Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1320/2023 17.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayət verən şəxs X1 və onun vəkili Vəkil iştirakları ilə, X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 02 avqust 2023cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam erilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 02 avqust 2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən İXM-nin 430.4-cü maddəsinə əsasən 5666 ABŞ dolları məbləğində cərimə edilmişdir. İnzibati xəta törətməmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" KB ASC vasitəsi ilə Çin Xalq Respublikasında fəaliyyət göstərən YİWU Target İmport-Export CO LTD şirkətinə mebel məhsulları almaq üçün 74900 ABŞ dolları məbləğində pul köçürmüş, həmin puldan 18240 ABŞ dolları dəyərində məhsullar ölkəyə idxal olunmuş, qalan məhsullar da hazırda idxal olunmaqdadır, bununla bağlı gömrük bəyannaməsi vardır. Pul göndərdiyi şirkət dünyada, o cümlədən Çin Xalq Respublikasında baş vermiş COVİD 19 pandemiyası ilə bağlı xx.xx.2021-ci il tarixdən fəaliyyətini dayandırmış və 2023-cü ilin yanvar ayınadək fəaliyyət göstərməmişdir. Şirkət tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli, 12 saylı məktubda göstərilmişdir ki, məhsullar iyul ayının sonunadək tam şəkildə göndəriləcəkdir. Hazırda hissə-hissə məhsullar ölkəyə idxal olunmaqdadır. Göndərdiyi pulun qarşılığında məhsullar ölkəyə idxal olunmasaydı qeyd olunan inzibati xətanın tərkibi yarana bilərdi. Sahibkardır və pulunun qarşılığında ölkəyə malın idxal olunması ona daha vacibdir. Lakin COVİD 19 pandemiyası ümumi dünya üzrə pandemiya olaraq təsdiq olunmuş və dünyada, o cümlədən Azərbaycanda bir çox sahələr fəaliyyətini dayandırmış, sərhədlər bağlanmış və ölkələrin əlaqələri məhdudlaşdırılmışdır. Belə olan halda onun həmin malları Çin Xalq Respublikasından başqa qaydada gətirməsi mümkün deyildir. Quru sərhəd, hava sərhədi, dəniz sərhədi hamısı bağlı olmuş, hətta mal aldığı şirkət belə bağlı olmuşdur. Bu hallar onun yox, COVİD 19 pandemiyası ilə bağlı baş vermişdir. Buna görə də həmin məsələ ilə bağlı o, məsuliyyəti daşıya bilməz. Şikayət verən şəxs məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, əlavə olaraq xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsinə əsasən 5759.00 ABŞ dolları, xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsinə əsasən 17000.00 ABŞ dolları, xx.xx.2023cü il tarixli gömrük bəyənnaməsinə əsasən 13060.00 ABŞ dolları, xx.xx.2023-cü il tarixli bəyənanaməyə əsasən 19181.00 ABŞ dolları məbləğində mal ölkəyə idxal edilmişdir. 1660 ABŞ dolları məbləğində mal isə yoldadır. Sonda E.B.Məmmədzadə şikayətin təmin edilməsini xahiş etdi. Şikayət verən şəxsin vəkili Vəkil E.B.Məmmədzadə ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkmə inzibati qərardan verilmiş şikayətə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsi və onun vəkilini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati tənbeh vermə haqqında 02 avqust 2023-cü il tarixli, EP ******* saylı qərarda göstərilir ki, X3 74900.00 ABŞ dolları vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 56660.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsatini geri qaytarmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən 5666.00 ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsinə əsasən 5759.00 ABŞ dolları, xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsinə əsasən 17000.00 ABŞ dolları, xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsinə əsasən 13060.00 ABŞ dolları, xx.xx.2023-cü il tarixli bəyənanaməyə əsasən 19181.00 ABŞ dolları məbləğində mal ölkəyə idxal edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TY22/AB15 saylı invoysdan görünür ki, 1660 ABŞ dolları məbləğində mal X2 göndərilmişdir. YİWU Target İmport-Export CO LTD şirkəti tərəfindən X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 12 saylı məktubdan görünür ki, baş vermiş COVİD 19 pandemiyası ilə bağlı satıcı şirkətin 2023-cü ilin yanvar ayına kimi bağlı olması, köçürülmüş pul ilə bağlı malların konteynerlərə yüklənilərək, göndərilməsi və malların 2023-cü ilin iyul ayının axırına kimi çatması bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə törədilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3- cü yarımbəndinə əsasən “Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Qeyd olunan normalar, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarı baxımından işin faktiki hallarını araşdırarkən müəyyən olunur ki, X1 xaricə köçürdüyü 56660.00 ABŞ dolları vəsait hesabına alınan mallar şikayət verən şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikərək ölkəyə idxal edilmişdir, başqa sözlə həmin şəxsə münasibətdə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, şikayət təmin olunmalı, 02 avqust 2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 8, 53, 105, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankınının baş direktoru X5 tərəfindən qəbul edilmiş 02 avqust 2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1320/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1320/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver