Məhkəmə qərarları › İş №3(050)-1365/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1365/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1365/2025 05.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, xx.xx.2004-cü ildə Lerik rayonu, Züvüc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Lerik rayonu, Züvüc kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol və əlavə edilmiş sənədlər baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:31 radələrində X1 yolunun 143-cü km-də idarə etdiyi “Hyundai Elantra” minik markalı, ** UA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən 726 saylı stasionar postda YPX əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdilər. İş materiallarında olan: 16 may 2025-ci il tarixli, 000528 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyində narkotik vasitə MET (+) metamfetamin aşkar olunmuş, o, metamfetamin qəbulu nəticəsində psixotrop maddə təsiri altında sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:31 radələrində X1 yolunun 143-cü km-də idarə etdiyi “Hyundai Elantra” minik markalı, ** UA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən 726 saylı stasionar postda YPX əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Bununla da o, avtomobili narkotik vasitədən istifadə olunması ilə nəticələnən sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 09 (doqquz) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar