Məhkəmə qərarları › İş №3(050)-1361/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1361/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1361/2023 24.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1994-cü ildə Masallı rayonu, Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 23 avqust 2023-cü il tarixdə Masallı rayonu, Musaküçə kəndi ərazisinda xırda xuliqanlıq edərək onu intizama dəvət edən Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Musaküçə kənd ərazisində avtoyumada işlədiyi zaman avtoyuma aparatı xarab olmuş və buna görə əsəbləşərək qeyri-ixtiyari ünvansız söyüş söyməyə başlamışdır. Həmin vaxt ərazidə olan polis əməkdaşları ona yaxınlaşaraq küçədə ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati xəta olduğunu bildirərək onu nizam-intizama dəvət etmişlər. Lakin polis əməkdaşları mülki geyimdə olduğunudan, zarafat etdiklərini düşünərək öz hərəkətlərinə davam etmişdir. Daha sonra polis əməkdaşları onun polis şöbəsinə gətirərək barəsində inzibati protokol tərtib edilmişlər. Hazırda etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid qismində ifadə verərək göstərmişdir ki, Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində RPŞ-nin PPXB-nin polis nəfəri polis serejantı X1 rayonu Musaküçə kənd ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati xəta olduğunu izah etmişlər. Həmin şəxsə sakitləşməsini bildirirsələrdə o, qanuni tələblərinə qəsdən tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmiş və ətrafdakı insanların diqqətini özünə cəlb etməyə çalışmışdır. Həmin şəxs barəsində qanuni tədbir görülməsindən ötrü polis şöbəsin gətirmişlər, şöbədə həmin şəxsin Masallı rayonu, Şıxlar kənd sakini Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi, inzibati xəta haqqında protokolla, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Buna görədə Şəxs tənbeh tədbiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsi tətbiq edilməlidir. Hakimiyyət nümayəndəsi dedikdə, təşkilati hüquqi formasından, tabeliyindən, idarə mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar, habelə ayrı-ayrı şəxslər üçün icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün hakimiyyət səlahiyyətlərinə malik olan şəxs başa düşülür. Hakimiyyət səlahiyyəti dedikdə xidməti vəzifəsinin yerinə yetirilməsi zamanı idarəetmə sahəsində müxtəlif qərarlar qəbul etmək, icrası vətəndaşlar və hüquqi şəxslər üçün məcburi olan tələblər irəli sürmək hüququ başa düşülür. Polis haqqında qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən polis əməkdaşı qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək, zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşə əlavə olunmuş 23 avqust 2023-cü il tarixli MN ******* saylı və 23 avqust 2023-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 510-cu və 535.1-ci maddələri ilə barəsində protokol tərtib edilmişdir. İşə əlavə olunmuş 20 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 avqust 2023-cü il tarixdə saat 18:00-də tutulmuşdur. Beləliklə məhkəmə verilmiş inzibati materialı tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında prtokolun qanunililiyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, protokol işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını yüngülləşdirən halı kimi nəzərər alır; inzibati tənbehi ağırlaşdıran halı yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,112,114,117 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 23 avqust 2023-cü il tarixdən saat 18:01-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar