Məhkəmə qərarları › İş №3(050)-1482/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1482/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1482/2025 19.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakları ilə, xx.xx.1985-ci ildə Masallı rayonu Qızılağac kəndində doğulmuş, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-3256/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs Masallı Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(050)-1979/2018 saylı qətnaməsi ilə 11 avqust 2012-ci il təvəllüdlü X1 və 29 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün cəmi 300 (üç yüz) manat müəyyən edilərək iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3256/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs Masallı Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(050)-1979/2018 saylı qətnaməsi ilə 11 avqust 2012-ci il təvəllüdlü X1 və 29 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün cəmi 300 (üç yüz) manat müəyyən edilərək iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Odur ki, borclunun icra sənədi üzrə 1500 manat ödənilməmiş borcu vardır. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əvvəllərdə borclu bir neçə dəfə məhkəmə qərarı ilə inzibati qaydada həbs edilmişdir. Lakin buna baxmayaraq borclu borcunu tam şəkildə ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, maddi imkanı olmadığı üçün yaranmış aliment borcunu tam şəkildə ödəyə bilməmişdir. Gücü çatan qədər aliment ödəyir. İkinci dəfə ailə həyatı qurmuş və onun həmin nikahdan 2 uşağı vardır. Fəhləlik etməklə ailəsini dolandırır, fəhləlikdə mütəmadi olaraq olmur, lakin olduğu zaman gündəlik 20-25 manat gəlir əldə edir. Hazırda yaranmış borcundan 300 manat ödəyə biləcəkdir, ayın 21-də də 200 manat ödəyəcəkdir. Qalan borcunu isə hər ay aylıq aliment borcu ilə birlikdə 50 manat olmaqla ödəyəcəkdir. Qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borcludan aliment borcundan bu gün 1000 manat ödəməsini tələb edir. Qalan borcunuda hər ay hissə-hissə ödəməsinə etiraz etmir. 300 və ya 500 manat ödənişi qəbul etmir. Borclu yalan danışır, hər dəfə söz verir lakin sonra sözünü tutmur. Əgər bu gün onunla razılaşmış olsa borclu yenidən borcunu ödəməyəcəkdir. Borclu borcunu ödəmədiyi təqdirdə məhkəmədən borclunun inzibati qaydada həbs olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Materialda olan elektron məlumatlardan görünür ki, Şəxs ümumi xəstəliklə üçüncü qrup əlildir və aylıq 150 manat müavinət alır. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 19 iyun 2025-ci il tarixdən, saat 15:40-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar