Məhkəmə qərarları › İş №3(050)-1323/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1323/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1323/2025 11.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X4 Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayətçi X2 və inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 23 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 23 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 253.1 maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X3 şikayət verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynovun 23 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-cı maddəsinə əsasən əsassız olaraq cərimə olunmuşdur. Ona yazılmış cərimə qanunsuzdur və o, aşağıdakı fikirləri ilə cərimənin qanunsuz olduğunu sübut edəcəkdir. Hazırda o, heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Ümumiyyətlə meşə idarəsində işləməmişdir. İdarənin əməkdaşları ona zəng vuraraq heç bir əsas olmadan onu İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilərək 700 manat məbləğində cərimə etdiklərini bildirmişlər. Hansı əsasla onu cərimə etdiklərini soruşduqda “idarəyə gələrsən orada faktları sənə göstərəcəyik” demişlər. Onların dediyinə görə guya onun ağac kəsən yerdə foto şəkilləri və video görüntüləri vardır. 2025-ci ilin aprel ayının sonları idi idarənin inzibati binasında olmuş və ona aid görüntülərlə tanış olmaq istədikdə, sübutları ona göstərə bilməyəcəklərini, məhkəməyə şikayət edəcəyi təqdirdə məhkəməyə göndərəcəklərini bildirmişlər. Onun barəsində qərar qəbul etdiklərini və qərarıda rəsmi qaydada ona göndərəcəklərini bildirmişlər. 19 may 2025-ci il tarixdə yenidən idarəyə gedərək barəsində qəbul etdikləri qərarın surətini istəmiş, vermək istəmədiklərində qaynar xəttə yığaraq şikayət gücünə qərarın surətini əldə etmişdir. X6 barəsində yazılmış qərarın surətini belə ona vermək istəməmişdir. Qərara gəlincə olduqca qanunsuz və ədalətsiz bir qərardır. Qərarı qəbul etmək üçün heç bir mötəbər sübut yoxdur. Məcəllədə qeyd olunur ki, şübhələr onun xeyrinə həll olunmalıdır. O, heç bir qanun pozuntusuna yol verməmiş, ağac kəsməmiş, ərazidə olmamış, ümumiyyətlə inzibati xətanı törətməmişdir. Sübutları varsa məhkəməyə təqdim etsinlər. Məhkəmələrin ədalətinə və cəsarətinə inanır, hesab edir ki, şikayəti haqlıdır və təmin olunmalıdır. Qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, meşədə ağacların kəsilməsi ilə bağlı barəsində qanunsuz olaraq protokol tərtib olunaraq cərimə olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunan zaman iştirak etməmiş, sonradan məlumatı olmuşdur. Çünki bildiriş ona çatmamışdır. Məhkəmədən şikayətin təmin olunaraq qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu bildirərək, şikayətin rədd edilməsini xahiş etdi. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynovun 23 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə, X3 İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İXM-nin 253.1-ci maddəsinə əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normanın dispozisiyasından görünür ki, meşəqırma bileti (orderi) olmadan meşə fondundan istifadə qaydalarını pozmuş şəxslər barəsində inzibati məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, şəxsin inzibati xətanı törətməkdə təqsirinin olub-olmamasını müəyyən etmək inzibati xəta haqqında protokola baxan səlahiyyətli orqanın birbaşa vəzifəsidir. Şəxsin əməlində törədilmiş inzibati xəta üzrə təqsirinin müəyyən edilməsi inzibati xətanın 4 elementindən birinin, yəni subyektiv cəhətinin tərkib hissəsidir ki, bunun da olmaması əməldə inzibati xəta tərkibinin olmasını istisna edən haldır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkib bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin hallar inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 23 aprel 2025-ci il tarixli qərar qəbul edilərkən qeyd edilən hallar, yəni X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən sonuncunun İXM-nin 253.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair mötəbər sübutların təqdim edilməməsinə diqqət etməmişdir. X2 meşə fonduna məxsus ağacları məhv etməsi və ya zədələməsi ilə bağlı qərar qəbul edərkən səlahiyyətli orqan tərəfindən bunu təsdiq edən hər hansı mötəbər sübuta əsaslanmamışdır. Həmçinin şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu hər hansı şübhlə ilə deyil, ona istinad edilən sübutlarla təsdiq olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan təsdiqedici sübutların məhkəməyə təqdim edilməsi xahiş olunmuş, əks təqdirdə sonuncuya təqdim edilmiş sübutlar əsasında işə baxılacağı bildirilmiş, lakin sonuncu bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş qərar hər hansı mötəbər sübutlar əsasında deyil, şübhələri izahatlar əsasında qəbul edilmişdir ki, bu da İXM-nin 8-ci maddəsinin tələbi baxımından yolverilməzdir. İXM-nin: 53.2-ci maddəsində göstərilir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir («Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiyaya qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynovun 23 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və X2 barəsində İMX-nin 253.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 23 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin. X2 barəsində İXM-nin 253.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar