Məhkəmə qərarları › İş №3(050)-1283/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1283/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1283/2023 01.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı Rayon İcra Hakimiyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin böyük məsləhətçisi X2 tərəfindən Masallı Rayon İcra Hakimiyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş protokol baxılması üçün məhkəməyə təqdim olunmuşdur. İnzibati xəta haqqında 31 iyul 2023-cü il tarixli, MN № ******* saylı protokoldan görünür ki, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən Masallı şəhəri, Digah massivində sifarişçisi X5 olan qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmiş, lakin sənədlər qanunla müəyyən edilmiş müddətdə Reyestrə daxil edilməsi üçün komitəyə təqdim edilməmişdir. Məhkəmə iclasında barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı şəhəri, Digah massivində sifarişçisi X5 olan qeyri-yaşayış obyektinin tikintisinə şöbə tərəfindən icazə verilmiş, lakin işçi çatışmazlığı və bu barədə ona məlumat verilmədiyindən sənədlər qanunla müəyyən edilmiş müddətdə komitəyə təqdim edilməmişdir. Sonda Şəxs qeyd olunanların nəzərə alınmasını xahiş etdi. İşə baxılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. 06 iyul 2023-cü il tarixli, 04 saylı obyektin tikintisinə icazə sənədindən görünür ki, X3 məxsus Masallı şəhəri, Digah yaşayış massivində yerləşən 0.5822 ha torpaq sahəsində tikiləcək istehsal sexi (talvar) və ofis binalarının tikintisinə Masall Rayon İcra Hakimiyyəti başçısı tərəfindən icazə verilmişdir. İş materiallarında olan Masall Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış 12 iyul 2023-cü il tarixli, 5-66/2-1521/2023 saylı məktubdan görünür ki, Masallı şəhəri, Digah yaşayış massivində X3 məxsus olan 0.5822 ha torpaq sahəsində tikiləcək istehsal sexi (talvar) və ofis binalarına tikintiyə icazə verilməsi üçün layihə sənədləri və lazımi rəylər alınmışdır. Həmin layihə sənədləri və rəylər əsasında Masallı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən obyektin tikintisinə icazə və tikintiyə icazə barədə xüsusi nişan sənədləri təsdiq olunmuşdur. Həmin sənədlərin bir nüsxəsi və digər zəuri sənədlərlə məlumat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir. 31 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin 1 saylı ərazi üzrə sektorunun byük məsləhətçisi X2, 2 saylı ərazi sektorunun müdiri X1 və Masallı Rayon İcra Hakimiyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Şəxs iştirakları ilə tərtib edilmiş aktda göstərilir ki, tikintilərin Dövlət reysterinə sənədlərin daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Masallı Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-66/2-1521/2023 nömrəli məktubunda qeyd olunan Masallı rayonu, Digah massivində sifarişçisi X4 olan qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsinə dair təqdim edilən sənədlər şəhərsalma nəzarəti qaydasında araşdırılmış, məlum olmuşdur ki, obyektin tikintisinə xx.xx.2023-cü il tarixdə icazə verilmişdir. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrin aparılması Qaydaları” nın tələblərinə əsasən tikintisinə icazə verilən obyekt barədə sənəd və məlumatlar Komitəyə qanunla müəyyən edilmiş müddətdə təqdim edilməmişdir. Masall rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 75 saylı əmrindən görünür ki, Masallı Rayon İcra Hakimiyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün 1 günlük Bakı şəhərinə ezam olunmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Eyni Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-in 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Eyni Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 106-115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar