Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1215/2024 29.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1973-cü ildə Masallı rayonu, Türkoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olmaqla yaşayan; Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Hacıyev X6 Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(050)-259/2020 nömrəli icra sənədi üzrə icra tələbini üzürlü səbəb olmadan icra etməmişdir Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 29 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(050)- 259/2020 nömrəli icra sənədinə əsasən 06 avqust 2006-cı il təvəllüdlü X2 və 12 avqust 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 80 manat, cəmi 160 (bir yüz altımış) manat sabit pul məbləğində aliment Şəxs alınaraq X5 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə borclu tərəfindən heç bir ödəniş edilməmiş və hal- hazırda borclunun 8800 manat borcu vardır. Bundan başqa icra sənədi üzrə 2 dəfə borclunun yaşadığı ünvana icraata başlamaq haqqında qərar və tələbin könüllü icra edilməsi üçün bildiriş məktubu göndərilsə də, həmin sənədlər borcluya çatdırılmayaraq geri qayıtmışdır. Daha sonra borclunun barəsində axtarış elan edildikdən sonra o, xx.xx.2024-cü il tarixdə icra şöbəsinə gətirilərək icra sənədinin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərar təqdim edilmiş, izahatı alınmış və barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(050)-259/2020 nömrəli icra sənədi ilə bağlı rəsmi olaraq icra məmuru tərəfindən bu gün yəni xx.xx.2024cü il tarixdə məlumatlandırılmış və izahatı alınmışdır. O, məhkəmə icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmır. Belə ki, icra sənədi icra məmuru tərəfindən rəsmi olaraq məlumatlandırılmamışdır. Əgər məlumatlı olsa idi borcundan müəyyən ödənişlər etmiş olardı. Maddi vəziyyəti olduqca çətindir. Səhətində işləməsinə maneə olan ciddi problemləri var. Lakin, icra sənədi üzrə hər ay 50 manat ödəməyə hazırdır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə borclunu və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu Hacıyev X6 Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(050)-259/2020 nömrəli icra sənədindən xəbəri olmamışdır. İcra məmurunun və borclunun izahatlarından göründüyü kimi, borcluya icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş bu gün, yəni 29 may 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunarkən təqdim edilmişdir. Bundan əlavə məhkəmə iclasında verilmiş izahatlardan da aydın olur ki, borclu tələbin icrasından qərəzli olaraq yayınmamışdır. “İcra haqqında” qanunun 8.2-ci maddəsin əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğunu, borclu Şəxs aliment borcunu ödəməli olması ilə bağlı icra məmuru tərəfindən göndərilmiş icraata başlamaq haqqında qərar və bildiriş onun ünvanına çatmadığından belə qənaətə gəlir ki, borclu Şəxs aliment borcunu ödəməməsi qərəzli olmamışdır. Şəxs məhkəmə iclası zamanı izahatında hazırda aliment borcunu ödəyəcəyinə söz vermişdir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev.
Məhkəmə qərarları › İş №3(050)-1215/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1215/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver