Məhkəmə qərarları › İş №3(050)-1306/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1306/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1306/2025 02.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin TP7246863 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Lənkəran ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli TP7246863 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Lənkəran şəhərində etibarnamə ilə idarə etdiyi 10-KU- 835 dövlət qeydiyyat nişanlı "Ford Tranzit minik" avtomobili ilə hərəkət edərkən onu Lənkəran RPŞ-nin X6 əməkdaşları qanunsuz və əsassız olaraq saxladaraq avtomobili polis şöbəsinin cərimə duracağına aparmışlar. Avtomobili orada 5 saat saxladıqdan sonra ona xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xətalar haqqında protokol tərtib edilmiş və AR İXM-nin 232.1, 329.1, 324.4-cü maddələri ilə guya inzibati xəta törətdiyi bildirilmişdir. Həmin protokolda o, yazılı surətdə etirazını bildirmişdir. Buna baxmayaraq Lənkəran ŞRPŞ tərəfindən xx.xx.2025-ci il tarixli TP ******* saylı inzbati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, qanunsuz və əsassız olaraq 50 manat cərimə olunmuşdur. Qeyd etmək istəyir ki, o, həmin protokolda qeyd edilən İXM-nin maddələri üzrə heç bir inzibati xəta törətməmiş və bununla bağlı polis əməkdaşlarının əlində heç bir sübut yoxdur. Bununla bağlı da o, protokolda öz qeydlərini etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq belə olan halda qərar qəbul edilməli deyil, yüksək vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə araşdırma aparılmalı idi. Qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra sənədlərini təqdim etmiş, həmin vaxt təhlükəsizlik kəmərinidə bağlamışdır. Saxlanıldıqdan sonra polis əməkdaşları ona 7 illik fərqlənmə nişanının olmasını bildirmişlər. O, isə polis əməkdaşlarına idarə etdiyi avtomobilin fərqlənmə nişanına ehtiyacının olmadığını başa salmağa çalışmışdır. Lakin polis əməkdaşları avtomobili cərimə meydançasına aparmışlar. Sonradan departamentin əməkdaşları gəlmiş və idarə etdiyi avtomobilin fərqlənmə nişanına ehtiyac olmadığını görüb hər hansı bir sənədləşmə aparmadan çıxıb getmişlər, yəni “8+”-a fərqlənmə düşmür. Lakin bütün bunlara baxmayaraq polis əməkdaşları barəsində 50 manat məbləğində cərimə protokolu tərtib etdiklərini bildirmişlər. O, alıb şöbədən çıxdıqdan sonra tanıdığı şəxslərdən barəsində tərtib olunmuş protokolda olan maddələrin nə ilə bağlı olduğunu soruşmuş və müəyyən olunmuşdur ki, polis əməkdaşları onun barəsində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsinə görə və çimərlik sahədə nəqliyyat vasitəsini idarə edilməsinə görə protokol tərtib olunmuşdur. Halbuki polis əməkdaşları onu saxladıqları zaman təhlükəsizlik kəməri üzərində olmuş, eləcədə onun nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnaməsi olmuşdur və polis əməkdaşları onu Lənkəran şəhərinin mərkəzi küçələrinin birində saxlamışlar ki, oradada çimərlik yoxdur. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətçini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 14 may 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 12:48 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.4, 329.1-ci, 332.1-ci maddəsinin pozduğuna görə 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsində qeyd edilmişdir ki, buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində qeyd edilmişdir ki, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində qeyd edilmişdir ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, Lənkəran rayon-şəhər DYPB-nin polis mayoru X1 tərtib etdiyi inzibati tənbeh vermə haqqında 14 may 2025-ci il tarixli TP-7246863 nömrəli qərarın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir, bu səbəbdən şikayət təmin edilməməlidir. Həmçinin şikayət vermiş şəxs şikayətin əsaslarını sübut edəcək sübutlarını (sürücülük vəsiqəsi, etibarnamə və sairə) şikayətinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Lənkəran rayon-şəhər DYPB-nin polis mayoru X1 tərtib etdiyi inzibati tənbeh vermə haqqında 14 may 2025-ci il tarixli TP-7246863 nömrəli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. İnzibati tənbeh vermə haqqında 14 may 2025-ci il tarixli TP-7246863 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar