Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1447/2024 15.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, Haxverdiyev Simran Allahverdi oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseynov Rahib Müzəffər oğlunun iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-10 may 1973-cü ildə Füzuli rayonu, Şıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, provayder internet xidmətləri vəzifəsində işləyən, Füzuli şəhəri, Kirov küçəsi, ev 15 ünvanında qeydiyyatda olan, Hüseynov Rahib Müzəffər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüseynov Rahib Müzəffər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir ona görə ki, o, 24.06.2024-cü il tarixdə R.Hüseynov Hüseynov Qafur Ədalət oğlunu döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, Haxverdiyev Simran Allahverdi oğlu izahatında göstərdi ki, 24.06.2023-cü il tarixdə Masallı rayonu, Həsənli kəndində yaşayan Hüseynov Qafur Ədalət oğlu Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə Hüseynov Rahib Müzəffər oğlu tərəfindən döyülməsini bildirmişdir. Daxil olmuş məlumatlar üzrə prosesual qərar qəbul edilməsi zərurəti yarandığından məlumatlar HK-1/1745 nömrədə qeydə alınmış və icraatına daxil olmuşdur. Aparılmış araşdırma zamanı toplanmış materialdan müəyyən edilmişdir ki, 24.06.2024-cü il tarixdə Masallı rayonu Həsənli kənd kənd ərazisində Hüseynov Qafur Ədalət oğlu və Hüseynov Rahib Müzəffər oğlu arasında Qafur Hüseynovun oğlu Hüseynov Kərim Qafur pulunun verilməməsi ilə bağlı şəxsi münasibətlər zəmnində baş verən mübahisə zamanı Rahib Hüseynov Qafur hüseynovu qəsdən vuraraq bədəni üzərində dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Hüseynov Rahib Müzəffər oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin (Döymə) tərkibi olduğundan barəsində inzibati qaydada protokol tərtib edilərək Masallı Rayon Polis Şöbəsinə gətirilmişdir.Əlavə olaraq onu qeyd edir ki, daxil olmuş şikayət əsasında polis əməkdaşları ilə hadisə baş verən əraziyə getmişdir. Orada Hüseynov Qafur Ədalət oğlunun Hüseynova Rahib Müzəffər oğlunu ətrafda səs-küy salaraq təhdid etməsinin şahidi olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseynov Rahib Müzəffər oğlu məhkəmə iclasında izahatında göstərdi ki, o “City net” şirkətinə məxsus olan işləri icra edir. Qafur Hüseynovun oğlu Kərim Hüseynov onun işlədiyi şirkətdə sürücü kimi işləmişdir. Kərimlə aralarında görəcəyi işə görə hər gün üçün 100 manata almağa barədə razılığa gəlmişlər. Kərim Hüseynovun işlədiyi müddətdə onun ümumilikdə 300 manatını vermişdir. Daha sonra işlərini təhvil verdikləri Cəbi adlı şəxs Kərimin əlavə 140 manat pul istəməsini bildirmişdir. Lakin o, həmin pulun artıq onların şirkətinə aid olmamasını, Cəbiyə həmin pulu onun verməli olduğunu bildirmişdir. Çünki onlar işi Cəbiyə təhvil vermişlər. 24.06.2024-cü il tarixdə saat 11 radələrində Qafur Hüseynov ona zəng edərək söhbət etmək istədiyini bildirmişdir. O, da razılaşaraq onun dediyi yerə getmişdir. Həmin yerə gəldikdən sonra Qafur oğlunun pulunu verməyini hədə-qorxu formasında istəmişdir. O, Qafura heç bir borclarının olmadığını bildirmişdir. Qafur əgər həmin pulu verməzsə onu şərləyəcəyini, xəsatəxanadan kağız alacağını demişdir. O, isə ona heç bir cavab verməmişdir. Qafurun oğlu Kərim dəfələrlə üzərinə hücum edərək onu qıcıqlandırmağa çalışsa da o, ona heç bir zorakılıq etməmişdir. Kərim onun üzərinə hücum edərkən Qafur araya girmiş və Kərim onun əlil arabasına dəymiş və Qafurun bir ayağı yerə düşmüşdür. Onaların arasında həmin vaxt sadəcə sözlə mübahisə olmuşdur. O, Qafura heç bir xəsarət yetirməmiş, təqsiri yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Onunla məhkəmə iclasında telefon vasitəsilə ələqə saxlanılmış o, məhkəmə iclasında iştirak etmək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babayev Nəhmət Zöhrab oğlu ifadəsində göstərdi ki, o, Hüseynov Rahib Müzəffər oğlunun iş yoldaşıdır. 24.06.2024-cü il tarixdə Həsənli kənd sakini Qafur adlı şəxs Rahibə zəng edərək danışmaq istədiyini bildirmişdir. Buna görə də Rahib onunla söhbət etmək üçün getmişdir. O, daha sonra narahat qaldığı üçün Sərxan adlı iş yoldaşı ilə birlikdə onun arxasınca Qafurgilin evinə getmişdir. Bu zaman Rahib və Qafurun söhbət etdiyini, daha sonra Qafurun Rahibə qarşı nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. Hadisə baş verən vaxt Qafurun oğlu Kərim də Rahibə qarşı nalayiq ifadələr işlətmiş və Rahibin üzərinə hücum etmişdir. Lakin o və orada olan şəxslər Kərimin Rahibi vurmasına mane olmuşlar. Qafur daha sonra Rahib barəsində yalan və böhtan xarakterli sözlər danışmağa başlamışdır. O, Rahibin onun üzərinə avtomobil sürərək vurmasını, daha sonra isə təpiklə vurmasını deyərək ziddiyətli və böhtan xarakterli sözlər işlətmişdir. O, Rahibə “mənə nə polis, nə də prokuror heç nə edə bilməz” demişdir. Həmçinin Rahibi avtomobilini yandırması ilə hədələmişdir. Qafur Hüseynov Rahib Hüseynov tərəfindən döyülməmiş. Qafur Hüseynovun hadisə zamana xəsarət almasına səbəb öz oğlu Kərim olmuşdur. Belə ki, Kərim Rahibin üzərinə hücum edərkən Qafur Hüseynov onların aralarına girmişdir. Bu zaman Kərimin ayağı Qafur Hüseynovun sağ ayağında dəymiş, daha sonra Qafur əlil arabasından yerə düşmüş və xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hüseynov Cavid Xalid oğlu ifadəsində göstərdi ki, o, Hüseynov Rahib Müzəffər oğlunun iş yoldaşıdır. 24.06.2024-cü il tarixdə Qafurgilə getmiş, orda Rahib Hüseynovla Qafurun arasında pul söhbətinin getdiyini görmüşdür. Həmin vax Rahibin Qafuru vurduğunu görməmiş, əksinə Qafurun oğlu Kərimin Rahib üzərinə hücüm çəkmişdir. Onlarda ayrılmışlar. Həmin vaxt ara qarışmış ola bilər ki, həmin qarışıqlıda Qafur xəsarət alsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məhərrəmov Sərxan Vüqar oğlu ifadəsində göstərdi ki, o, Hüseynov Rahib Müzəffər oğlunun iş yoldaşıdır. 24.06.2024-cü il tarixdə evdə olarkən Həsənli kənd sakini Qafur adlı şəxs Rahibə zəng edərək danışmaq istədiyini bildirmişdir. Buna görə də Rahib və o onunla söhbət etmək Qafurun evinə getmişdir. Orada olan zaman Qafurla Rahib arasında pulla bağlı mübahisə baş vermişdir. Mübahisə zamanı Qafur Rahib Hüseynovu hədələmiş və təhqir etmişdir. Lakin Rahib Qafuru vurmamışdır. Əksinə Qafurun oğlu Kərim Rahibin üzərinə hücüm çəkmiş, Qafur onların arasına girən zaman Kərim atasının sağ ayağına dəyərək ona xəsarət yetirmişdir. Cinayət işinin rədd edilməsi barədə 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Hüseynov Rahib Müzəffər oğlunun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Hüseynov Rahib Müzəffər oğlu barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icraatın açılmasında ötrü material üzrə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin məhkəmə tibbi ekspertinin 29.06.2024-cü il tarixli, 595 nömrəli rəyindən görünür ki, Qafur Hüseynovda sağ ayağın I barmağının qançırı müəyyən oldundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanını təsirindən törənmişdir, törənmə müddəti 24.06.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati Xətalar Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hazırkı iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Hüseynov Rahib Müzəffər oğlunun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlərin hər üçü Hüseynov Rahib Müzəffər oğlunun Hüseynov Qafur Ədalər oğluna xəsarət yetirmədiyini bildirmişlər. Həmçinin şahidlərdən Nəhmət Babayev və Sərxan Məmmədov Qafur Hüseynovun oğlu Kərimin mübahisə zamanı Rahib Hüseynovun üzərinə gedən zaman atası Qafur araya girmiş və bu zaman Kərimin atasının sağ ayağına dəyməsi nəticəsində xəsarət almasını bildirmişlər. Həmçinin məhkəmə iclasında izahatı alınan Hüseynov Rahib Müzəffər oğlu bu xüsusatları bildirmişdir. Bununlada barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin ifadələrini inandırıcı, məntiqli olduğu, zidiyyət təşkil etmədiyi əksinə bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübut kimi qəbul edir. Beləliklə Hüseynov Rahib Müzəffər oğlunun təqsirli olması yəni Qafur Hüseynovu döyməsi və sair zorakı hərəkətlərlə yol verməsi şübhə altına alınır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Hüseynov Rahib Müzəffər oğlu barədə gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs Hüseynov Rahib Müzəffər oğlu barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta sübuta yetmədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53.2, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüseynov Rahib Müzəffər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1447/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1447/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver