Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1438/2025 12.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 30 avqust 1971-ci il tarixdə Masallı rayonu, Viləş (əvvəlki Kalinovka) kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Masallı rayonu, Viləş (əvvəlki Kalinovka) kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 12 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-380/2019 nömrəli, 07 yanvar 2019-cu il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 380/2019 nömrəli, 07 yanvar 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 28 aprel 2008-ci təvəllüdlü X2 və 19 iyul 2009-cu təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmalıdır. İcra sənədi Masallı rayon icra və probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra 15 yanvar 2019-cu il tarixdə İcraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclunun yaşadığı yer məlum olmadığından barəsində 14 iyun 2019-cu il tarixdə axtarış elan olunmuşdur. Borclu 12 iyun 2025-ci il tarixdə Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şöbəyə gətirilmiş, borclu izahat verməkdən və bildirişə imza çəkməkdən imtina etmişdir. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 2017-ci ildən Rusiya Federasiyasında yaşadığı üçün Masallı Rayon Məhkəməsinin 2(050)-380/2019 nömrəli, 07 yanvar 2019-cu il tarixli icra sənədindən məlumatı yoxdur. Özü insult keçirmiş və ürək əməliyyatı olmuşdur. Buna görə 3 il olar ki, Rusiya Federasiyasında ona 2-ci qrup əlillik verilmişdir. 2025-ci ilin may ayında Azərbaycan Respublikasına gəlmiş və hazırda heç bir yerdə işləmir. Uşaqları üçün hissəhissə maddi cəhətdən köməklik edəcəkdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin 2(050)-380/2019 nömrəli, 07 yanvar 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 28 aprel 2008-ci təvəllüdlü X2 və 19 iyul 2009-cu təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmalıdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Bəhruz İbayevin İcraata başlamaq haqqında 15 yanvar 2019-cu il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-380/2019 nömrəli, 07 yanvar 2019-cu il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Bəhruz İbayevin 14 iyun 2019-cu il tarixli borclunun axtarılması haqqında qərarından görünür ki, 30 avqust 1971-ci il təvəllüdlü Masallı rayonu, Viləş (Kalinovka) kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. - Masallı rayon İcra və probasiya şöbəsinin tərfindən tərtib olunmuş 12 iyun 2025-ci il tarixli aktdan görünür ki, borclu Şəxs Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şöbəyə gətirilmiş, borclu izahat verməkdən və bildirişə imza çəkməkdən imtina etmişdir. - Şəxs barəsində olan icra işi ilə bağlı elektron sistemdən çıxarışdan görünür ki, avtomobil nəqliyyatı məlumatları tapılmamış, işləməsi barədə məlumat tapılmamış, pensiya məlumatları, sosial ödəniş məlumatları yoxdur. Eyni zamanda iş materiallarında görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən borclunun evində tələbin yönəldilə biləcəyi əmlakın müəyyən olunması üçün onun yaşadığı evə baxış keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən “üzürsüz səbəbdən icra edilməməsi” tələb olunan imperativ norma borclu Şəxs əməlində yoxdur. Borclu Şəxs icraata başlama haqqında qərarı və bildirişi bugünədək almamış, belə olan haldan 10 gün müddətində icra sənədinin könüllü icrası müddəti bitmiş hesab oluna bilməz, lakin icra məmuru buna baxmayaraq borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1438/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1438/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver