Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1368/2024 06.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis serjantı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də işləyən, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 iyun 2024-cü il tarixdə saat 12:08 radələrində Masallı rayonu ərazisində “MERCEDES BENZ E200 CDİ MİNİK” markalı, **-EX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərdi ki, 25 iyun 2024cü il tarixdə Masallı rayonu, H.Əliyev pr-ti ərazisində “MERCEDES BENZ E 200 CDİ MİNİK” markalı, **-EX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən zaman sükan arxasında telefonla danışmış və eyni zamanda işıqforun qırmızı işığına məhəl qoymayaraq, düz xətti tapdalamışdır. Buna görə də Şahid adlı yol-patrul xidmətinin əməkdaşı onu saxlamış, etmiş olduğu qayda pozuntusunu ona izah etmişdir. O, həmin gündən əvvəlki gündə də qayda pozmuş, lakin qazi olduğu üçün Niyaməddin adlı yol patrul əməkdaşı ona hörmət edərək barəsində tədbir görməmişdir. 25 iyun 2024-cü il tarixində Şəxs barəsində tədbir görmədiyinə görə Şahid 10 manat pul vermək istəmiş, həmin vaxt N. Həsənov “səndən spirtli içki iyi gəlir” deyib spirtli içki qəbul edib-etmədiyini soruşmuş, o, spirtli içki qəbul etmədiyini bildirmişdir. Daha sonra polis əməkdaşlarının xidməti maşınına əyləşdirilərək bir daha içib-içmədiyi soruşulmuşdur. Bu zaman o, bir gün əvvəl 2 bakal pivə içdiyini etiraf etmişdir. Özünü sərbəst şəkildə idarə etmiş, spirtli içki qoxusu gəlməmiş, buna baxmayaraq, polis əməkdaşları alkotestrin batareyası tükəndiyindən yerində müayinə apara bilməyəcəklərini deyərək onu müayinə etmək üçün Masallı Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində müayinə apardıqdan sonra alkotestrin nəticəsi ilə tanış olaraq, imza etmişdir. Lakin o, alkotestrin nəticəsi ilə razı olmadığı üçün həkim müayinəsinə göndərilməsini xahiş etsə də, aparılmamışdır. Həmin vaxt xidməti maşında videoçəkiliş olmuş, lakin səs yazısını qeyd etməmişdir. Videoya baxdıqda görünür ki, o, sərxoş olmağını qəbul etməmiş, etiraz etmiş və protokola da imza etməmişdir. Lakin, onun əvəzinə kimsə protokola imza etmiş və ata adını da səhv yazılmışdır. Onun imzası saxtalaşdırılmışdır. Aşağıda qeyd etdiyi qaydalara əsasən o, əgər etiraz edirdisə onun sərxoşluq vəziyyətinin yoxlanması üçün həkim-narkoloq tərəfindən tibbi müayinə olunmalı və rəy verilməlidir, lakin polis əməkdaşları onu müayinədən keçirməmişlər. Özü həmin gün saat 16:24-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasında sərxoşluq testindən keçmiş və ayıq olmağını təsdiq olunmuşdur. O, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində saxlanılmışdır. O, taksi fəaliyyəti ilə məşğul olur, təbii ki, səhər içki içib avtomobil idarə edə bilməz. O, bir gün qabaq xx.xx.2024-cü il tarixdə günorta saatlarında 2 bakal pivə içmiş və təxminən 19 saat sonra polis əməkdaşları onu saxlamışdır. 19 saat ərzində sərxoşluğun qalması isə mümkün deyildir. Sərxoş halda avtomobil idarə edən şəxs özünü idarə edə bilməz, yəni qeyri-adekvat hərəkətlər edər, fikrini çatdıra bilməz, halbuki normal şəkildə avtomobili idarə etmişdir. Ona qarşı edilən qanunsuzluğa görə aidiyyatı üzrə orqanlara müraciət etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis serjantı Nümayəndə oğlu məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Masallı rayonu, H.Əliyev prospekti ərazisində “MERCEDES BENZ E200 CDİ MİNİK” markalı, **-EX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü işıqforun qırmızı işiğında 1.1 və 1.3 nişanlanma xətlərini tapdalayaraq, əks istiqamətə çıxaraq, manevr etmişdir. Buna görə də saxlanılmış və inspektor Şahid tərəfindən sürücünün etdiyi qanun pozuntusu izah edilmişdir. Bu zaman sürücü Şəxs üzərindən sipirtli içki iyi gəlmiş, onu müayinə etmək üçün Masallı Rayon Polis şöbəsinə məxsus xidməti maşına əyləşdirilmiş, həmin vaxt o, 10 manat rüşvət təklif etsə də, bu təklifdən imtina edilmişdir. Sürücü polis şöbəsinə gətirilərək, alkolotestrlə müayinə olunmuş və nəticədə sərxoş vəziyyətdə olması aşkar edilmişdir. Sürücü alkotestrin nəticəsi ilə razı olduğundan, həkim müayinəsindən keçirilməsini tələb etmədiyindən ətraflı tibbi müayinədən keçirilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 iyun 2024-cü il tarixdə saat 12:08 radələrində Masallı rayonu ərazisində “MERCEDES BENZ E 200 CDİ MİNİK” markalı, **-EX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli alkotesterin nəticəsindən əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs 0,418% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Həmin kağız daşıyıcıda Şəxs tərəfindən “alkoltesterin nəticəsi ilə tanış oldum 2 bakal pivə içmişəm” qeyd aparılmış və imza etmişdir. xx.xx.2024-cü il tarixli, 000904 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs şəxsi təşəbbüsü ilə tibbi müayinədən keçmiş, müayinə alkotesterlə aparılmış və rəydə “ayıqdır, alkoqoldan sərxoşluq əlaməti yoxdur” qeydi aparılmışdır. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşları tərəfindən sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkotester müayinəsindən keçirilmiş, nəticə ilə tanış edilmiş və qeydiyyat aparmışdır. İş materiallarında olan polis əməkdaşı tərəfindən aparılmış videoçəkilişə Şəxs iştirakı ilə onun etirazı olmadan baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşlarına dünən saat 5-6 radələrində 3 bakal pivə içdiyini etiraf etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi izahatını dinləyib belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə protokol və ona sənədlərə baxılarkən müəyyən edilmişdir ki, Şəxs saxlanılaraq onun sərxoş vəziyyətdə olmasına şübhələr olması bildirilmiş, lakin alkotestrin enerjisi tükəndiyindən onu saxladıqları yerdə müayinədən keçirməmişlər, bir müddət sonra polis şöbəsinə gətirilərək alkotestr müayinəsindən keçirilmişdir. Məhkəmə iclasında videoçəkilişə baxılarkən görünür ki, Şəxs saxlanıldığı yoldan Yol Patrul Xidmətinin başqa xidməti maşınları hərəkət edərək polis əməkdaşlarının yanlarından keçirlər. Belə olan halda, polis əməkdaşlarının Şəxs saxlanıldığı yerdə alkotestr cihazının gətirilməsi imkanı olmasına baxmayaraq, sürücünün saxlanıldığı yerdə müayinə edilməməsi şübhəli vəziyyət yaratmışdır. Bundan əlavə, Şəxs alkotestrin nəticələri ilə razı olmaması, müayinə kağızının üzərində “nəticə ilə razıyam” ifadəsini yazmaqla əslində həmin gün yox, ondan bir gün öncə pivə içməsi ilə razılaşdığı işin faktiki halları ilə sübut edilmişdir. Belə ki, avtonəqliyyat vasitəsinin saxlanca qəbulu haqqında tərtib edilmiş protokolun arxa hissəsində protokolun tərtib edilmə tarixinə diqqətlə nəzər yetirdikdə məlum olur ki, diyircəkli qələm vasitəsi ilə ayın tarixində qaralama edilərək əvvəlcə 5 rəqəminə oxşar rəqəmin yazıldığı, daha sonra isə 5 rəqəminin 4 rəqəminə çevirmək cəhdinin edildiyi görünür. Şəxs qeyd edilən xüsusatla bağlı bildirmişdir ki, o bir gün əvvəldən, yəni 24 iyun 2024-cü il tarixdə pivə içdiyini etiraf etmiş, protokola isə 25 iyun 2024-cü il tarixin qeyd edildiyini gördüyündən buna etiraz etdikdən sonra polis əməkdaşları sənədlərin 24 iyun 2024-cü il tarixə tərtib edildiyinə inandırmaq üçün sonradan onun gözünün qarşısında 25 rəqəmində olan 5 rəqəminin üzərində düzəliş edərək 4 ilə əvəz edilmiş, yəni protokolun xx.xx.2024-cü il tarixdə tərtib edildiyi qeyd edilmişdir. Bundan başqa sürücünün tələbi ilə ətraflı həkim müayinəsindən keçirilməsi təmin edilməmiş, sürücü özü öz təşəbbüsü ilə Lənkəran şəhərinə gedərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji xəstəxanasında tibbi müayinədən keçmiş, tərtib edilmiş protokoldan görünür ki, Şəxs tibbi müayinədən keçirilmiş, həmin gün saat 16:24-də alkoqolun miqdarının 000 %, yəni sərxoş halda olmadığı müəyyən edilmişdir. Şəxsin polis şöbəsində müayinə olunduqdan sonra qısa müddət ərzində yenidən müayinədən keçdiyi zaman sərxoş olmadığının müəyyən edilməsi onu göstərir ki, şəxsin avtomobili idarə etdiyi zaman sərxoşluq vəziyyəti olmamışdır. Əks təqdirdə sürücüdə polis şöbəsində aşkar edilən spirtin miqdarından az da olsa spirt aşkar olunardı. Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. “Yol-patrul xidməti haqqında” Təlimatın 8.17 bəndində qeyd olunur ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir (Təlimata 14 nömrəli əlavə) və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətanı törətməsini sübutetmək vəzifəsi səaliyyətli orqanın üzərinə düşdüyündən, səlahiyyətli orqan sürücünün sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə dair, eləcə də iş üzrə yaranmış şübhəli halların əsaslılığına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən yaranmış şübhəli hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqanın nümayəndəsi isə şəxsin təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, əməldə inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1368/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1368/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver