Məhkəmə qərarları › İş №3(050)-1261/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1261/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1261/2024 10.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Masallı şəhəri, Seybətin küçəsi, ev 3-də qeydiyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 24 may 2024-cü il tarixdə saat 11:36 radələrində idarə etdiyi Mercedes 220 minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi əsasında idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış yoxlama zamanı məlum olmuşdur ki, Şəxs nəqliyyat vasitəsini il ərzində təkrar olaraq sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, hərəkətdə olduğu zaman saxlanılmış və ona içkili olduğu deyilərək Masallı RPŞ-yə gətirilmişdir. Təxminən günortaya yaxın olardı ki, saxlanılmışdır, alkotestrın nəticəsində saatı qeyd edilmişdir. Orada alkotestrdə keçirilmiş və içkili olduğu bildirilmişdir. Daha sonra şöbədə sənədləşdirmə işləri aparılmış və barəsində protokol tərtib olunaraq onu buraxmışlar. Lakin avtomobili şöbədə qalmışdır. Təxminən saat 13:30da polis şöbəsindən çıxmışdır. Şöbədən çıxdıqdan sonra müayinə olunması üçün Lənkəran şəhərində yerləşən xəstəxanaya getmişdir. Lakin nahar vaxtı olduğu üçün müayinə oluna bilməmişdir. Nahardan sonra təkrar olaraq xəstəxanaya müraciət etmiş və orada analiz verərək tibbi müayinədən keçmişdir. Müayinənin cavabını gətirmişdir və orada onun sərxoş olmadığı qeyd edilmişdir. Lakin müayinədən keçdiyi saat yadında qalmamışdır. Polis şöbəsində olduğu zaman izahatı özü yazmışdır, lakin ona diktə olunaraq yazmışdır və həmin izahatında da spirtli içki içmədiyini qeyd etmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 3(050)-939/2024 saylı xx.xx.2023cü il tarixli qərarından görünür ki, Şəxs 03 iyun 2023-cü il tarixdə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İşdə olan 24 may 2024-cü il tarixdə qeyd edilmiş alkotestrdən görünür ki, Şəxs avtonəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmuşdur (alkoqolun miqdarı 1,349%). Şəxs tərəfindən təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında 24 may 2024-cü il tarixli 000740 saylı protokolda qeyd olunmuşdur ki, 24 may 2024-cü il tarixdə, saat 16:15-də Şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri inzibati materiala əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs 24 may 2024-cü il tarixdə, saat 16:15-də sərxoş vəziyyətində olmadığını bildirən aktın mövcudluğu, həmin şəxsin eyni tarixdə, saat 12:10-da birmənalı olaraq sərxoş vəziyyətdə olmadığını deməyə əsas vermir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs oğlunun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edərkən yol patrul xidməti inspektoru və həmin qərara baxılması ilə bağlı məhkəmənin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar:

1. Masallı Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin inspektoru tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tərtib olunmuş 24 may 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o, 24 may 2024-cü ildə saat 11:36-da «Mercedes 220 minik» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində Masallı şəhəri H.Əliyev prospektində idarə etmişdir.

2. Alkoqollu içkidən istifadənin nəticəsini heç bir kənar təsir (insan və ya hər hansı elekron) olmadan kağız daşıyıcıda əks etdirən texniki vasitə hesab olunan alkotesterin 642591 nömrəli qəbzindən görünür ki, 24 may 2024-cü il tarixdə Şəxs nəfəsində alkoqolun konsentrasiyası 1,349% olmuşdur (şəxsin alkoqol sərxoşluğu vəziyyətində olması üçün 0,300 promilli kifayət edir). Şəxs həmçinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş 24 may 2024-cü il tarixli 000740 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nın sübut kimi qəbul edilməməsini mübahisələndirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır». Şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etmədiyi, əksinə 24 may 2024-cü il tarixli 642591 nömrəli alkotesterin qəbzinə əlyazma qaydasında “alkotestr nəticəsilə tanış oldum” qeydini aparmış və imzasını icra etmişdir. Məhkəmə Şəxs Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş 24 may 2024-cü il tarixli 000740 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi protokolu”na münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 76.2-ci maddəsinə əsasən «Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir». «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi» Qaydalarında şəxsin öz təşəbbüsü ilə sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair həkim müayinəsindən və ya digər yoxlanışdan keçməsi nəzərdə tutulmamışdır. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən şəxs zərurət olduqda polis əməkdaşı tərəfindən tibbi müayinəyə göndərilir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına əsasən hesab edir ki, Şəxs öz təşəbbüsü ilə əldə etdiyi qeyd olunan 24 may 2024-cü il tarixli 000740 nömrəli akt «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi» Qaydalarına uyğun əldə edilmədiyi üçün hazırkı işə üzrə sübut sayıla bilməz. Buna görə də, Şəxs məhkəmə iclasında mübahisələndirdiyi bu dəlil də əsassız hesab olunur. Qeyd olunanlar, eləcə də, iş üzrə toplanmış sübutların məcmusu ilə inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisənin baş verməsi, həmin xətanın törədilməsində Şəxs da təqsirli olması sübuta yetirilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar