmədən ona vaxt verilməsini xahiş etdi. Müəyyən edilir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədə və qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 08 may 2025-ci il tarixdən, saat 17:25-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Əhədov X4 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar