Məhkəmə qərarları › İş №3(050)-1259/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1259/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1259/2024 10.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nın polis sahə rəisi, polis kapitanı Balakişiyev Orxan İsa oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sadıqov Cavid Rza oğlunun, Zərərçəkmiş şəxs Talıbov Eldar Abı oğlunun iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-08.02.1982-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, C.Cabbarlı küçəsi ev 30/3 ünvanında yaşayan; Sadıqov Cavid Rza oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Sadıqov Cavid Rza oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir ona görə ki, o, 08.04.2024-cü il tarixdə Təzəkənd kəndində fərdi yaşayış evinin çölündən elektrik naqilləri oğurlayaraq 340 manat maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nın polis sahə rəisi, polis kapitanı Balakişiyev Orxan İsa oğlu izahatında göstərdi ki, 09.04.2024-cü il tarixdə Masallı rayonu Təzəkənd kənd sakini Talıbov Eldar Abı oğlunun yeni tikilməkdə olan fərdi yaşayış evinə çəkmiş olduğu elektrik naqillərini 07.04.2024-09.04.2024-cü il tarixləri aralığında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə DİN-in 102 xidməti zəng mərkəzinə və həmçinin Masallı RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsus yarımtikili evdə 340 manat dəyərində elektrik naqillərin oğurlanmasını bildirmişdir.Talıbov Eldar Abı oğlunun müraciəti əsasında araşdırma aparılmış və araşdırma zamanı toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Masallı rayon Təzəkənd kəndində yaşayan Talıbov Eldar Abı oğluna məxsus yeni tikilməkdə olan fərdi yaşayış evinin çöl hissəsinə çəkilmiş elektrik naqillərini oğurlayan naməlum şəxs və ya şəxslərin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğu üçün, həmin şəxs və ya şəxslərin müəyyən edilərək inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin aidiyyəti xidmətinə göndərilmişdir. Aparılmış araşdırma əsasən Sadıqov Cavid Rza oğlu oğurluqdan sübhəli bilinərək Masallı rayon polis şöbəsinə dəvət edilmiş və izahatı alınmışdır. Sadıqov Cavid Rza oğlu izahatında oğurluq əməlini törətdiyini etiraf etmiş və barəsində inzibati qaydada protokol tərtib edilərək Masallı Rayon Polis Şöbəsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sadıqov Cavid Rza oğlu məhkəmə iclasında əvvəlcə izahatında göstərdi ki, o, 5 nəfər tanışı ilə birlikdə Masallı rayonu, Təzəkənd kəndinə balıq tutmağa getmişlər. Balıq tutduqları ərazidə o və yoldaşları içki qəbul etmişdir. Bir qədər müddət keçdikdən sonra o, tanışlarından uzaqlaşmışdır. Qayıdan zaman yolunun üzərində yarımtikli olan həyətə daxil olmuş və həyətdə tövlə görmüş həmin tövlənin qarşısında dairəvi şəkildə yığılmış elektrik naqilini götürmüş, kisəyə qoyaraq ordan uzaqlaşmışdır. Həmin naqilləri tanımadığı şəxsə dəyər-dəyməzə satmışdır. Tanımadığı şəxs dedikdə keçmiş qonşusu Fəxrəddin adlı şəxsi nəzərdə tutur. O, uzun illərdir ki, Bakı şəhərində yaşayır və Masallı şəhərinə ara-sıra gedib gəlir. Oğurluq edən vaxtı içkili olmuş bəzi şeyləri tam xatırlamır. Lakin dəqiqliklə bilir ki, oğurluq etdiyi ev Talıbov Eldar Abı oğluna məxsusdur. Evin həyətə girişinin qapısı yox idi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sadıqov Cavid Rza oğlu 10.06.2024-cü iş tarixdə keçirilən məhkəmə iclasında izahatında göstərdi ki, O, əsəb xəstəsidir. Zərərçəkmiş şəxs Talıbov Eldar Abı oğlunun evində oğurluq etməmiş və onun evinin yolunuda heç tanımır. O, əsəb xəstəsi olduğu üçün oğurluq əməlini törətməsi ilə bağlı etirafedici ifadə vermişdir. Göstərilənləri nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Talıbov Eldar Abı oğlu izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sadıqov Cavid Rza oğlu evindən oğurluq edən şəxs deyil. Belə ki, onun evi yarımtikli deyil, tam şəkildə tikilimiş damı örtürülmüşdür. Evinin həyətinin giriş qapısı vardır. Bundan başqa evinin həyətində tövlə yoxdur ki, qarşısına kabeli yumru şəkildə qoyulmuş olsun. Onun kabelləri evinin divarlarından səliqəli şəkildə sökülərək aparılmış, tövlənin qarşısından götürülməmişdir.Göstərilənləri nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan E.Talıbov tərəfindən imzalanmış ərizədən görünür ki, onun Masallı rayonu, Təzəkənd kəndində yeni tikilməkdə olan evinin elektrik naqillərini namaəlum şəxs və şəxslər 07.04.2024-cü il tarixdən 09.04.2024-cü il tarixləri arasında oğurlamışlar. Həmin şəxslərin tapılıb məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. 09.04.2024-cü il tarixli baxış keçirmə haqqında protokoldan görünür ki, Masallı rayonu, Təzəkənd kəndində yerləşən Talıbov Eldar Abı oğluna məxsus fərdi yaşayış evinə baxış keçirilmiş və Eldar Talıbovun evinin çöl hissəsinə çəkilmiş elektrik naqillərin oğurlanması aşkar edilmişdir. Hadisə yerindən foto şəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05.01.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, lakin əməldə İXM-nın 227-ci maddəsinin tərkibi olduğuna görə həmin şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün qərarın surəti Masallı RPŞ-yə göndərilmişdir. İnzibati Xətalar Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə haırkı iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Sadıqov Cavid Rza oğlunun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati icraat aparılan şəxs C.Sadıqov ilkin izahatında Talıbov Eldar Abı oğlunun məxsus yarımtikili olan həyətə daxil olduğunu və həmin həyətdə yarımtikidən başqa tövlənin olmasını, həmin tövlənin qarşısında dairəvi şəkildə bükülmüş elektrik naqilini götürdüyünü bildirir. Halbuki, məhkəmə iclasında zərərçəkmiş şəxs ona məxsusu evin yaımtikili olmadığını evinin tam tikildiyini, damının örtüldüyünü, bundan başqa fərdi yaşayış evinin həyətində isə tövlə olmadığını, oğurlanmış elektrik naqillərinin fərdi yaşayış evinin divarlarından səliqəli şəkildə sökülərək aparılmasını bildirir. İş materiallarında olan hadisə yerinə baxış keçirmə haqqında protokolda oğurluq hadisəsinin fərdi yaşayış evinin çöl hissəsinə çəkilmiş elektrik naqillərinin oğurlanması göstərilmişdir. Eləcədə iş materiallarına əlavə edilmiş fotoşəkillərdəndə törədilmiş oğurluq hadisənin obyekti kimi fərdi yaşayış evinin fotosu çəkilmişdir. Həmçinin təhqiqat araşdırma materillarında fərdi yaşayı evinin həyətində tövlənin olması və oğurluq hadisənin tövlənin qarşısında olmasını təsdiq edən hər hansı hallar öz əksini tapmamışdır. Bütün bu ziddiyyətli məqamlar inzibati xətanın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sadıqov Cavid Rza oğlu tərəfindən törədilməsi şübhə yaradır.Eləcədə Sadıqov Cavid Rza oğlu hadisə yerinin düzgün təsvir edə bilməməsi, məhkəmədə ona verilən sullardan yayınaraq ikçili olmasını və baş verənlərin yaddaşında qalmadığını bildirməsi, “yalnız onu bilirəm ki, oğurluq hadisəsini mən etmişəm deməsi baş vermiş hadisənin onun tərəfindən törədilməsin inandırıcı görünmür. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sadıqov Cavid Rza oğlunun ilkin etirafedici ifadə verməsini sübüt kimi möhtəbər hesab etmir. Belə ki, zərərçəkmiş şəxsin izahati, baxış keçirmə haqqında protokol, ona əlavə edilmiş fotoşəkillər və iş materiallarında olan digər sübütlarla inzibati xətanın Sadıqov Cavid Rza oğlu tərəfindən törədilməsi halı tam təkzib olunur. Beləliklə məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Sadıqov Cavid Rza oğlu barədə gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verili Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs Sadıqov Cavid Rza oğlu barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta sübuta yetmədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53.2, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDIM: Sadıqov Cavid Rza oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar