Məhkəmə qərarları › İş №3(050)-1353/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1353/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1353/2024 25.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu, Qədirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki azyaşı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-və 535.1-ci maddələrində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 iyun 2024-cü il il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasında ünvansız ifadələr işlətmişdir. Bundan başqa Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 iyun 2024-cü il il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla bağlı Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törədilməsinə istinad edilərək, barəsində qeyd edilən protokollar tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnın sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə icraatda olan HK-1/1736 saylı materialın icrası ilə əlaqədar Masallı rayonu, Qədirli kənd sakini Şəxs izahatının alınmasından ötrü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Şahid2 tərəfindən Masallı RPŞ- nin inzibati binasında yerləşən xidməti otağa dəvət edilmişdir. Müraciətlə bağlı izahatları alınarkən Şəxs təhqiqatçının xidməti otağında həmkəndlisi X1 yanında hər ikisi müraciətə etiraz edərək xidməti otaqda səs-küy salaraq ucadan ünvansız ifadələr işlətmişlər. Şahid2 həmin şəxsləri bir neçə dəfə nizam-intizama dəvət etmiş, lakin onlar təqhqiatçı Şahid2 qanuni tələbinə məhəl qoymayaraq uca səslə səs-küy saldıqlarından yan otaqdan İTB-nin sahə rəisi, polis kapitanı Şahid1 xidməti otağa daxil olaraq həmin şəxslərə irad bildirərək xidməti fəaliyyəti pozduqlarını izah etmişdir. Polis əməkdaşları Şahid2 və Şahid1 həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparmış, bir qədər sonra onları sakitləşdirmişlər. Qeyd edilən səbəblərdən təhqiqatçı Vasif Ağaqadə həmin şəxslər barəsində raportla şöbə rəisinə məruzə etmişdir. Baş vermiş inzibati xəta ilə bağlı X3 və Şəxs barəsində protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Viləş kənd sakinləri yaşadığı Qədirli kəndinin yaxınlığındakı torpaq sahələrini çəpərə alaraq orada yonca əkmişlər. Həmin çəpərə elektrik cərəyanı birləşdirilmişdir ki, digər kəndin mal-qarası sahəyə daxil olmasın. Sözügedən torpaq sahəsinin çəpərlə mühafizə olunmasına arxayın olduğuna görə təsərrüfatındakı mal-qaranı örüş sahəsinə buraxarkən nəzarət etməmişdir. Bu səbəbdən mal-qara həmin sahəyə daxil olduğuna görə sahəyə nəzarət edən çobanlar mal-qaranı tutub saxlamaq istədikdə onlara mane olmuş, sahibsiz qalmış mal-qaranın yonca əkilən sahəyə daxil olmasına görə üzrxahlıq etmiş, bir daha belə hərəkərlərin təkrarlanmaycağını bildirib, mal-qaranı geri qaytarmaq istəmişdir. Lakin həmin şəxsər at belindən düşüb onlara maneçilik törətmiş, aralarında mübahisə yaranmış, mübahisə zamanı onlara əl-qol atmışlar. Mübahisə sakitləşdikdən sonra çıxıb getmişlər. xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-in TB-nin təhqiqatçısı Şahid2 onu və həmkənliksi Şahməddin Ağayev barələrində olan şikayətlə əladar Masallı RPŞ-yə çağırmışdır. Çağırış əsasında RPŞ-yə getmiş, polis əməkdaşı Şahid2 xidməti otağından müraciətlə tanış olarkən etirazını bildirərək günahı olmadığı təqdirdə, heç kimi vurmadığı təqdirdə nə səbəbə barəsində şikayət olunmasına görə uca səslə danışaraq gileylənmiş, əsəbiləşdiyindən ünvansız ifadələr işlətmişdir. Lakin, konkret olaraq polis əməkdaşlarını və başqa şəxsi söyməmişdir. İşlətdiyi ifadələr isə yadında qalmamışdır. Təhqiqatçıya heç bir əməl törətmədiyini, bu barədə müqəddəs “Quran”a and içə biləcəyini, onu polis şöbəsinə niyə çağırmalarını soruşmaqla iradını bildirmiş, ona qarşı haqsızlıq və ədalətsizlik edildiyini, düz hərəkətin edilmədiyini deməklə səsini ucaltmışdır. Səs-küyə digər polis əməkdaşları otağa daxil olmuşdur. Əsəbləri sakitləşdikdən sonra polis əməkdaşlarından üzr istəmişdir. Sonda Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Şahid2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Viləş kənd sakinlərinin X3 və Şəxs tərəfindən döyülmələri barədə müraciəti icraatında daxil olmuşdur. Müraciətlə əlaqədar xx.xx.2024-cü- il tarixdə Masallı rayonu Qədirli kənd sakinləri X3 və Şəxs şöbəyə dəvət etmişdir. Masallı RPŞ-in inzibati binasında öz xidməti otağında olduğu vaxt, Masallı rayonu Qədirli kənd sakinləri X3 və Şəxs izahatlarını aldığı vaxt barələrində daxil olmuş müraciətə etiraz olaraq müracətlərin yalan olduğunu, heç kimi döymədiklərini bildirmişlər. Həmin vaxt həmin şəxslər əsəbiləşərək ünvansız yüngül formada nalayiq ifadələr işlətmişlər. Onlar konkret olaraq hər hansı bir şəxsə qarşı yox, özlərindən gileylənərək uca səslə “yer də batsın, mal- qara da batsın, bezmişik, bizi bezdirirlər, bizə ilişirlər” kimi ifadələr işlətmişlər. O,da həmin şəxslər inzibati binada olduqlarını, belə ifadələr işlətməmələrini tələb etmiş, lakin həmin şəxslər yenidən onun tələblərə tabe olmayaraq həmin ifadələri uca səslə təkrarlamışlar. Bu vaxt digər xidməti otağda olan Masallı RPŞ-in İTB-in polis sahə rəisi Şahid1, otağa yaxınlaşıb, vətəndaşlara sakitləşməyini və inzibati binada səs-küy salmamalarını bildirmiş, bundan sonra həmin şəxslər tədricən sakitləşmişdilər. O, həmin zaman həmin Şəxs tərəfindən xırda xuliqanlıq xətasının törədilmədiyini, ona görə ki, ictimai yer deyil, onun xidməti otağı olmaqla həmin otaqda tək olmuşdur. Bir müddət sonra onlar qeyd olunan şəxsləri sakitləşdirib, barələrində rəhbərliyə raportla məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid1 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixində Masallı RPŞ-in inzibati binasında öz xidməti otağında olduğu vaxt, Masallı RPŞ-in təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid2 xidməti otağında iki nəfər şəxsin uca səslə ünvansız yüngül formada nalayiq ifadələr işlətdiyini eşidib, həmin otağa yaxınlaşmış, məlum olmuşdur ki, Viləş kənd sakinlərinin müraciəti əsasında təhqiqatçı Şahid2 Masallı rayonu, Qədirli kənd sakinləri X3 və Şəxs izahatlarının alınması ilə əlaqədar şöbəyə dəvət etməklə müraciətin məzmununu həmin şəxslərə izah etmişdir. Həmin vaxt Şəxs və Şaməddin Ağayev müraciətə qarşı etirazlarını bildirərək uca səslə gileylənərək haqsız və ədaləsiz şəkildə şöbəyə çağrıldıqlarını, barələrində əsassız şikayət olunduğunu, heç bir günahlarının olmadığını demişlər. Həmin şəxslərə sakitləşmələrini və inzibati binada ictimai qaydanı pozmamalarını tələb etmişdir. Buna baxayaraq Şəxs və Şaməddin Ağayev onların qanuni tələblərinə məhəl göstərməyərək ucadan danışmağa davam etmişlər, daha sonra isə qısa müddət ərzində sakitləşmişdilər. O, həmin şəxslərə sakit və təmkinli olmalarını, araşdırmanın nəticəsində əməllərinə hüquqi qiymət veriləcəyini bildirmişlər. Bir müddət sonra həmin şəxslərin barəsində rəhbərliyə raportla məlumat vermişlər. Şəxs və Şaməddin Ağayev konkret hər hansı bir şəxsə və ya polis əməkdaşlarına qarşı söyüşlər söyməmiş, əsassız şikayətə görə polisə çağırıldıqlarına görə gileylənmişlər. İş materiallarında olan; Masallı RPŞ-nin TB-nin təhqiqatçı Şahid2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raporta göstərirlir : “xx.xx.2024-cü il tarixdə icraatımda olan HK-1/1736 saylı materialın icrası ilə əlaqədar Masallı rayonu, Qədirli kənd sakinlər X3 və Şəxs izahatının alınmasından ötrü Masallı RPŞ- nin inzibati binasında yerləşən xidməti otağıma dəvət etdim. Müraciətlə bağlı izahatları alınarkən hər iki şəxs müarciətə etiraz edərək xidməti otağımda səs-küy salaraq ucadan ünvansız küçə söyüşləri söyməyə başladılar. Mən onları bir neçə dəfə nizam-intizama dəvət etdim. Lakin onlar mənim qanuni tələbimə məhəl qoymayaraq uca səslə səs-küy saldıqlarından yan otaqdan İTB-nin sahə rəisi, polis kapitanı Şahid1 xidməti otağıma daxil olaraq onlara irad bildirərək xidməti fəaliyyətini pozduqlarını izah etdi. Hər ikimiz onlarla izahedici-profilaktiki söhbətlər apardıq. Bir qədər sonra onları sakitləşdirdik. Odur ki, Sizdən xahiş edirəm raportda göstərilənlərlə bağlı X3 və Şəxs barəsində qanunui tədbir görülməsi üçün aidiyyəti üzrə göstriş verəsiniz.” 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 25 iyun 2024-cü il il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasında ünvansız ifadələr işlətmişdir. 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 25 iyun 2024-cü il il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535-ci maddələri ilə tərtib edilmiş protokollara və əlavə olunmuş sənədlərə baxaraq, qənaətə gəlir ki, şəxsin əməllərində inzibati xətanın tərkib əlamələri mövcud olmadığından hər iki maddə ilə barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırması zamanı Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi, həmçinin polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması nəinki sübut olunmur, əksinə onun həmin özünün, həm də hadisə vaxtı orada olmuş şahidlərin ifadəsi ilə təkzib edilir. Belə ki, araşdırma zamanı hadisənin baş verdiyi zaman hadisə yerində olmuş şahidlər polis əməkdaşları Şahid2 və Şahid1 ifadəsi ilə təsdiq edilir ki, Şəxs konkret şəxslərə və polis əməkdaşlarına qarşı söyüşlər söyməmiş, polis əməkdaşının ictimai vəzifəsini yerinə yetirilməsinə maneçilik törətməmiş, lakin ünvansız ifadələr işlətməklə barəsində edilmiş şikayətin əsassız olduğunu, haqsız və ədalətsiz yerə polis şöbəsinə çağırıldığın bildirməklə, şikayətdən gileylənmişdir. Məhkəmə xırda xuliqanlıq növündə inzibati xətanın tərkib əlamətləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu”nun qərarında qeyd edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Göründüyü kimi ictimai qaydanın pozulması üçün aşağıdakı şərtlər mövcud olmalıdır

1. Şəxs tərəfindən cəmiyyət üzvləri arasında təşəkkül tapmış adət ənənələr, əxlaq normaları və qanunvericilikdə əks edilmiş birgəyaşayış qaydaları pozulmalı

2. Şəxs bu kimi əməllərə yol verərkən özünü cəmiyyətin fövqündə hesab etməklə başqalarına qarşı hörmətsizlik etməli və yol verdiyi əməllərin hər hansı səbəbi olmamalı, yəni təsadüfi olaraq bu əməlləri törətməli.

3. Nəhayət qeyd edilən əməllər qərəzli olaraq törədilməlidir. İşin hallarından görünür ki, şəxsin polis şöbəsinə gəlməsi üçün əsas olmuş, şəxs hansı səbəbdən polis şöbəsinə çağrıldığını bilmiş, təhqiqatçının xidməti otağında təklikdə izahatı alındığı zaman onun barəsində əssasız şikayət edilməsi səbəbindən uca səslə danışaraq hirsini soyutmağa çalışmış, işlətdiyi yüngül formada nalayiq sözləri məhz barəsində edilmiş şikayət ərizəsi ilə bağlı işlətmiş, polisin inzibati binasında əməkdaşların iş fəaliyyətlərinə mane olmaq niyyəti olmamışdır. Məhkəmə iclasında izahatları alınmış polis əməkdaşları da onların iş fəaliyyətlərinə hər hansı maneçiliyin olmadığını, sadəcə şəxsin uca danışması səbəbindən ona irad bildirdiklərini qeyd etmişdilər. İşin hallarından da görünür ki, şəxsin uca səslə danışmaqla barəsində olan şikayət ərizəsinə etiraz etmiş və öz-özünə gileylənmişdir. Cinayət prosessual qanunvericlilikdə barəsində şikayət verilmiş şəxsin onun barəsində göstərilən hallara etiraz etmək, araşdırma aparan orqanından izahlar tələb etmək, cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən və qərarlarından şikayət etmək hüquqları nəzərdə tutulmuşdur. Düzdür, qanunverilcilikdə qeyd edilən etirazların sərt formada edilməli olması göstərilməmiş, lakin vətəndaşların emosional vəziyyətini, hər bir şəxsin özünə məxsus fərdi xüsusiyyətlərinin olduğunu nəzərə alsaq, vətəndaşın barəsində olan şikayətə qarşı hər hansı formada etirazını polis əməkdaşına (barəsində araşdırma aparan orqana) bildirməsi və bunun nəticəsində də onun xırda xuliqanlıq əməlini törətməsi ilə günahlandırılması, vətəndaşlarda barələrində olan şikayətlərə etiraz etmələrinin inzibati xəta ilə nəticələnəcəyi düşüncəsini formalaşdıra bilər və bu da ciddi formada onların Cinayət Prosessual Məcəllədə göstərilən hüquqlarının kobud surətdə pozulması halını səbəb ola bilər. Məhkəmə polisə müqavimət göstərilməsi ilə bağlı tərtib edilmiş protokolla bağlı aşağıdakıları qeyd edir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, maddədə qeyd edilmiş ictimai qaydanın mühafizə vəzifələrini icra edən şəxsin qanuni tələblərinə tabe olunmadığı halda, həmin maddənin tərkib əlamətlərinin yaranması mümkün olduğu göstərilir. Tərtib edilmiş protokoldan görünür ki, təhqiqatçı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar şəxs izahat verməsi üçün polis şöbəsinə dəvət edilmiş, ictimai qaydanın mühafizə tədbirləri ilə məşğul olmamışdır. Eyni zamanda şəxs tərəfindən polis əməkdaşına qarşı hər hansı müqavimət xarakterli hərəkətlərə yol verilməmişdir. Polis haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin İİ bəndində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ bəndində göstərilir ki, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Lakin hazırki iş üzrə məhkəmə araşdırması zamanı həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, həm də şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri izahatlarına əsasən Şəxs polis əməkdaşlarına hər hansı müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək kimi hərəkətlərə yol verməməsi müəyyən edilmişdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar