Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1235/2025 12.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1972-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 12 may 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-183/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli icra sənədindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X7 izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-183/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs maddi ziyana görə 43651 manat pul və torpaq sahəsinə görə verilmiş 11000 manat, cəmi 54651 manat və ödənilmiş 346,95 manat dövlət rüsumu alınaraq X1 verilməlidir. Cavabdeh Şəxs iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 100 (bir yüz) manat X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. İcra sənədini üzrə heç bir ödəniş etmədiyi üçün Masallı Rayon Məhkəməsinin 3(050)-714/2025 saylı, 01 aprel 2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bundan sonra borcluya icra üçün yeni müddət təyin olunmasına baxmayaraq çağırışlara gəlməmiş və təqdim etdiyi 3 ədəd mobil nömrələrə zəng çatmamışdır. Əmək haqqından 50 faiz tutulma aparılması üçün icra sənədi iş yerinə göndərilsə də, borclu özü mühasib olduğundan əmək haqqından tutma aparılmasını təmin etməmişdir. Borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, o hal-hazırda anbardar işləyir. əvvəlki və hazırda verdiyi izahatında bildirmişdir ki, bacısının adına olan evi may ayının 30-da sataraq bacısına olan pulu ödəyəcəkdir. Buna baxmayaraq məhkəmə onu əsassız olaraq inzibati məsuliyyətə cəlb etmişdir. Həmin cəriməni də, ödəməmişdir. Bacısına məsxus evi satmaq üçün vaxt verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməs iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı rayon Məhkəməsinin 2(050)-183/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs maddi ziyana görə 43651 manat pul və torpaq sahəsinə görə verilmiş 11000 manat, cəmi 54651 manat və ödənilmiş 346.95 manat dövlət rüsumu alınaraq X1 verilməlidir. Cavabdeh Şəxs iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 100 (bir yüz) manat X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 28 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-183/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun 29 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs bildirişi 01 aprel 2025-ci il tarixdə imzası ilə təsdiq edərək qəbul etmişdir. - Şəxs 01 aprel 2025-ci il tarixli izahatından görünür ki, qətnamədən şikayət etmək üçün vəkilə müraciət etmiş, lakin müddət ötürülmüş, 2(050)-183/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli icra sənədi olması barədə ona telefon vasitəsilə icra məmuru cari ilin fevral ayında xəbər vermiş, qətnamədən sonra heç bir ödəniş etməmişdir. - Masallı Rayon Məhkəməsinin 3(050)-714/2025 saylı, 01 aprel 2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin 12 may 2025-ci il tarixli bildirişdən görünür ki, borclu məhkəmə icra sənədinin icra etmədiyi halda ilkin olaraq inzibati qaydada görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. - Şəxs 12 may 2025-ci il tarixli izahatından görünür ki, hüquq və vəzifələri ona izah olunmuş, ev satılandan sonra cari ilin may ayının sonunadək borcunu tam şəkildə ödəyəcəyi barədə vəd vermişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin 06 may 2025-ci il tarixli axtarışın elan edilməsi haqqında qərarından görünür ki, xx xxxxxx 1972-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin 12 may 2025-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs barəsində açılmış axtarış işinə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar və İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, hazırda tələbkara olan borcundan ödəniş aparmaq niyyətində olmadığını, hazırda özünün də, bildirdiyi kimi Masallı Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təyin edilmiş 500 (beş yüz) manat məbləğində inzibati cəriməni ödəməməsini, inzibati məsuliyyətə cəlb olunduqdan sonra da, icra məmurunun çağırışlarına heç bir üzürlü səbəb olmadan gəlməməsini, barəsində axtarış elan olunmasını, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətməsini nəzərə alaraq, İXM-nin 528.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 12 may 2025-ci il tarixdən, saat 14:25-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 12 may 2025-ci il tarixdən, saat 14:25-dən hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1235/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1235/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver