Məhkəmə qərarları › İş №3(050)-1483/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1483/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1483/2025 30.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, qərardan şikayət verən şəxs Nurəlizadə Vəkil Mansur oğlunun iştirakı ilə Nurəlizadə Vəkil Mansur oğlunun Masallı rayon Polis şöbəsinin Dövlət Yol polisi bölməsinin Yol patrul xidmətinin rəisi X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 12 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Nurəlizadə Vəkil Mansur oğlu şikayət ərizəsi ilə müraciət edərək Masallı rayon Polis şöbəsinin Yol patrul xidmətinin polis mayoru X1 tərtib etdiyi TP seriyalı ******* nömrəli, 12 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs Nurəlizadə Vəkil Mansur oğlu şikayəti onunla əsaslandırmışdır ki, istifadəsində olan “VAZ 21074” minik markalı **-LY-*** dövlət qeydiyyat nömrəli avtomobil vardır. 28 may 2025-ci il tarixdə günün birinci yarısında Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən “ARK OİL” yanacaq doldurma məntəqəsinin yanında polis maşını ona saxlama əmrini vermiş və o avtomobili sağa çəkərək saxlamışdır. Ona yaxınlaşmış polis əməkdaşlarından saxlamanın səbəbini soruşmuş, avtomobilin ön bamperinin olmamasını əsas gətirərək avtomobildən enməyini istəmişlər. Vüsal adlı polisə izah etmişdir ki, 300 metr arxada it vurmuş, yeri göstərə də, bilər, hazırda da, təmir üçün ustaya getdiyini bildirmişdir. Avtomobilinin dövlət qeydiyyat nişanlı nömrəsini də, avtomobilin nömrə yerinə məftillə bağlamışdır. Onu məcburi qaydada polis maşınına əyləşdirmişlər və qapıları da, kilidləmişlər. Etiraz etdikdə ona polisə müqavimət göstərdiyi barədə rəsmiləşdirəcəyi bildirilmişdir. İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq avtomobili hadisə yerində qalmış, çəkiliş etmədən avtomobili ondan təhvil götürməmişlər. Onu polisin inzibati binasına apararaq məcburi qaydada heç bir əsas olmadan sidik analizi götürmüşlər. Sidik analizini vermək üçün polislərə xəstəxanaya getməyini təklif etsə də, heç bir nəticəsi olmamış, ondan məcburi qaydada sidik analizini götürmüşlər. Analiz neqativ çıxmış və ona əsassız olaraq qərəzli şəkildə protokol yazılaraq 100 manat cərimə olunmuşdur. O, heç bir qaydanı pozmamış, lakin barəsində haqsız olaraq qərar qəbul edilmişdir. O, qərar ki, heç bir qanuna əsaslanmır. Polis qərarı yazarkən heç bir mötəbər sübuta istinad etməmişdir. Əgər onun qanunu pozmağı barədə hər hansı bir sübutu varsa məhkəməyə təqdim etməlidir. Heç bir təqsiri olmadan ona qərar yazılmışdır. Odur ki, belə hesab edir ki, həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Nurəlizadə Vəkil Mansur oğlu şikayəti müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndə göndərməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Masallı rayon Polis şöbəsinin nümayəndəsinini iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə işdə qərardan şikayət verən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı rayon Polis şöbəsinin Yol patrul xidmətinin baş inspektoru polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli 28 may 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Nurəlizadə Vəkil Mansur oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 329.1, 342.5 və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Masallı rayon Polis şöbəsinin polis mayoru X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 12 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 28 may 2025-ci il tarixdə, saat 15:40-da “VAZ 21074” minik markalı, **-LY-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Nurəlizadə Vəkil Mansur oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 329.1, 342.5 və 342.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. - Masallı rayon Polis şöbəsi tərəfindən təqdim edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, 28 may 2025-ci il tarixdə Nurəlizadə Vəkil Mansur oğluna məxsus “VAZ 21074” minik markalı **-LY-*** dövlət nömrəli qeydiyyat nişanlı avtomobili saxlanc üçün təhvil vermişdir. Aktda qeyd edilmişdir ki, “VAZ 21074” minik markalı **-LY-*** dövlət nömrəli qeydiyyat nişanlı avtomobilində, qabağ bufer və nömrəsi yoxdur. - İş materiallarına əlavə edilmiş 4 ədəd foto şəkillərdən görünür ki, “VAZ 21074” minik markalı **-LY-*** dövlət nömrəli qeydiyyat nişanlı avtomobildə qabaq tərəfdə bufer və dövlət nömrəli qeydiyyatı yoxdur. Məhkəmə Nurəlizadə Vəkil Mansur oğlunun inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün istinad etdiyi dəlillərini DVD diskdə olan görüntülərə və iş materiallarına əsasən həqiqətə uyğun olmayan və inzibati məsuliyyətdən boyun qaçırması üçün verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, DVD diskdə olan görüntüyə məhkəmə iclasında qərardan şikayət verən şəxsin iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Nurəlizadə Vəkil Mansur oğlu “VAZ 21074” minik markalı **-LY-*** dövlət nömrəli qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən, dövlət qeydiyyat nişanının biri olmadan, həmçinin konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan halda idarə etmişdir. Bununla bağlı Nurəlizadə Vəkil Mansur oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 329.1, 342.5 və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair İXP seriyalı ******* nömrəli 28 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Masallı rayon Polis şöbəsinin polis mayoru X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 12 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Nurəlizadə Vəkil Mansur oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 329.1, 342.5 və 342.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Şikayətçi Nurəlizadə Vəkil Mansur oğlu TP seriyalı ******* nömrəli 12 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan 17 iyun 2025-ci il tarixdə şikayət verdiyindən qərardan şikayət vermə müddəti ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nurəlizadə Vəkil Mansur oğlunun Masallı rayon Polis şöbəsinin Dövlət Yol polisi bölməsinin Yol patrul xidmətinin rəisi X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 12 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar