Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1307/2024 15.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Baş X4 İdarəsinə biləvasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru polis serjantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi ev 170 A-da, qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Yol-patrul Xidməti Alayı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı Rayon Məhkəməsi hakiminin xx.xx.2024-cü il tarixli 3(050)-1307/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibinin əlamətləri olmadığından xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yolpatrul Xidməti alayının komandiri, polis polkovniki Fuad Mayılov apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)-445/2024 saylı qərarı ilə DİN Baş X4 İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 3(050)-1307/2024 saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Baş X4 İdarəsinə biləvasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru polis baş serjantı X2 məhkəmə iclasında izahatında göstərdi ki, Ələt-Astara magistral yolunun 143-cü km-də Şəxs idarə etdiyi “Toyota Pirus (Hibrid)” minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman 726 saylı YPX postunda saxlanılmış, sürücünun hərəkətləri sərxoşluq ilə bağlı şübhə doğurduğundan həkim müayinəsinə getməli olduğu bildirilmişdir. Sürücü sərxoşluq müayinəsindən keçirilmiş, yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Əlavə olaraq qeyd edir ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsi videoçəkilişlə aparılmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 04 iyun 2024-cü il tarixdə, saat 15:26 radələrində Ələt-Astara magistral yolunun 143-cü km-də idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən 726 saylı YPX postunda polis əməkdaşı tərəfindən saxlanılmışdır. Sənədləri yoxlanılarkən YPX əməkdaşının sərxoşluğu ilə bağlı şübhəsi yarandığından ilk öncə adi çöplə sərxoşluq müayinəsi aparılmış və narkotik sərxoşluğu aşkar edilmişdir. O nəticə ilə razı olmadığı üçün polis əməkdaşları ilə birlikdə Lənkəran şəhərində yerləşən narkoloji xəstəxanaya getmiş, orada sidiyindən analiz götürülmüş, müayinədən sonra onda THC pozitiv, kannabinoid sərxoşluğu müəyyən edilməsi ona bildirilmişdir. Yoxlamanın nəticəsinə etirazını bildirmiş, qanından yenidən nümunə götürülməsini xahiş etmişdir. Lakin, qanından nümunə götürülməmişdir. YPX əməkdaşlarına verdiyi izahatında heç bir narkotik vasitə qəbul etmədiyini, həkim rəyinin düzgün olmadığını bildirmişdir. Barəsində sənədləşmə aparıldıqdan sonra sərbəst buraxılmış, səhəri günü, yəni 05 iyun 2024-cü il tarixdə Bakı şəhərində olduğu müddətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referans laboratoriyasında qanın ümumi analizinə dair həkim müayinəsindən keçmiş, müayinə zamanı qanında narkotik və psixotrop maddələr aşkar olunmamış, həkim bu barədə müvafiq rəy təqdim etmişdir. Ümumiyyətlə narkotik vasitədən istifadə etməmişdir. Əgər xx.xx.2024-cü il tarixdə sidiyindən verdiyi müayinə nəticəsində narkotik maddənin olması müəyyən edilmişdirsə, onda 05 iyun 2024-cü il tarixdə verdiyi qanın ümumi laborator analizində də həmin maddə aşkara çıxa bilərdi. Hesab edir ki, xx.xx.2024-cü il tarixli rəy əsassızdır. Heç bir inzibati xəta hərəkəti törətmədiyini bildirib, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli, seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 iyun 2024-cü il tarixdə, saat 15:26 radələrində Ələt-Astara magistral yolunun 143-cü km-də idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən 726 saylı YPX postunda Xİ Tağım YPX inspektoru X2 tərəfindən saxlanılmış, tibbi müayinəyə təqdim edildikdən sonra yoxlama zamanı sürücünün nəqliyyat vasitəsini narkotik vasitə istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. 04 iyun 2024-cü il tarixli, 000390 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə etmədiyini bildirsə də, lakin yoxlama zamanı onun sidiyində narkotik vasitə THC (+) pozitiv, kannabinoid sərxoşluğu aşkar olunmuş, o, narkotik sərxoşluğu vəziyyətində olmuşdur. Şəxs, Azərbaycan Respublikası DİN-nin BDYP-yə imzası ilə təsdiq edərək yazdığı xx.xx.2024-cü il tarixli izahatında qeyd etmişdir ki, 04 iyun 2024-cü il tarixdə, saat 15:26 radələrində Ələt-Astara magistral yolunun 143-cü km-də etibarnamə ilə idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən 726 saylı YPX postunda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sənədləri yoxlanılarkən YPX əməkdaşının sərxoşluğu ilə bağlı şübhəsi yarandığından ona həkim müayinəsinə getməli olduğunu bildirilmişdir. Buna etiraz etməmiş, YPX əməkdaşları ilə birlikdə Lənkəran şəhərində yerləşən narkoloji xəstəxanasına getmiş, orada sidiyindən analiz götürülmüş, müayinədən sonra onda THC pozitiv kannabinoid sərxoşluğu müəyyən edilməsi bildirilmişdir. Həkim sidiyindən marixuana aşkar edildiyini demişdir. Bildirir ki, həkimin rəyi düzgün deyil, həkim yalan deyir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referans laboratoriyasının xx.xx.2024cü il tarixli qanın ümumi laborator müayinənin cavabından görünür ki, 1994-cü il təvəllüdlü Şəxs qanında narkotik və psixotrop maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinin Yol- Patrul Xidməti Alayı əməkdaşları tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanılmış sərxoşluq vəziyyətinin yoxlanılmasına dair həkim müayinəsinə aparılmış, həkim tərəfindən onun bioloji mayesinin (sidik) müayinəsi edilmiş, nəticədə onda narkotik sərxoşluğu aşkar olunmuş, nəticə ilə tanış edilmiş və razı olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli protokolu tərtib etmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, 04 iyun 2024-cü il tarixli, 000390 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktı, CD disk, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Məhkəmə Şəxs tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referans laboratoriyasının xx.xx.2024-cü il tarixli qanın ümumi laborator müayinəsinə münasibətdə qeyd edir ki, Şəxs həmin laborator müayinəsini necə və hansı şəraitdə alması məlum deyil, ona görə də məhkəmə laborator müayinəsini mötəbər sübut hesab etmir. Bundan başqa məhkəmə qeyd edi ki, 04 iyun 2024-cü il tarixli, 000390 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktı nəticəsi daha inandırıcıdır. Belə ki, iş materiallarında olan CD diskdən göründüyü kimi polis əməkdaşının və Şəxs iştirakı ilə videoçəkiliş vasitəsilə müayinə aparılmış və yerindəcə Şəxs müayinənin nəticəsi ilə tanış edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Bakı Şəhər Yasamal Rayon İcra şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1307/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1307/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver