Məhkəmə qərarları › İş №3(050)-1487/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1487/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1487/2024 05.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs- Masallı rayonu, Təzəkənd kəndində yerləşən (hüquqi ünvan) Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xətaya dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 00100-01772/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Masallı rayonu, Təzəkənd kəndində yerləşən Şəxs MMC-nin (VÖEN **********) ünvanına Belarusiyadan 54498860 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında işitirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə inzibati xəta törədən şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o, hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İnzibati xəta haqqında 11 iyul 2024-cü il tarixli 00100-01772/24 nömrəli protokoldan görünür ki, Masallı rayonu, Təzəkənd kəndində yerləşən Şəxs MMC-nin (VÖEN **********) ünvanına Belarusiyadan 54498860 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi verilməmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixində “Lesgrup" MMC-nin ünvanına Belarusiya Respublikasından Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə 54498860 nömrəli vaqonla “Abşeron” gömrük postuna daxil olmuş **********9406 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyi, lakin qeyd olunan hüquqi şəxs tərəfindən qısa idxal bəyannaməsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada malların gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, faktla bağlı araşdırma aparmaq üçün idarənin müvafiq struktur bölməsinə göstəriş verilməsi xahiş edilmişdir. Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “Dəmir yolu nəqliyyatının qeydiyyatı”-na dair çıxarışdan görünür ki, 54498860 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs MMC ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 18:50-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. **********9406 nömrəli Gömrük bəyənnaməsinin 40-cı qrafasından görünür ki, “Lesgrup" MMC tərəfindən gətirilən mallar və nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyənnaməsi təqdim etmədiyi üçün qeyd edilən qrafada hər hansı qeyd aparılmamış, mal “Mozırskiy opıtnıy lesxoz” tərəfindən göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 54498860 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixli **********9406 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının həddi daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 43, 114,115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Şirvan Apellaysiya Məhkəməsinə hazırkı qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya bilavasitə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar