Məhkəmə qərarları › İş №3(050)-143/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-143/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-143/2024 01.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Masallı rayonu, Sərçuvar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərarda göstərilir ki, Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində “BC” kateqoriyalı sürücülük hüququnu təsdiq sənədi əsasında özünə məxsus idarə etdiyi “VAZ 21070 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə köhnə Ələt-Astara avtomobil yolunun Masallı rayonu, Musaküçə kəndi ərazisindən keçən hissəsində-yolun sağ ehtiyat hissəsində dayanaraq Masallı rayonu, Təzəkənd kənd sakini X1 olaraq avtomobilinə götürmüş, daha sonra hərəkətə başlayarkən yolun hərəkət hissəsinə baxmalı və hərəkətdə olan nəqliyyat vasitəsini gözləməli olduğu halda buna əməl etməyərək, yolun hərəkət hissəsinə çıxmış və bu zaman hərəkətdə olan, Masallı rayonu, Musaküçə kənd sakini X9 “BC” kateqoriyalı sürücülük hüququnu təsdiq sənədi əsasında idarə etdiyi “Mercedes Benz” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və idarə etdiyi avtomobildə sərnişin qismində olan Masallı rayonu, Təzəkənd kənd sakini X2 tərəfli qasıq sümüyünün sınığı, oma sümüyünün xətti sınığı, başın təpə nahiyəsinin dərialtı hematoması kimi, ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini, digər sərnişin Masallı rayonu, Sərçuvar kənd sakini X6 başın təpə nahiyəsinin yarası kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, “VAZ 2107” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdir. Həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğuldur və bu yolla ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə cü il tarixdə o, idarə etdiyi “VAZ 2106” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı şəhərindən yaşadığı Sərçuvar kəndinə getmişdir. Musaküçə kəndində yerləşən avtomobil yolunun sağ hissəsində 1 nəfər şəxsin dayandığını görüb maşını saxlamış və hara getdiyini soruşmuşdur. Bu zaman həmin şəxs demişdir ki, Təzəkənd kəndinə gedir. O, da taksi işlədiyindən onu maşına mindirmişdir. Onun avtomobilində azyaşlı nəvəsi İsa Gözəlov da olmuşdur. O, yolun sağ tərəfində dayanan şəxsi götürmüşdür. Daha sonra o, sola dönmə işıqlarını yandırıb yolun hərəkət hissəsinə çıxmış və bu zaman həmin yolun hərəkət hissəsində hərəkətdə olan “Mercedes” markalı avtomobil ilə onun avtomobilim toqquşmuşdur. Toqquşma nəticəsində o, yolun əks hərəkət hissəsinə keçmiş və maşınında olan azyaşlı nəvəsi İsa və sərnişin Ceyhun adlı şəxs xəsarət almışdır. O, avtomobildən yerə düşmüşdür. Hadisə nəticəsində həmçinin o, avtomobilin salonuna dəymiş və nəticədə xəsarət almışdır. Hadisədən sonra onu və xəsarət alan sərnişinləri tanımadığı şəxs Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmışdılar. Həkimlər orada ona, azyaşlı nəvəsi İsaya və digər sərnişin Ceyhuna ilkin-tibbi yardım göstərmişlər. O və nəvəsini evə buraxmışlar. Lakin onun avtomobilində sərnişin olan Ceyhun adlı şəxsi isə xəstəxanada saxlamışlar. Həmin vaxt o, yolun sağ ehtiyat hissəsindən yolun hərəkət hissəsinə tərəf çıxıb Masallı şəhərinə qayıtmaq istəmişdir, lakin yolda hərəkətdə olan avtomobili görmədiyindən yola çıxmış və hadisə baş vermişdir. O, yolun hərəkət hissəsinə təxminən 20-30 km/saat sürətlə çıxmışdır. Sonda Şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, ona qarşı şikayət və tələbin olmadığını bildirib barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 dekabr 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış material Masallı RPŞ-nin DYPB-yə göndərilmişdir. 04 dekabr 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərarda istinad edilmiş təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023cü il tarixli, 1127 nömrəli rəyindən görünür ki, X7 başın təpə nahiyəsinin yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 01 noyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1144 nömrəli rəyindən görünür ki, X4, sol tərəfli qasıq sümüyünün sınığı, oma sümüyünün xətti sınığı, başın təpə nahiyəsinin dərialtı hematoması müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 01 noyabr 2023- cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətinə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir. xx.xx.2023-cü tarixli, seriya İXP, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Gözəlov X8 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar