Məhkəmə qərarları › İş №3(050)-1280/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1280/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1280/2025 14.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Masallı rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(003)-499/2024 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 180 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmalıdır. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 180 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmalıdır. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 180 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmalıdır. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzrsüz səbəblərə görə icra etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X9 məhkəmə iclasında bildirdi ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(003)-499/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə icra məmuru İlkin Həsənovun icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında Qərar qəbul etmiş və o borclunu icra şöbəsinə dəvət etmiş icra sənədi üzrə öhdəliklərini yertinə yetirməli olduğunu demişdir. Borclu icra məmuruna tələbkarla bir yerdə yaşadığını və barışıq üçün ona vaxt verilməsini xahiş etmişdir. Öz növbəsində borcluda icra sənədi üzrə aliment borcunu tələb etməmişdir. İcra Məmuru İlkin Həsənovdan sonra iş onun icraatına daxil olmuşdur. 2024cü ilin oktyabr ayından sonra borclu icra sənədi üzrə yaranmış aliment borcundan tələb etməyə başlamışdır. Əlavə olaraq onuda qeyd edir ki, tərəflər birgə yaşayırlar. Məhkəmə iclasında zamanı 500 manat tələbkarın kartına pul köçürmüşdür. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(003)-499/2024 saylı icra sənədindən məlumatlıdır. Tələbkarla ilə rəsmi nikahı pozulsa da bilikdə yaşayırlar. Uşaqların tələbatlarını bütün xərclərini o, qarşılayır. Tələbkar uşaqlara baxmır, evə gec gəlir. O, hazırda 500 manat manat tələbkarın kart hesabına ödəniş etmiş, qalan pulu tez bir zamanda ödəməklə yekunlaşdıracağına söz verir. Bundan başqa 2 ay olar ki, işə qəbul olunmuşdur. Sədrlik edənin təşəbbüsü ilə zərərçəkmiş şəxslə əlaqə saxlanılmış, o borclu ilə birlikdə yaşadığını, borclunun uşaqlara yaxşı baxmadığını, uşaqların bəzi tələbatlarını qarşılamadığını, bugünədək aliment borcunu ödəmədiyini, borcunu tam tələb etdiyini, ödəmədiyi təqdirdə barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(003)-499/2024 saylı icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 14 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(003)- 499/2024 saylı icra sənədinin icrasını tam təmin etmədiyi üçün barəsində inzibati protokol tərtib edilmişdir. Elektron çıxarışdan görünür ki, Şəxs 400 manat əmək haqqı alır. Məhkəmə borclunu və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; və icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi;. 65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. 65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. 65.3. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. 65.4. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından Şərh Edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə hesab edir ki, borclu barəsində inzibati protokol tərtib edilənədək icra məmuru tərəfində icra sənədinin icrasını təmin etmək baxımından bütün mümkün digər icra tədbirlərini həyata keçirməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Şəxs 400 manat əmək haqqı alır, belə olan halda tələbin borclunun əmək haqqına yönəlmə imkanı olmuşdur. Lakin icra məmuru bu imkandan istifadə etməyərək, Şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Ona görədə məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar