Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1255/2024 05.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi Məmmədov Fuad Əziz oğlunun, Zərərçəkmiş şəxs Nəzərov Əşrəf Əbdüləzim oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Vəliyev Sakit Şəkər oğlunun iştirakları ilə, 08.10.1968-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, DOST MMC-də işləyən, II dərəcəli əlil, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 49, mənzil 12 ünvanında qeydiyyatda olan və yaşayan, Vəliyev Sakit Şəkər oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Masallı Rayon Polis şöbəsindən daxil olmuş 05.06.2024-cü il tarixli, MN seriyalı, 1945106 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Vəliyev Sakit Şəkər oğlu 07.12.2024-cü il tarixdə Nəzərov Əşrəf Əbdüləzim oğlunu vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi Məmmədov Fuad Əziz oğlu məhkəmə iclasında bildirdi ki, 07.12.2023cü il tarixdə saat 13:00 radələrində Masallı rayonu, Kubin kəndində yaşayan Vəliyev Sakit Şəkər oğlu və Masallı rayonu, Şatroba kənd sakini Nəzərov Əşrəf Əbdüləzim oğlu Masallı rayonu, Şatroba kəndində yerləşən Nəzərov Əşrəf Əbdüləzim oğluna məxsus olan fərdi yaşayış evində və həyətində şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, daha sonra mübahisə münaqişəyə çevrilmişdir. Sakit Vəliyev, Əşrəf Nəzərovu döyərək bədən xəsarətləri yetirmişdir. Araşdırma zamanı toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Lakin, Vəliyev Sakit Şəkər oğlu Nəzərov Əşrəf Əbdüləzim oğlunu döyərək ona qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi təsdiq edildiyindən əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Bu səbəbdən Vəliyev Sakit Şəkər oğlunın barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Vəliyev Sakit Şəkər oğlu izahatında göstərdi ki, o, Nəzərov Əşrəf Əbdüləzim oğluna qaytarmaq şərti ilə dəmir tor (setka) vermişdir. Lakin xeyli vaxt keçməsinə baxmayaraq həmin dəmir torları (setkaları) geri verməmiş və buna görədə 07.12.2023-cü il tarixdə onların həyətinə getmişdir. Əşrəf Nəzərovun arvadı Xanımdan ərinin harada olmasını soruşmuşdur. Xanım bildirmişdir ki, əri Əşrəf Nəzərov evdə yoxdur. Bir müddət keçdikdən sonra o, yenədə evin arxasına keçmiş ki, Xanımdan soruşsun ki, əri Əşrəf Nəzərov haradadır. Həmin zaman Əşrəf Nəzərovu evinin pəncərəsində görmüşdür. Əşrəf Nəzərov onu görən kimi kobud ifadələr işlətməyə başlamışdır. Əşrəf Nəzərovun səsinə qardaşı Eldəniz Vəliyev gəlmişdir. Əşrəf onu və qardaşı Eldənizi gördükdən sonra qaçıb gizlənmişdir. Onun heç bir günahı yoxdur. Barələrində olan şikayətlər tam əsassızdır. Bununla belə o, Ə.Nəzərovla barışmağa hazırdır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Nəzərov Əşrəf Əbdüləzim oğlu izahatında göstərdi ki, 07.12.2023-cü il tarixdə Sakit Vəliyev və qardaşı onun bədəninin müxtəlif yerlərinə yumruqla vuraraq xəsarət yetirmişlər. Bundan başqa Sakit onunla tez-tez mübahisələr yaratmış və o, bu mübahisələrdən bezmişdir. Hazırda Sakitlə barışmaq istəmir və məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. Cinayət işinin rədd edilməsi barədə 28.12.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Vəliyev Sakit Şəkəroğlunın əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Vəliyev Sakit Şəkər oğlu barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icraatın açılmasında ötrü material üzrə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materillarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Rəhimova Xanım Mürüvvət qızının ibtidai Masallı Rayon Polis Şöbəsində izahatında göstərilmişdir ki, “07.12.2023-cü il tarixdə ərim Nəzərov Əşrəf Əbdüləzim oğlu DİN-nin 102 xidmətinə eləcə də Masallı RPŞ-nin Boradigah PB-nə etdiyi müraciət ilə tanış oldum. Bununla əlaqədar onu qeyd edə bilərəm ki, Sakit Vəliyevi və qardaşı Eldəniz Vəliyevi təxminən 15 ildir ki, tanıyıram və onlarla aramızda heç bir münaqişə və düşmənçilik olmayıb. Sakit Vəliyevin arvadı Dünyabəyim Vəliyevə bizim çəpər qonşumuzdur. 05.06.2023-cü il tarixdə Sakit Vəliyev Bakı şəhərindən arvadı Dünyabəyimin ata həyətinə dəmir turbalar, dəmir torları (setkaları), azbes şeferləri və azbes turbaları kamaz markalı avtomobilə gətirmişdir. Sakit Vəliyev mənim ərim Nəzərov Əşrəf Əbdüləzim oğluna dedi ki, bu avtomobildə olan tikinti mallarını boşalt bu mallardan sənə də verərəm. Ərim Nəzərov Əşrəf Əbdüləzim oğlu da həmin tikinti mallarını avtomobildən boşaltdı. Sakit Vəliyev də, ərim Əşrəfə 7 ədəd dəmir köhnə tor (setka), 1 ədəd azbes turba və 15 ədəd azbes şefer verdi. Ərim Əşrəf də 16.06.2023-cü il tarixdə qızım Elnurə Nəzəriovaya toy məclisi etdi. Sakit Vəliyev bizim toy məclisinə gəlmədiyi üçün ərim Əşrəf zəng edib Sakit Vəliyev dedi ki, toyun pulunu göndər. Sakit Vəliyev ərim Əşrəfə demişdi ki, sənə toy pulu verməyəcəm və sənə nə vermişəm onları toy puluna çıx. Ərim Əşrəf də daha Sakit Vəliyevə heç bir söz demədi. 07.12.2023cü il tarixdə saat 13:00 radələrində yaşadığım evdə idim və həmin zaman Eldəniz adlı şəxs bizim həyətə girdi və ərim Əşrəfi soruşdu. Mən Eldənizə dedim ki, ərim Əşrəf yatıb. Eldəniz qayıdıb həyətdən çıxdı. Eldəniz həyətdən çıxdıqdan 2-3 dəqiqə sonra həyətə Sakit girdi və ərim Əşrəfi soruşdu. Mən Sakitə də, ərim Əşrəfin yatdığını dedim. Mən Sakitə ərim Əşrəfin yatmasını desəm də, Sakit evin qapısını açıb pilləkənlərlə yuxarı çıxmağa başladı. Mən Sakitə dedim ki, evə girmə çöldə dayan. Həmin zaman bizim səsimizə ərim Əşrəf ayıldı və evin içərisindən eyvana çıxdı, gördü ki, Sakit mənimlə mübahisə edir və evə girməyə çalışır. Ərim Əşrəf, Sakitə yaxınlaşıb sinəsində arxaya itələdi ki, niyə icazəsiz evə girirsən. Həmin zaman Eldəniz də onların mübahisəsinə gəlib pilləkənə girdi. Ərim Əşrəfi, Eldəniz və Sakit döyməyə başladı. Ərim Əşrəf, Eldənizi və qardaşı Sakiti güclə evin pilləkəninin qapısından həyətə çıxarıb evin qapısını örtdü və pilləkənlə evə çıxdı. Həmin zaman gördük ki, Eldəniz əlində şefer parçası ilə evin ikinci mərtəbəsinə pəncərə ilə çıxır. Ərim Əşrəf gördü ki, Eldəniz və qardaşı Sakit onu döyəcəklər tez evin arxa pəncərsindən özünü yerə tulayıb, qonşum Zaman Nəzərovun həyətinə qaçdım və polisə zəng edib şikayət etdim. Ərim Əşrəf şikayət etdikdən sonra Sakit və qardaşı Eldəniz həyəti tərk edib getdilər.” Təhqiqatçının əriniz Əşrəfi həmin zaman kimlər döydülər və hansı nahiyyələrinə vurdular sualına Rəhimova Xanım Mürüvvət qızı ərim Əşrəfi, Sakit və qardaşı Eldəniz döydü. Ərim Əşrəfin üz nahiyyəsinə yumruq, şillə ilə vurdular ayaq nahiyəsinə isə təpiklə vururdular, Eldəniz və qardaşı Sakit deyə cavab olaraq bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin məhkəmə tibbi ekspertinin 11.12.2023-cü il tarixli, 1177 nömrəli rəyindən görünür ki, Nəzərov Əşrəf Əbdüləzim oğlunda döş qəfəsinin sağ yan hissəsinin və sağ diz nahiyyəsinin sıyrıqları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 07 dekabr 2023-cü il tarixinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Vəliyev Sakit Şəkər oğlu 2-ci dərəcəli əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibati xəta haqqında iş üzrə sübut edilməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Vəliyev Sakit Şəkər oğlu barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Vəliyev Sakit Şəkər oğlunun əməli zərərçəkmiş Nəzərov Əşrəf Əbdüləzim oğlunun məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Vəliyev Sakit Şəkər oğlunun özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vəliyev Sakit Şəkər oğlunun əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, Vəliyev Sakit Şəkər oğlunun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, 2-ci dərəcəli əlil olmasını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Vəliyev Sakit Şəkər oğlu barəsində inzibati qaydada cərimə cəzası tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Vəliyev Sakit Şəkər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar icra edilməsi üçün Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1255/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1255/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver