Məhkəmə qərarları › İş №3(050)-1402/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1402/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1402/2024 30.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu Binə Xoacavar kəndində qeydiyyatda olmaqla, yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Şəxs barəsində tərtib olunmuş inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əvvəl Masallı Rayon Məhkəməsində hakim Zeynal Zeynalovun sədrliyi ilə 08 iyul 2024-cü il tarixdə baxılmış, Şəxs İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan şikayət vermiş Şəxs şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 31 iyul 2024-cü il tarixli qərarı ilə qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin qərarı ləğv edilərək işə yenidən baxılması üçün Masallı Rayon Məhkəməsinə geri qaytarılmışdır. İnzibati xəta haqqında iş üzrə icraat aparılarkən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:40 radələrində Masallı rayonu, Binə Xocavar kəndindin ərazisində idarə etdiyi “VAZ 21061” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən yolun sol kənarında yerləşən tikili ilə toqquşmuş, nəticədə həmin avtimobildə sərnişin qismində əyləşmiş şəxs Şahid1 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, əmisi ankoloji xəstə olduğu üçün xx.xx.2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə əmisigilə getmişdir. Əmisi gilə çatdıqdan sonra ailə üzvlərini əmisi gildə qoyub əmisi oğlu ilə birlikdə əmisi oğlunun ara-sıra işlətdiyi kafesinə getmişdir. Daha sonra kafeyə dayısı da gəlmişdir. Kafedə təxminən bir-iki saat oturub çay içib “domino" oynadıqdan sonra kafedən çıxmışlar. Kafedə ancaq çay verilir və damino oynanılır, başqa bir şey verilmir. Kafedən çıxdıqları zaman isə zəng olunmuşdur ki, əmisinin vəziyyəti pisləşmiş xəstəxanaya çatdırılmalıdır. Odur ki, maşına minib əmisi gilə getmişlər. Həmin vaxt hava yağmurlu olmuş, narın yağış yağmışdır. Kəndin içində hərəkətdə olduqları zaman arxadan avtomobilin gəldiyini görmüşdür. Amma nə maşını olduğunu bilməmişdir. Kəndin içərisində ensiz yolda hərəkətdə olduğu zaman həmin arxadan gələn avtomobil onun yan tərəfinə keçərək onu sıxışdırmış, o avtomobilə dəyməmək üçün sükanı cəld yolun kənarındakı daş hasara doğru döndərmiş, əyləci basmağa macal tapmamış avtomobil daş hasara çırpılmışdır. Sonradan kənd ərazisində yerləşən kamera görüntülərinə baxıldığı zaman həmin onu sıxışdıran maşının polis maşını olması müəyyən olunmuşdur. O, qaranlıq olduğundan arxasınca avtomobilin hərəkət etdiyini görsə də, xəbərdaredici sayrışan işıqları yandırmadığından həmin maşının YPX avtomaşını olduğunu bilməmişdir. Toqquşmadan sonra toqquşmanın təsirindən maşının ön şüşəsinə dəyərək şüşədən çıxmışdır. Hadisə zaman avtomobildə olan şəxslər də xəsarət almışlar. Toqquşmadan sonra nə baş verdiyini bilməmişdir. Səhəri gün xəstəxanada ayılmışdır. Arxasınca düşən polis maşınında olan əməkdaşlar onları atıb getmişlər, onlara yardım etməmişlər. Alkotestr müayinəsindən keçirilməmiş, işə saxta alkotestr müayinə kağızı əlavə edilmişdir, guya kimi o, içkili olmuşdur. O, həmin gün özündə olmamış, səhəri gün xəstəxanada özünə gəlmişdir. Əgər hadisə yerinə baxış keçirilmiş olsa o zaman görünəcək ki, orada döngə var və o dönmək istədiyi zaman həmin avtomobil onun yoluna çıxaraq onu sıxışdırdığı üçün dönə bilməmişdir. Həmin vaxt spirtli içki qəbul etməmiş, onun təsiri altında olmamışdır. Alkotestrdən necə və hansı şəraitdə keçirildiyini bilmir, çünki həmin vaxt özündə olmamışdır. Aldığı ağır xəsarətlərin nəticəsi olaraq hadisə zamanı huşunu itirmiş, özündə olmamışdır. Hadisə yerinə gələn qohum-qonşular onun vəziyyətinin pis olduğunu görüb, dərhal X7a zəng vurmuş, onu tibbi yardım avtomobili ilə Masallı rayon mərkəzi xəstəxanasına çatdırmışlar. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimə xəstəxanada yatmış və sonda xx.xx.2024-cü ildə evə buraxılmışdır. Yəni hadisələr məhkəmə iclasında verdiyi izahat əsasında baş vermiş, polislər onun məlumatı və xəbəri olmadan qanunsuz təqib etmişlər və nəticədə o, ağır dərəcəli xəsarətlər almışdır. Qəza hadisəsi baş verən kimi polislər ərazini tərk etmişlər. Onu ümumiyyətlə nəinki alkotestr müayinəsindən keçirməmişlər, heç yardım məqsədi ilə yanına belə gəlməmişlər. Hazırda o, özünü təqsirli bilmir, avtoqəza törtməsinə səbəb isə YPX-nin avtomobilini idarə edən polis əməkdaşları olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alıb barəsində inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları məhkəmə iclasında təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında göstərdi ki, Şəxs həmkəndlisi həm də qohumudur. Şəxs əmisi ankoloji xəstə olmaqla vəziyyəti ağır olduğundan xx.xx.2024-cü il tarixdə birlikdə onların evində olmuşlar. Həmin vaxt Şəxs ailəsi də orada olmuşdur. Bir neçə saatdan sonra oradan küçəyə çıxdıqdları vaxt saat təxminən 23:30 radələrində Şəxs idarə etdiyi “VAZ 21061” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomşınla küçədən keçdiyini görmüş, aradan 4-5 saniyə keçmiş təxminən 20-30 metr aralıqdan YPX avtomobilinin sürətlə keçdiyini görmüşdür. Hər iki avtomobil küçədən sola döndükdən sonra zərbə səsi eşitmiş, özünün qaldığı yerdən səs-gələn yerə kimi təxminən aralarındakı məsafə 100-150 metr olmuşdur. İti addımlarla səs gələn tərəfə gedərkən YPX avtomobinin geriyə dönərək sürətlə gəlib keçdiyini görmüşdür. Həmin yerə yaxınlaşdıqda Şəxs idarə etdiyi “VAZ 21061” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomşının daş hasara çırpıldığını, avtomobildə olan səxslərin isə salonda olduqlarını görmüş, dərhal onlara yaxınlaşdıqda, sürücü Şəxs və sərnişin olmuş Şahid1 müxtəlif bədən xəsarəti aldıqlarını və huşsuz olduqlarını görmüşdür. Dərhal 103 və 102 çağrı Mərkəzlərinə zəng edərək məlumat vermiş, daha sonra həmin şəxsləri avtomobildən çıxarmağa çalışmışdır. Təcili tibi yardım avtomobili gəldikdən sonra hər iki şəxs xəstəxanaya yola salınmışdır. Həmin vaxt YPX avomobili sayrışan işıqlardan istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru işləyən Şahid2 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində YPX-nin inspektoru Şahid2lə xidmətdə olan zaman Masallı rayonu, Binə Xocavar kəndində yerləşən kafenin qarşısından kəndin içərisinə doğru “VAZ-2106” markalı, 44-CH- 995 dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə hərəkət etdiyini görmüş, həmin avtomobilin spirtli içkinin təsiri altında idarə edilməsindən şübhələnib xüsusi səs gücləndirici vasitəsilə saxla əmrini vermiş, həmin avtomobilin sürücüsü avtomobili saxlamamış və yüksək sürətlə şosse yolundan kənara yolda dönərək gözdən itmişdir. Biraz sonra eşitmişdir ki, həmin avtomobil kəndin içərisində hərəkətdə olduğu zaman idarəetməni itirərək divara dəymiş, daha sonra həmin avtomobil evakuator ilə Masallı RPŞ-nin cərimə meydançasına gətirilmişdir. Binə Xocavar kəndi ərazisində hadisəni törətmiş şəxs Şəxs olmuş, hadisədən sonra Şəxs alkotester müayinəsindən keçirilmiş, onun spirtli içki qəbul etdiyi müəyyən edilmişdir. O, Şəxs avtomobilini təqib etməmiş, onu yolda sıxışdırmamışdır. Şəxs yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı Masallı RPŞ-nin İB-də araşdırma aparılmışdır. Əməldə cinayət tərkibi olmadığından xx.xx.2024-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin tərkib əlamətləri olduğundan həmin madə ilə barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ-nin DYPB-yə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru işləyən Şahid5 eyni məzmunlu izahat verərək Şahid2 izahatında göstərdiyi xüsususatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 00 radələrində Masallı rayonu, Binə Xocavar kəndində yol nəqliyyat hadisəsi ilə bağlı məlumat daxil olduqdan sonra hadisə yerinə getmişdir. Hadisə yerində olduğu vaxt “VAZ-2106” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin kəndarası yolda daş hasara çırpılmaqla ön hissənin yararsız hala düşdüyünü görmüş, lakin sürücü və kənar şəxslər hadisə yerində olmamış, lakin onların xəsarət alaraq Masallı Rayon Mərkəzi xəstəxanasına aprılmaları barədə məlumat aldıqdan dərhal sonra xəstəxayana getmişdir. Bundan sonra sürücünü gecə saat 04 radələrində xəstəxanda alkoltestr müayinəsindən keçirmiş, sürücünün sərxoş vəziyyətdə olması aşkar edilmişdir. Daha sonra hadisə yerinə qayıtmışdır. Sürücü xəsarət alsa da, lakin huşu yerində olmuş, anlaqlı olmuşdur. Sürücü reanimasiyaya yerləşdirilməmişdən qabaq alkoltester müayinəsindən keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 izahatında göstərmişdir ki, Masallı Rayon Mərkəzi Xəstəxanasında cərrah vəzifəzində işləyir. xx.xx.2024-cü il tarixdə Masallı Rayon Mərkəzi X3 Yardım şöbəsində növbətçi həkim olmuşdur. Xəstə Şəxs xəstəxananın X7 şöbəsinə daxil olarkən ağır vəziyyətdə olmuş, huşu tam yerində olmamışdır. Xəstə dərhal ilkin tibbi yardım prosedurlarına uyğun olaraq gecə saat 01:00 radələrində Reanimasiya şöbəsinə yerləşdirilmişdir. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin yanına həkimdən başqa kənar şəxs daxil ola bilməz. Şəxs X7 şöbəsinə daxil olduğu tarixdən reanimasiya şöbəsinə yerləşdirilən müddətə qədər hər hansı YPX əməkdaşının xəstəxanaya gələrək ondan alkoltester müayinəsi götürdüyünü görməmişdir. Həmin gün gecə saat 03-04 radələrinədək bir neçə dəfə xəstənin yanına getmiş, həmin vaxt xəstənin huşu tam yerində olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş “Masallı Rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən təqdim edilmiş XT-927 saylı epikrizdən görünür ki, Masallı rayonu, Binə Xocavar kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə başın təpə nahiyəsinin və dizaltı nahiyənin dərin kəsiyi, bədənin müxtəlif nahiyələrinin əziyi diqnozu ilə daxil olmuş, xəstənin deməsinə görə avtoqəza keçirmiş, xəstənə mayinələr aparılmış, USM, döş qəfəsinin rskapiyası, kt. olunmuşdur. Xəstədə başın təpə və diazaltı nahiyənin dərin kəsiyi, bədənin müxtəlif nahiyələrinin əziyi müşahidə olunmuşdur. Yaralar cərrahi işlənmiş, tikişlər qoyulmuş, aseptik sarğı qoyulmuşdur. Xəstə cərrahiyə şöbəsinə hospitalizasiya olunmuşdur. Xəstəyə antibiotiklər, ağrıkəsicilər təyin olunub, aparılan müalicədən sonra xx.xx.2024-cü il tarixdə xəstə evə ambulator müalicə vəziyətinə yazılmışdır. Epikrizin yazılma tarixi xx.xx.2024-cü il. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Masallı Rayon Prokurorluğunda toplanmış 81-C-24 saylı material üzrə xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən Şəxs idarə etdiyi avtomobilin təqib edilməsi və bunun nəticəsində sonuncunun “VAZ 2106” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməsini itirərək divara vurması faktı öz təsdiqini tapmadığından həmin fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Sərxoşluq vəziyyətinin alkotester vasitəsi ilə müayinə edilməsinin nəticəsindən görünür ki, Şəxs barəsində hər hansı yoxlamanın aparılması, aşkar edilmiş alkoqolun miqdarı, alkoltestr müayinəsinin keçirilmə vaxtı, tarixi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən alkoltester müayinəsində hər hansı qeydin aparılıbaparılmamasını aydın şəkildə görmək mümkün deyildir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, hadisə yerinin sxemi və ona əlavə edilmiş fotoşəkillərə əsasən Masallı rayonu, Binə Xocavar kəndarası yolda “VAZ 21061” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi yerinə YPX əməkdaşı tərəfindən baxış keçirilməklə hadisə yerini sxemi tərtib edilmiş, müvafiq fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 xx.xx.2024-cü il tarixli, 306 nömrəli ekspert rəyindən görünür ki, Şahid1 aşkar edilmiş “başın təpə nahiyəsinin kəsilmiş yarası,üzün sağ yarısının və sağ dirsək oynağına müvafiq nahiyənin sıyrığı” diaqnozlu xəsarətlət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 10 aprel 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 xx.xx.2024-cü il tarixli, 310 nömrəli ekspert rəyindən görünür ki, X1 aşkar edilmiş “başın təpə nahiyəsinin və sağ diz oynağına müvafiq nahiyənin ön hissəsinin əzilmiş yarası və sağ diz nahiyəsinin sıyrıqları” diaqnozlu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir,avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi,törənmə müddəti qərarda qeyd olunan 10 aprel 2024-cü il tarixə uyğun gəlir,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə təqdim edilmiş CD-yə baxış keçirilmiş, keçirilən baxış zamanı CD-diskdə olan videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə havanın qaranlıq olduğu vaxtlarda ağ rəngli “VAZ 21061 minik” markalı avtomobilinin kəndarası yolda hərəkət etdiyi, həmin avtomobilin arxasınca isə qısa məsafəli olmaqla qırmızı və ya göy sayrışan işıqlardan istifadə etməyən Yol Patrul Xidmətinin avtomobilinin hərəkət etdiyi görünür. Məhkəmə toplanmış sübutlara və iş üzrə alınmış izahatlara qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Şəxs YPX əməkdaşları tərəfindən xidməti avtomobillə təqib olunmaqla sıxışdırılaraq avtoqəza törətməsinə səbəb olmasını bildirmiş, məhkəmə icasında şahid qismində dindirilmiş YPX əməkdaşları Şahid5 və Şahid2 ifadələrində qeyd edilən faktı təkzib edərək Şəxs məxsus avtomobili təqib etmədiklərini və qəza şəraitini yaratmadıqlarını bildirmişdilər. Məhkəmə iclasında tədqiq edilmiş CD diskə baxış zamanı YPX avtomobili tərəfindən sayrışan işıqlardan istifadə edilmədən “VAZ 21061” minik markalı ağ rəngli avtomobilin kəndarası yolda arxasınca hərəkət etməsi müyyən edilmiş, lakin YPX avtomobili “VAZ 21061” minik markalı avtomobilini qəsdən sıxışdırması və avtoqəza şəraitini yaratması videogörüntülərdə öz əksini tapmamışdır. Şəxs özü də izahatında onun arxasınca gələn avtomobilin hansı maşın olduğunu bilmədiyini, yolun döngəli hissəsində hərəkətdə olduğu zaman avtomobilin onu sıxışdırması səbəbindən daş hasara avtomobili vurduğunu bildirmişdir. O, yalnız hadisə baş verdikdən sonra kənar şəxslərdən eşitdiyinə görə onun avtomobilini sıxışdıran YPX avtomobili olduğunu bilmişdir. Şəxs bildirdiklərinə uyğun yalnız avtomobildə əyləşmiş şəxslər və yaxın münasibətdə olan şəxs izahatlarında bildirmişdir. Yuxarıda göstərilən səbəblərdən həmin şəxslərin maraqlı şəxslər kimi Şəxs müdafiəsi üçün yalan izahatlar verməsinə əsaslı şübhələr yaradır. Məhkəmə Şəxs avtomobilinin polis maşını tərəfindən sıxışdırılması nəticəsində avtoqəzanın baş verməsi ilə bağlı şahidlərin izahatlarını mötəbər sübutlar kimi qəbul etmir. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş YPX əməkdaşı Şahid4 ifadəsində məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə getməklə müayinə apardığını, daha sonra xəstəxanaya gedərək Şəxs alkoltester müayinəsindən keçirdiyini, həmin müayinənin nəticəsinə əsasən Şəxs avtomaşını sərxoş halda idarə etdməsinin aşkar edildiyini qeyd etsə də, bu fakt Şəxs özünün izahatı, şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şəxs xəstəxanaya daxil olarkən onu növbətçi qismində qəbul etmiş həkim Şahid6 izahatları ilə təkzib olunur. Belə ki, Şahid6 məhkəmə iclasında verdiyi izahatında Şəxs xəstəxananın X7 şöbəsinə daxil olarkən ağır vəziyyətdə olması, huşunun tam yerində olmaması, xəstənin dərhal ilkin tibbi yardım prosedurlarına uyğun olaraq gecə saat 01:00 radələrində reanimasiya şöbəsinə yerləşdirilməsi, reanimasiya şöbəsinə yerləşdirilən xəstənin yanına həkimdən başqa kənar şəxs daxil olmasının mümkün olmadığını, Şəxs X7 şöbəsinə daxil olduğu tarixdən reanimasiya şöbəsinə yerləşdirilən müddətə qədər hər hansı YPX əməkdaşının xəstəxanaya gələrək ondan alkoltester müayinəsi götürdüyünü görməməsini, saat 03-04 radələrinədək bir neçə dəfə xəstənin yanına getməsini, həmin vaxt ərzində xəstənin huşunun tam yerində olmamasını qeyd etmişdir. Eləcə də iş materiallarına əlavə edilmiş alkoltestr müayinəsinin nəticəsini əks etdirən qəbzdə göstərilmiş məlumatların natamam formada olduğu, müayinən nəticələrini dolğun şəkildə əks etdirmədiyi, müayinədən keçmiş şəxs tərəfindən hər hansı qeydlər aparılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsində göstərilri ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. “Yol-patrul xidməti haqqında” Təlimatın 8.17 bəndində qeyd olunur ki, Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir (Təlimata 14 nömrəli əlavə) və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs inzibati xətanı törədərkən sərxoş olmamış, lakin onun avtomaşınla qəza törətməsi nəticəsində özünə və avtomaşında olan digər şəxsə yüngül dərəcəli bədən xəsarəti yetirməsi iş materialları ilə təsdiqini tapır. Beləliklə inzibati xətaya baxılarkən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:40 radələrində Masallı rayonu, Binə Xocavar kəndinin ərazisində idarə etdiyi “VAZ 21061” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmamış, lakin o, manevr etmə qaydalarını pozaraq, idarəetməni itirmiş, avtomobil yoldan çıxaraq yolun sol kənarında yerləşən tikili ilə toqquşmuş və nəticədə həmin avtomobildə sərnişin qismində əyləmiş Şahid1 yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan qəza törətmişdir. Göründüyü kimi, Şəxs törətdiyi inzibati xəta əməli tövsif edilərkən, onun törətmiş olduğu konkret əməlin cəhətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin dizpozisiyasında nəzərdə tutulan xətanın tərkib əlamətləri yaranmamışdır. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin təsiri altına düşür. Yəni o, yol hərəkəti qaydalarını pozaraq zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirsə də, avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmamışdır. Odur ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsindən həmin Məcəllənin 327.8-ci madəsinə tövsif edilməli və Şəxs barəsində həmin maddənin sanksiyası həddində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən-yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə- bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar