Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1277/2024 21.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbaova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bağırov Zahir Həmzalı oğlunun, Zərərçəkmiş şəxs Əliyeva Esmira Xıdır qızının, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsənov İlkin Qiyas oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 29 dekabr 1988-ci ildə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan. Bağırov Zahir Həmzalı oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 12.12.2023-cü il tarixli, 2(003)-3934/2023 nömrəli icra sənədinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 05.11.2015-ci il tarixli, 2(073)-2429/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Bağırov Zahir Həmzalı oğlundan iddiaçı Əliyeva Esmira Xıdır qızının xeyrinə 27.12.2009-cu il təvəllüdlü Bağırov Aşur Zahir oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Lakin borclu Bağırov Zahir Həmzalı oğlu icra sənədi üzrə yaranmış borcunun ödənilməsini tam olaraq həyata keçirməmişdir. Bağırov Zahir Həmzalı oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsənov İlkin Qiyas oğlu izahatında göstərmişdir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 12.12.2023-cü il tarixli, 2(003)-3934/2023 nömrəli icra sənədinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 05.11.2015-ci il tarixli, 2(073)-2429/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Bağırov Zahir Həmzalı oğlundan iddiaçı Əliyeva Esmira Xıdır qızının xeyrinə 27.12.2009-cu il təvəllüdlü Bağırov Aşur Zahir oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır.Bağırov Zahir Həmzalı oğlunun hazırda 1900 manat borcu yaranmışdır. Borclu əvvəllər aliment borcunu vaxtında ödəsə də, lakin 2024-cü ilin yanvar ayından bu vaxta qədər bir dəfə aliment borcundan ödənişlər etmişdir. Ona görə də barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Hazırda borclu icra sənədi üzrə yaranmış 1900 manat borcdan 1392 manat ödəniş etmiş, qalan borcunu da iki ay ərzində ödəməklə tamamlayacağını söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bağırov Zahir Həmzalı oğlu izahatında göstərmişdir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 12.12.2023-cü il tarixli, 2(003)-3934/2023 nömrəli icra sənədindən məlumatlıdır. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır və hər ay aliment borcunu ödəməyə etiraz etmir. İcra sənədi üzrə yaranmış 1900 manat borcundan 1392 manat ödəniş etmiş, qalıq borcu da iki ay ərzində ödəməklə tamamlayacaqdır. Hal-hazırda borcunu tam ödəyə bilmir. Borcunu tam ödəyə bilməməsinin səbəbi, icradan qərəzli olaraq yayınmaq deyil, maddi imkansızlığıdır. İşləyir aylıq 400 manat əmək haqqı alır, barəsində həbslə əlaqədar inzibati tənbeh tədbiri verildiyi təqdirdə iş yerini itirmək ehtimalının olmasının nəzərə alınmasını və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Əliyeva Esmira Xıdır qızı izahatında göstərmişdir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 12.12.2023-cü il tarixli, 2(003)- 3934/2023 nömrəli icra sənədindən məlumatlıdır. Hazırda Bağırov Zahir Həmzalı oğlunun ona icra sənədi üzrə borcundan 392 manat ödəniş etmişdir. Ona məhkəmə iclasında verilən 1000 manat aliment borcunu qəbul etmir. O borcunu tam şəkildə istəyir. Borcunun tam ödənilmədiyi təqdirdə Bağırov Zahir Həmzalı oğlu barəsində həbslə əlaqədar inzibati tənbeh tədbiri verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 12.12.2023-cü il tarixli, 2(003)-3934/2023 nömrəli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 11 iyun 2024-cü il tarixli, MN seriyalı, 1748358 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bağırov Zahir Həmzalı oğlu Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2429/2015 saylı və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 12.12.2023-cü il tarixli, 2(003)-3934/2023 nömrəli icra sənədlərinin icrasını tam təmin etmədiyindən barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə borclunu və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu əvvəllər müntəzəm olaraq ödənişlər etmiş, lakin maddi imkansızlıq səbəbindən sonradan ödənişlər edə bilməmişdir. Lakin barəsində protokol məhkəmə iclasında daxil olduqdan sonra İcra sənədinin icrasına cəhd etmiş və yaranmış 1900 manatdan 1392 manat aliment borcunu ödəmiş, qalıq 508 manat borcunu da iki ay ərzində ödəyərək yekunlaşdıracağına söz verir. Bundan başqa borclunun adında hər hansı əmlak olmadığından tələbin bir dəfəlik olaraq ödənilməsini icra edə bilmir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Məhkəmə qeyd edir ki, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə, hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Bağırov Zahir Həmzalı oğlu barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1277/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1277/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver