Məhkəmə qərarları › İş №3(050)-1310/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1310/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1310/2025 20.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1987-ci il tarixdə Masallı rayonu, Qarğalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 20 may 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Vəliyev X5 Rayon Məhkəməsinin 2(050)-2462/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 2462/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli icra sənədinə əsasən 09 iyul 2024-cü il tarixdən başlayaraq 21 noyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 180 manat (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. İcra sənədi Masallı rayon İcra və probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra 21 avqust 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. 20 may 2025-ci il tarixdə borclu Şəxs mülkiyyətində “Opel Astra H” minik markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu müəyyən olunmuş və avtomobil ilə bağlı əməliyyatlara qadağa qoyulmuşdur. Borclu 20 may 2025-ci il tarixdə verdiyi izahatında hər ay pensiya verilən vaxtı 200 manat ödəniş edə biləcəyini bildirmişdir. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, hər ay alimentdən imkan daxilində ödəniş edir. Anası xəstə olduğu üçün uzaq məsafəli işlərə gedə bilmədiyindən aliment borcu yığılmışdır. Həmçinin ikinci dəfə ailə qurmuş və həmin nikahdan iki uşağı vardır. İki ailəyə görə alimenti ödəməkdə çətinlik çəkir. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 2(050)-2462/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 09 iyul 2024-cü il tarixdən başlayaraq 21 noyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 180 manat (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş borclu Şəxs Masallı rayon İcra və probasiya şöbəsində verdiyi 20 may 2025-ci il tarixli izahatından görünür ki, bildirişi vaxtında almış, borcdan xəbərdardır, hər ay pensiya vaxtı 200 manat məbləğində ödəniş edə biləcəyini bildirmişdir. İş materiallarında olan Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs ünvanlanmış 21 avqust 2024-cü il tarixli bildirişdən görünür ki, məhkəmə qətnaməsini icra etmədiyi halda ilkin olaraq inzibati qaydada görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Masallı rayon icra və probasiya şöbəsinin 20 may 2025-ci il tarixli məktubdan görünür ki, borclu Şəxs mülkiyyətində olan “Opel Astra H” minik markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı əməliyyatlara qadağa qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarı: Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir. Məhkəmə inzibati xəta haqqında materiala baxılması ilə bağlı aşağıdakıları qeyd edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanunda məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmçinin qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Göründüyü kimi sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs mülkiyyətində olan “Opel Astra H” minik markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Göründüyü kimi tələbin yönəldilməsi üçün borclunun əmlakı vardır. Lakin icra məmuru məhkəmə aktının icrasının təmin edilməsi üçün tələbin həmin əmlaka yönəldilərək icra sənədinin icra olunması üçün zəruri olan tədbirləri görmədən borclunun barəsində inzibati tədbir görülməsi üçün protokol tərtib etmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar