Məhkəmə qərarları › İş №3(050)-1428/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1428/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1428/2025 13.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin polis polkovnikleytenantı X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin polis polkovnik-leytenantı X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş xətalara görə 400 manat cərimə olunmuşdur. Lakin hesab edir ki, onun əməlində qeyd olunan inzibati xətanın tərkibi mövcud deyildir, buna görə də iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “VAZ 21070” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən texniki baxışın vaxtı keçdiyi üçün radara düşmüş və nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması göstərilməklə 400 manat cərimə olunmuşdur. Halbuki, onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmamışdır. Belə ki, onun barəsində Masallı Rayon Məhkəməsində 2 ayrı inzibati xəta haqqında iş olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(050)-920/2025 saylı qərarına əsasən cəriməni ödədiyi üçün məsuliyyətdən azad olunmuşdur. Bundan başqa, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(050)- 469/2025 saylı qərarına əsasən yanlış olaraq sürücülük hüququ məhdudlaşdırılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(050)-469/2025 saylı qərarına əsasən həmin məhdudiyyətin yanlış yazılması və məsuliyyətdən azad olunması barədə qərar qəbul edilmişdir. Hazırkı qərar isə xx.xx.2025-ci il tarixdə qəbul olunmuşdur. Göründüyü kimi barəsində həmin tarixdə hər hansı məhdudiyyət olmamışdır və buna görə də o, qeyd olunan inzibati xətanı törətməmişdir. İnzibati qərar qəbul etmiş orqan həmin halları araşdırmadan və qərarları nəzərə almadan onun barəsində 400 manat cərimə tətbiq etmişdir. Həmin qərarın qəbul olunması üçün heç bir hüquqi əsas mövcud deyildir və onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, həmin qərarın ləğv olunması və icraata xitam verilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 məhkəmə iclasında şikayəti eyni məzmunda əsaslandıraraq, əlavə olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini idarə edən zaman nəqliyyat vasitəsi texniki baxışdan keçirilməmişdir. Hazırda da nəqliyyat vasitəsi texniki baxışdan keçirilməmişdir. Lakin sürücülük hüququ məhdudlaşdırılmış olduğu halda nəqliyyat vasitəsini idarə etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərarı qəbul edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə şikayətə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3(050)-469/2025 nömrəli qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-529.3-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3(050)-469/2025 nömrəli qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin 3(050)-469/2025 nömrəli, 07 mart 2025-ci il tarixli qərarında yol verilmiş anlaşılmazlıq aradan qaldırılmış qərarın əsaslandırma hissəsində “maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir” sözləri “X6 tərəfindən İXP ******* nömrəli inzibati tənbeh haqqında qərar üzrə 50 manat məbləğində cərimə məbləği və ona hesablanmış 30 manat dəbbə pulu tam şəkildə ödənildiyindən o, inzibati məsuliyyətdən azad edilməlidir” sözləri kimi, qərarın nəticə hissəsində “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın” sözləri “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin” sözləri kimi oxunulmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İXM-529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilmişdir. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixli, 3(050)-469/2025 nömrəli qərarında yanlışlıq olaraq X5 Azərbaycan Respublikasının İXM-529.3-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay məhdudlaşdırılsın kimi qeyd edilmişdir. Daha sonra Masallı Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixdə həmin qərarda anlaşılmazlıq olduğunu “X6 Azərbaycan Respublikasının İXM-529.3-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay məhdudlaşdırılsın” sözlərinin “X6 Azərbaycan Respublikasının İXM-529.3-cü maddəsi ilə məsuliyyətdən azad edilsin kimi oxunulsun” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi məhkəmə iclasında sübuta yetirildi ki, X7 xx.xx.2025-ci il tarixdə “Vaz 2107” minik markalı nəqliyyat vasitəsini idarə edən zaman barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması ilə bağlı hər hansı inzibati tənbeh vermə haqqında qərarı qəbul olunmamışdır. Həmçinin məhkəmə R.A.X9 Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi ilə bağlı onu vurğuluyur ki, R.A.Qənbərov məhkəmə iclasında etiraf etmişdir ki, xx.xx.2025-ci il tarixdə “Vaz 2107” minik markalı nəqliyyat vasitəsini texniki baxışdan keçirməmişdir. Hazırda da nəqliyyat vasitəsini texniki baxışdan keçirməmişdir. İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə-əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir Beləlilklə məhkəmə hesab edir ki, səlahiyyətli şəxs X3 inzibati məsuliyyətə cəlb olunmasını kifayət qədər araşdırmamışdır. Masallı Rayon Polis Şöbəsinə qərardan şikayət vermiş şəxsin inzibati xətanın törətməsi barədə sübutların məhkəməyə təqdim edilməsi barədə sorğu verilsə də qərar qəbul etmiş səlahiyyətli orqan məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qüvvədə olan qanunvericilik aktlarına əsasən inzibati xətanın inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1 və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcəllənin 134.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, səlahiyyətli şəxs inzibati xəta törətmiş X5 barəsində gəldiyi nəticə üçün müəyyən edilmiş iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, onun nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu” ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsi məhkəmə iclasında müəyyən olunsa da, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə edilməsi halı sübuta yetirilməmişdir. Belə olan halda qərar ləğv edilməli, X5 barəsində İXM-nin 332.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməli, onun barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati tədbir görülməsindən ötrü inzibati xəta haqqında qərar səlahiyyətli orqana göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 115, 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. DİN BDYPİ polis polkovnik leytenantı X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 barəsində İXM-nin 332.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. X5 barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə DİN Baş Dövlət Yol Polis İdarəsində baxılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar