Məhkəmə qərarları › İş №3(050)-1393/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1393/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1393/2025 20.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, X2, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X3 nümayəndəsi X6 iştirakları ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Lənkəran-Astara regional şöbəsinə qarşı xx.xx.2024-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X3 rəisi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini və inzibati xəta haqqında işə yaşadığı yer üzrə yəni Masallı Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Republikası X18 X3 rəisi, X9 tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərarda göstərilmişdir ki, guya onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin tələbləri pozularaq işçilərə müəyyən edilmiş minimum əmək haqqından az əmək haqqı verilmişdir. Qəbul edilən qərarla razı deyil və hesab edir ki, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bildirmək istəyirəm ki, o, artıq uzun müddətdir ki, göstərilən sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Sistemdə onun işçiləri kimi qeyd edilən və əmək haqları müəyyən olunmuş minimum məbləğdən az göstərilmiş şəxslər hal-hazırda onunla çalışmırlar. Sadəcə olaraq başı qarışıq olduğu üçün və bu işlərlə məşğul olan əməkdaş vəfat etdiyi üçün onlarla imzalanmış əmək müqavilələrinə xitam verilməmişdir. Lakin inzibati xəta haqqında qərarı qəbul etmiş vəzifəli şəxs bu halları araşdırmadan, guya apardıqları təhlillər əsasında belə bir nəticəyə gəlmişlər. İş üzrə inzibati xəta haqqında protokol tərtib edilərkən bir çox pozuntulara yol verilmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman barəsində ona məlumat verilməmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokol ehtimal olunan inzibati xətanın aşkar edilməsindən uzun müddət sonra tərtib edilmişdir. Məhkəmə iclasında şikayətçi X8 şikayətin məzmununa uyğun izahat verməklə əlavə olaraq qeyd etdi ki, 2020-ci ildə Bakı şəhərində univermaqda özünə ticarət obyekti açmışdır. İşçilər həmin vaxt işə götürülmüşdür. “Covid 19” pandemiyası ilə əlaqədar müvəqqəti obyektini bağlamışdır. Daha sonra müflis olduğu üçün obyektin fəaliyyəti tam şəkildə dayandırılmış və işçilər işdən çıxarılmışdır. Lakin həmin işçilərlə əmək müqaviləsinə xitam verilmədiyindən “əmək və məşğulluq altsisteminə” baxış keçirilən zaman həmin şəxslərin əmək müqaviləsi bildirişlərində əmək haqqı məbləğinin minimum əməkhaqqı məbləğindən aşağı olması qeyd edilmişdir. Faktiki olaraq həmin işçilər onun obyektində uzun müddətdir ki, çalışmırlar. Səhlənkarlıq etdiyini etiraf edir. O cümlədən onkoloji xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasında müalicə almağa getmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X3 əməkdaşları ona zəng edərək pozuntu barəsində məlumat vermiş və kömək etmək istədiklərini bildirmişlər. O, da həmin vaxt xəstə olduğu üçün onlarla aqressiv danışmış, yol verdiyi pozuntu ilə bağlı heç bir tədbir görməmişdir. O, səhvini başa düşür. O, xəstəliyi ilə əlaqədar ağır dərmanlar qəbul etdiyi üçün yol verdiyi pozuntunu aradan qaldıra bilməmişdir. Hüquqi cəhətdən səhv olduğunu anlayır. Bununla belə barəsində tətbiq edilmiş cərimə qərarının ədalətsiz olduğunu düşünür. Barəsində inzibati tənbeh tətbiq edilsə də yol verdiyi inzibati xəta hazıradək aradan qaldırılmamışdır. Sonda Ə.İ.Əlizadə qeyd edilən səbəblərin nəzərə alınmaqla X18 Xidməti X3 barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli, seriya MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X13 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, “Əhalinin sosiai rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamı ilə 2023-cü il yanvarın 1-dən Respublika üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən “müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Təmsil etdiyi qurum tərəfindən “Əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən X8 tərəfindən sistemə daxil edilmiş işçiləri əmək müqaviləsi bildirişlərində əmək haqqı məbləğinin minimum əmək haqqı məbləğindən aşağı qeyd edildiyi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir. Təmsil etdiyi qurumun məqsədi vətəndaşlar tərəfindən yol vermiş pozuntuların qarşısını cəzalandırmadan almaq olmuşdur. Buna görə də X7 xx.xx.2024-cü ildə qanunvericiliyin tələblərinə uyğun olaraq 10 (on) iş günü müddətində əsas iş yeri və tam iş vaxtı rejimi üzrə işləyən və əmək müqaviləsində 345 manatdan aşağı əmək haqqı daxil edilən işçilərin əmək haqqı məbləğlərinə düzəliş edilməsi və müvafiq dəyişikliklərin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin təmin edilməsi və görülmüş tədbirlər barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə məlumat verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Eləcə də əməkdaşlar tərəfindən yol verilmiş pozuntu ilə bağlı şəxslə telefon vasitəsilə əlaqə saxlanılmış ona yol verdiyi pozuntunun aradan qaldırılmasına köməklik göstərilməsi də təklif olunmuşdur. Lakin görülən tədbirlərin heç bir nəticəsi olmamışdır. xx.xx.2024-cü il tarixdə yenidən “Əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Əlizadə Ədalət tərəfində işçilərin əmək haqqına nə heç bir dəyişilik edilməmiş nə də ki, onlarla bağlanılmış müqaviləyə xitam verilməmişdir. Bundan sonra şəxs barəsində inzibati icraat başlanılmış və bu barədə qanunvericiliyin tələbinə uyğun şəxsə məlumat verilmişdir. Daha sonra qanunvericiliyə uyğun şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə şəxsin barəsində inzibati xəta haqqında işin baxış iclasına dair məlumat verilmiş, lakin şəxs iclasa gəlməmiş və işin təxirə salınması barədə vəsatətlə müraciət etməmişdir. Beləliklə də X8 barəsində xx.xx.2024-cü il tarixdə yol verdiyi pozuntuya görə Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsi ilə 1000 manat cərimə növündə tənbeh tətbiq edilmişdir. Şəxsin özü də dolayı yolla inzibati xəta törətdiyini etiraf edir. Hesab edir ki, qərar tam əsaslı və qanunidir. Yol verilmiş inzibati xəta bügunədək davam edir. Odur ki qeyd olunanların nəzərə alınıb şikayətin rədd edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən X8 tərəfindən işçi X10 ilə xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Bildirişdə işçinin əmək haqqı 250 manat qeyd edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən X8 tərəfindən işçi X16 ilə xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Bildirişdə işçinin əmək haqqı 250 manat qeyd edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən X8 tərəfindən işçi X11 ilə xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Bildirişdə işçinin əmək haqqı 250 manat qeyd edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən X8 tərəfindən işçi X5 ilə xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Bildirişdə işçinin əmək haqqı 250 manat qeyd edilmişdir. X7 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən X7 yol verdiyi uyğunsuzluqları aradan qaldırılmadıqda və tələb olunan məlumatlar təqdim edilmədikdə, məsuliyyətə cəlb olunması ilə bağlı barəsində müvafiq tədbirlər görüləcəyi izah edilmişdir. Bildiriş və xəbərnamədən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən X7 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında işə baxılması ilə bağlı xx.xx.2025-ci il tarixə, saat 11:00-a təyin edilmiş iclas barədə məlumat verilmişdir. 14 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vərmə haqqında qərardan görünür ki, X8 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci və 3-cü hissələrinin tələblərini pozaraq işçilərlə dövlət tərəfindən müəyyən edilmiş minumum əməkhaqqı məbləğindən aşağı ödədiyinə görə, barəsində Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən 1000 manat inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən 1-ci bəndində qeyd edilmişdir ki, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmin maddənin 3-cü bəndində qeyd edilmişdir ki, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Azərbaycan Respublikası İXM 192.3-ci maddəsinə görə işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, 2024-cü ildə minumum əmək haqqı 345 manat olmasına baxmayaraq Əmək və Əhalinin altsisteminə baxış keçirilərkən işə götürən X8 tərəfindən əmək haqqı bildirişlərində əmək haqqı məbləğinin minimum əmək haqqından aşağı qeyd edilməsi müəyyən edilmişdir. Yol verilmiş pozuntunun aradan qaldırılması ilə bağlı şəxsə xəbərdarlıq göndərilmiş, eləcə də telefon vasitəsilə əlaqə saxlanılmışdır. Lakin qərardan şikayət vermiş şəxs özünün də etirafında qeyd etdiyi kimi “səhlənkarlıq” edərək yol verdiyi pozuntunu aradan qaldırmamışdır. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 155-ci maddəsinin 3-cü bəndində göstərilən tələbləri pozmuşdur və barəsində inzibati tənbeh tətbiq edilmişdir. Göründüyü kimi X1 orqan tərəfindən yol verdiyi pozuntunun aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülmüş, lakin ona edilmiş xəbərdarlıqlara baxmayaraq özünün də qeyd etdiyi kimi həmin pozuntunun aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Məhkəmə Ə.Əlizadənin məhkəmə iclasında yol verdiyi pozuntunun aradan qaldırılmaması barədə gətirdiyi dəliləri barəsində tətbiq edilmiş inzibati tənbehdən yaxa qurtarmağa cəhd etməsi kimi qiymətləndirir və mümkün sübutetmə vasitəsi kimi rədd edir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən X8 barəsində tətbiq edilmiş tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-ə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir (maddə 3). İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur (maddə 13). Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törətdən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli oaln digər halları müyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəata haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqında protokolla, Bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, inzibatı tənbeh vermə haqqında qərar hadisənin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Qərarın ləğv edilməsi üçün İXM-in 135.1.1-135.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X3 14 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar