Məhkəmə qərarları › İş №3(050)-1347/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1347/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1347/2025 10.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, X1nun, qərarından şikayət verilən Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə X1nun Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsi tərəfindən 01 may 2025-ci il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsinə əsasən əsassız olaraq cərimə olunmuşdur. Ona yazılmış cərimə qanunsuzdur və aşağıdakı fikirləri ilə cərimənin qanunsuz olduğunu sübut edəcəkdir. Cənab Prezidentin göstərişindən sonra kənd təsərrüfatını inkişaf etdirməkdən ötrü Türkiyə Respublikasından gilas tingini ölkəyə idxal etmişdir. Bütün sənədləri qanuni və rəsmidir. Tingi aldığı şirkət tərəfindən ona həmçinin beynəlxalq dərəcəli təhlükəsizlik sertifikatı verilmişdir. Aldığı tingi Masallı rayonu Kəlbəhüseynli kəndində yerləşən həyətində yığmışdır. Qida X2-Astara regional bölməsinin əməkdaşları tinglərə yerində baxış keçirməli olduqlarını və onlardan nümunələr götürəcəklərini bildirmişlər. Etiraz etməyərək onları həyətə gətirmiş və tinglərə baxış keçirdərək tinglərdən nümunələr götürülmüşdür. Üzərindən qısa müddət keçdikdən sonra onunla əlaqə saxlayaraq 2403 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmuşdur. O, əməkdaşdan ona qanuni əsaslara hesab göndərməyini və dedikləri məbləğdə dövlət rüsumunu qanuna uyğun olaraq əsaslandırmasını xahiş etmişdir. Sonradan whatsapp tətbiqi ilə onun əlaqə vasitəsinə onların tərəfindən tərtib olunmuş cədvəli göndərmişdir. Həmçinin səsyazısı ataraq ona bildirilmişdir ki, onun tinglərdən nümunələr götürülmüş, cədvəldə göstərilmiş ödənişləri ödəmək lazımdır. O, dəfələrlə idarənin inzibati binasında olmuş və əməkdaşlardan tələb edərək ona hesabın nömrəsi verilməsini və ödənişlərinin Nazirlər Kabinetinin qərarına uyğun olaraq ödəmək istədiyini bildirsə də, heç bir nəticəsi olmamışdır. Qanunun ona verdiyi bütün vasitələrdən istifadə edərək dövlət rüsumunu ödəmək istəsə də, qanundan kənar işləyən idarənin əməkdaşları ona ödəniş etməyə imkan verməmişlər. Eyni tarixdə ona üç qərar yazılmış və ümumilikdə 4500 manat məbləğində cərimə olunmuşdur. Qərarlar otaq şəraitində, heç bir araşdırılma aparılmadan və formal olaraq yazılmışdır. Qərarlarda qeyd edilir ki, məhsulların təhlükəsizliyini təsdiq edən sınaq protokolunun dövlət nəzarəti orqanına təqdim edilməməsi və bu məhsulların gizlədilməsi əsası ilə qərar yazılmışdır. Qərarı ona yazan bölmənin rəisi Xalid Ələkbərli adlı bir şəxs yazmışdır. Ona yazılmış qərar saxtalaşdırılmış şəkildə yazılmışdır. O, idarənin əməkdaşlarından idxal etdiyi tingləri gizlətməmiş, əksinə bütün zəruri sənədlərini onlara təqdim etmişdir. Tinglərdən nümunələrin götürülməsinə şərait yaratmışdır, dövlət rüsumunuda ödəmək istəmiş, lakin ona hesab nömrəsi verilmədiyinə görə cərimələnmişdir. Hesab edir ki, həmin qərarlar ləğv edilməlidir. Məhkəmə iclasında X1 şikayəti müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Masallı rayonu, Təklə kəndi bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. Eyni zamanda sahibkarlıqla məşğuldur və tingləri bu məqsədlə ölkəyə gətirmişdir. Qoz tingləri dostunun həyətində parnik şəraitində əkilmişdir. Qalan bütün tinglər halhazıradək həyətindədir və istənilən vaxt baxış keçirilə bilər. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin nümayəndəsi Nümayəndə1 şikayəti qəbul etməyərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 280 nömrəli qərarına əsasən "Fitosanitar sertifikatının nümunəvi forması", "Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı", "Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları", "Fitosanitar sertifikatının verilməsi üçün tələb olunan sənədlərin Siyahısı", "Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydası" müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1577-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 712 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Fitosanitar tədbirlərinə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğləri” təsdiq edilməsi qərara alınmışdır. Sınaq protokolu X3 təqdim olunmalıdır. Vətəndaş dövlət rüsumu ödəməlidir ki, X8 hüquqi şəxsi vətəndaşa sınaq protokolu təqdim edə bilsin və vətəndaş, həmin protokolu onlara təqdim etməlidir. Hər məhsul üzrə vətəndaşın həyətindən 4 ədəd nümunə götürülmüşdür. Vətəndaşa tinglərə baxış keçirəcəyi barədə bildirilmiş, vətəndaş Cəlilabad rayonunda olduğu üçün həmin gün gələ bilməyəcəyini bildirmişdir. Sonradan tinglərə baxış keçirmək üçün əməkdaşlar ora getməmişlər və vətəndaşla əlaqə saxlamamışlar. Ona görə də, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin nümayəndəsi Nümayəndə2 şikayəti qəbul etməyərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 22 aprel 2025-ci il tarixli protokolun surətindən görünür ki, X10 tərəfindən idxal edilmiş 1553 kq tingi məhsullarının təhlükəsizliyini təsdiq edən sınaq protokolunun dövlət nəzarəti orqanına təqdim edilməməsi və bu məhsulların gizlədilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xətanı törədən şəxs X10 izahat verməkdən və imza çəkməkdən imtina etmişdir. - Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli qərardan görünür ki, X10 tərəfindən idxal edilmiş 1553 kq tingi məhsullarının təhlükəsizliyini təsdiq edən sınaq protokolunun dövlət nəzarəti orqanına təqdim edilməməsi və bu məhsulların gizlədilməsi nəticəsində ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsinə əsasən 1500 manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq edilmişdir. - 19 mart 2025-ci il tarixli aktın surətindən görünür ki, X7 idxal etdiyi gilas, naringi və qoz tinglərinin əkilməsinə dair Kəlnəhüseynli kəndində yerləşən anbara baxış həyata keçirmək mümkün olmamışdır. X10 ilə mobil rabitə vasitəsi ilə əlaqə saxlayaraq mövcüd olan vəziyyətlə bağlı məlumat verilmişdir. Sahibkar gələ bilməyəcəyini, hal-hazırda Cəlilabad rayonunda olduğunu bildirmişdir. Belə ki, X9 məxsus idxal olunmuş tinglərə baxış həyata keçirmək mümkün olmamışdır. - 26 fevral 2025-ci il tarixli iltizamdan görünür ki, X10 idxal məhsulların sınaq nəticələri məlum olana və X4 alınadək məhlulları ünvan 1i ünvanında yerləşən anbarda saxlayacağına dair bütün qanuni məsuliyyətini öz üzərinə götürmüşdür. Saxlanca verilmiş məhsulların siyahısı: gilas tingi “Brokforest 0900 Ziraat” – 1139 kq – 1100 ədəd; gilas tingi “Starks Gold” – 414 kq – 400 ədəd; naringi tingi “Satsuma Clausellina” – 17500 kq – 2500 ədəd; naringi tingi “W.Murcott” 3255 kq – 465 və qoz tingi “Chandler” – 52 kq - ədəd məhsullar qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X10 barəsində 01 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, X7 barəsində qərar qəbul edilərkən tam araşdırma aparılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, 19 mart 2025-ci il tarixli akta əsasən X7 idxal etdiyi gilas, naringi və qoz tinglərinin əkilməsinə dair Kəlnəhüseynli kəndində yerləşən anbara baxış həyata keçirmək mümkün olmadığı qeyd olunsa da, X10 ilə mobil rabitə vasitəsi ilə əlaqə saxlanılarkən Cəlilabad rayonunda olduğu üçün həmin gün gələ bilməyəcəyini bildirmişdir. Lakin sonradan tinglərə Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin əməkdaşları tərəfindən baxış keçirilməmişdir. Göründüyü kimi X10 tərəfindən 1553 kq tingi məhsulları gizlədilməmişdir və həmin tinglərə yenidən baxış keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Beləliklə, məhkəmə belə hesab edir ki, X7 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli qərar ləğv edilsin və müvafiq araşdırma aparılması üçün iş həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar