Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1214/2024 29.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1975-ci ildə Masallı rayonu, Köhnə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2472/2021 saylı, 29 dekabr 2021-cı il tarixli icra sənədinə əsasən 12 avqust 2011 -ci il tarixində doğulmuş X3 və xx.xx.2015-ci il tarixində doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X5 ödənilməlidir. Borclu icra sənədləri üzrə üzərinə düşən öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-2472/2021 saylı, 29 dekabr 2021-cı il tarixli icra sənədinə əsasən isə 12950 manat borcu var. Borclu icra çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmişdir. Bundan başqa borcluya icraata başlamaq haqqında qərar, tələbin könüllü icrasına dair bildiriş göndərilmiş, tərəfdən izahatı alınmış və icra tələbinin icra edilməsi barədə onunla söhbət aparılmışdır. Lakin borclu indiyədək icra sənədini icra etməmişdir. Odur ki, qeyd edilən icra sənədi tam icra edilmədiyi səbəbindən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-2472/2021 saylı, 29 dekabr 2021-cı il tarixli icra sənədindən səhv etmirsə təxminən 2023-cü ilin avqust ayından məlumatlıdır. Barəsinə tərtib edilmiş inzibati protokolla razı deyildir. Beləki, o bir ata kimi övladlarının qayğısına qalmış, onların gündəlik tələbatlarını qarşılamışdır.Lakin keçmiş həyat yoldaşı qərəzli şəkildə icra sənədinin icra olunmaması barədə şikayətlər edir. Böyük qızı qan xərçəngindən əziyyət çəkir, onun müalicə və müayinəsi üçün hazırda faktiki nikahda olan həyat yoldaşı tərəfindən xəstəxanaya 800 manat pul köçürülmüşdür. Bununla belə övladlarına etdiyi bütün yardımları təsdiq edəcək hər hansı sübutu yoxdur. Ona vaxt verilərsə borcundan 1000 manat ödəyəcəkdir.Göstərilənləri nəzərə nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)-983/2022 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. 24 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2472/2021 saylı, 29 dekabr 2021-ci tarixli icra sənədinin icrası ilə əlaqədar yaranmış borcunu tələbkar X5 üzrsüz səbəbdən ödəmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, istifadəsində olan mobil telefonla əlaqə saxlanılmaqla inzibati xəta haqqında işə baxılması barədə mövqeyi öyrənilərkən məhkəmə iclasınının onun iştirak olmadan keçirilməsini xahiş etmiş, Şəxs icra sənədi üzrə övladlarına heç bir yardım göstərmədiyi, borcunu ödəmədiyi təqdirdə barəsində tədbir görülməsini bildirmişdir. Odur ki, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2472/2021 saylı, 29 dekabr 2021-cı il tarixli icra sənədi icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə təyin olunacaq inzibati tənbeh növünü müzakirə edərək qeyd edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, o cümlədən onun əvvəllər icra sənədləri üzrə öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün barəsində inzibati qaydada həbs tənbeh tədbiri seçilməsinə baxmayaraq, indiyədək icra sənədini üzrsüz səbəbdən icra etmədiyini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh növünün tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 29 may 2024-cü il tarixdən saat 13:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Tağıyev X7 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1214/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1214/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver