Məhkəmə qərarları › İş №3(050)-1429/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1429/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1429/2025 05.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Masallı rayonu, Yeddioymaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qasımlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 05 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 09 yanvar 2025-ci il tarixdən başalayaraq yetkinlik yaşına çatmayan 12 yanvar 2010-cu il təvəllüdlü X5 və 22 fevral 2013-cü il təvəllüdlü X1 üçün Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulması barədə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-637/2025 saylı icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında icra məmuru X4 bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-637/2025 saylı icra sənədi xx.xx.2025-ci il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmaqla tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinin icrası ilə bağlı tələbin könüllü icrası barədə borclu Şəxs bildiriş ünvanlanmışdır. Lakin, borclu icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclunun qeydiyyatda olduğu ünvana getmiş, lakin borclu qeydiyyatda olduğu ünvanda olmadığından sonuncunun qardaşı ilə alimentin ödənilməsinə dair icra sənədinin icrası ilə bağlı profilaktik söhbətlər aparmışdır. Borclu ilə əlaqə saxlanıması mümkün olmamış, lakin bu barədə müvafiq akt tərtib edilməmişdir. Bundan sonra tələbkar Məhluqə İsayevə icra və probasiya şöbəsinə müraciət edərək borclunun Qarabağ zonasında işləməklə qazanc əldə etdiyini, bu səbədən icra sənədi üzrə aliment borcunun ödənilməsini tələb etmişdir. İcra çağırışlarından yayındığına görə borlcunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Bu gün tutularaq icra şöbəsinə gətirildikdən sonra ona icraata başlamaq haqqında qərarın surəti və bildiriş təqdim edilmiş, eyni zamanda barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Hazırda borclunun icra sənəsi üzrə 1920 manat ödənilməmiş aliment borcu yaranmışdır. Odur ki, qeyd olunanları nəzərə alıb, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-637/2025 saylı icra sənədindən bu gün tutularaq icra və probasiya şöbəsinə gətirildikdən sonra məlumatı olmuşdur. O, hazırda Qarabağ zonasında yenicə işə düzəlmiş, fəhlə işməklə aylıq 900 manata yaxın əmək haqqı alır. İcra sənədinin icrasından yayınmaq fikri yoxdur. Uşaqlarını saxlamaq onun borcudur. Tələbkara aliment borcundan 800 manatını iki gün ərzində, qalan aliment borcunu isə hər ay 400 manat olmaqla hissə-hissə ödəyəcəyinə söz verir. Sonda Şəxs qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-637/2025 saylı icra sənədi üzrə Şəxs ona 1920 manat aliment borcu vardır. Şəxs müxtəlif bəhanələrlə aliment borcunu ödəməkdən yayınır. Aliment borcunun hissə-hissə ödənilməsinə razı deyildir, borclu borcunu ya tam şəkildə ödəsin, ödəmədiyi təqdirdə inzibati qaydada həbs edilsin. Məhkəmə tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsasına görə xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Masallı rayon İcra və probasiya şöbəsində Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-637/2025 saylı icra sənədi ilə bağlı xx.xx.2025-ci il tarixdə icraat başlanılsa da, borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından onun axtarılması barədə qərar qəbul edilmiş və Şəxs xx.xx.2025-ci il tarixdə şöbəyə gətirildikdən sonra sözügedən icra sənədləri ilə həmin gün tanış olmuşdur. Məhkəmənin sözügedən icra sənədi ilə bağlı “İcraata başlamaq haqqında” qərar və “Könüllü icra barədə” bildiriş də məhz həmin gün Şəxs təqdim edilərək ona icra sənədini 10 gün müddətində könüllü icra olunması təklif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Qeyd edilən normaların da məzmunundan görünür ki, icra sənədi üzrə icra məmurunun ilkin olaraq icraata başlamaq haqqında qərar qəbul etməsi və tələbin könüllü icrası üçün borclu şəxsə məlumat verməsi vəzifələri nəzərdə tutulmuşdur. Qeyd edilən normalardakı müddəalar icra sənədi ilə bağlı borclunun məlumatlandırılmasına xidmət etməklə, adından da məlum olduğu kimi tələbin könüllü olaraq icra etməsi üçün borcluya müəyyən vaxt verilməsini özündə əks etdirir. Qeyd olunan Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Lakin, iş üzrə alınmış izahatlar və əlavə edilmiş sənədlərdən görünür ki, borclu barəsində icra sənədinin mövcudluğundan protokol tərtib edilərək məhkəməyə gətirildiyi gün, yəni xx.xx.2025-ci il tarixdə məlumatlı olmuşdur. Belə olan halda borclunun icra sənədinin icrasından qəsdən boyun qaçırması qənaətinə gəlinməsi mümkün deyildir. Göründüyü kimi, icra məmuru tərəfindən borcluya icra sənədi üzrə müəyyən olunmuş müddət bitmədiyi üçün inzibati xəta haqqında protokol tərtib olunması istisna olunur, bununla da İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə icraat başlanıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-cı maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar