Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1494/2024 26.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, Abdullayev Asiman Əlisöhbət oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mehtiyev Navayi Rövşən oğlunun, Zərərçəkmiş şəxs Ələmov Samir Alim oğlunun iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-01.02.1999-cu ildə Masallı rayonu, Qədirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan. Mehtiyev Navayi Rövşən oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mehtiyev Navayi Rövşən oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir ona görə ki, o, Ələmov Samir Alim oğlunu Viləş kənd ərazisində döymüşdür. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, Abdullayev Asiman Əlisöhbət oğlu izahatında göstərdi ki, 24.06.2024-cü il tarixdə Masallı rayonu, Viləş kəndində yaşayan Ələmov Samir Alim oğlu Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə tanımadığı 3 nəfər Qədirli kənd sakinləri tərəfindən döyülməsini bildirmişdir. Araşdırma zamanı Mehdiyev Navayi Rövşən oğlu 24.06.2024-cü il tarixdə saat 17 radələrində Masallı rayonu, Viləş kənd sakini Əsgərli Fərqiyyə Əkbər qızına məxsus torpaq sahəsində Ələmov Samir Alim oğlu ilə aralarında şəxsi münasibətlər zəmində baş vermiş mübahisə zamanı Samir Ələmovu qəsdən qırmanc ilə bədəninin kürək nahiyəsindən vuraraq, sonuncuya belin sol yarısının qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, lakin Mehtiyev Navayi Rövşən oğlu Ələmov Samir Alim oğlunu döyərək, ona qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi təsdiq edildiyindən əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Bu səbəbdən Mehtiyev Navayi Rövşən oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək, Masallı Rayon Məhkəməsinə gətirilmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs Ələmov Samir Alim oğlu izahatında göstərdi ki, Qədirli kənd camaatının heyvanları sahəyə daxil olduğu üçün heyvanları sahədən çıxardaraq, öz kəndləri olan Viləş kəndi istiqamətinə aparmaq istəmişlər. Bu zaman kim olduğunu bilmədiyi bir şəxs at belində onun üzərinə gələrək, qırmancla onun bel nahiyyəsinə vurmuşdur. Həmin vaxt onu vuran şəxsin adının Navayi olduğunu bilməmiş, orda olan şəxslərdən Novruz bildirmişdir ki, at belində olub ona xəsarət yetirən şəxsin adı Navayidir. Ekspert rəyində qeyd olunan bel sol yarısının qançırı xəsarətini Navayi yetirmişdir. O, Navayini hadisə vaxtı at belində üzərinə gələrək, ona xəsarət yetirən adama oxşadır. O, at belində üzərinə gələrək, ona xəsarət yetirən adamın Navayi olubolmamasını dəqiq bilmir. At belində ona xəsarət yetirən şəxsin kimliyinin araşdırılmasını istəyir. Ona deyilənlərə əsasən bildirir ki, at belində üzərinə gələrək, ona qırmancla xəsarət yetirən şəxsin adı Navayidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mehtiyev Navayi Rövşən oğlu məhkəmə iclasında izahatında qeyd etdi ki, 24.06.2024-cü il tarixdə baş verən hadisə zaman o, çayda çimirdi. Həmin vaxt uzaqdan səs-küy eşitmiş və müşahidə etmişdir ki, Qədirli kənd sakinləri ilə Viləş kənd sakinlərinin arasında mal-qaranın torpaq sahəsinə girməsi ilə bağlı mübahisə baş verir. Ara sakitləşəndən sonra o, həmin əraziyə piyada getmişdir. O, hadisə zamanı nə Samirə nə də ki, başqa şəxsə şəxsə xəsarət yetirməmişdir. Ümumiyyətlə həmin gün o at belində olmamışdır. Bununla yanaşı o bildirmişdir ki, uzun müddətdir Bakı şəhərində yaşayır və kənddə onun mal-qarası və heç kimlə ədavəti yoxdur. Göstərilənləri nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Eynalov Toğrul Eyvaz oğlu ifadəsində göstərdi ki, 24.06.2024-cü il tarixdə Qədirli kənd sakinləri ilə Viləş kənd sakinləri arasında baş vermiş mübahisə zamanı Navayi orda olmamış və heç kimə xəsarət yetirməmişdir. Navayi mübahisə bitdikdən sonra əraziyə gəlmiş və nə baş verdiyini soruşmuş, o da vəziyyəti izah etmişdir. O, dəqiq bilir ki, Navayi heç kimi vurmamışdır. Hətta bununla bağlı o and da içə bilər. Bundan başqa Qədirli kəndində Navayi və ailə üzvlərinə qarşı qərəzli olan şəxslər vardır. Ola bilər ki, həmin şəxslər qərəzli şəkildə at belində olan adamın Navayi olmasını bildirsinlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev Novruz Xeyrulla oğlu ifadəsində göstərdi ki, O, Navayini əvvəllər də tanımışdır. Lakin Navayi kənddə yaşamadığı üçün uzun müddətdir ki, onu görmür. 24.06.2024-cü il tarixdə baş vermiş mübahisə zamanı Navayi də at belində mübahisə gedən əraziyə gəlmişdir. Navayinin at belində Samirin üzərinə gedərək, “qırmancla” onun bel nahiyəsinə vurmasını görmüşdür. Bundan başqa Navayinin at belində olan zaman Samirin üzərinə gedərək, ona xəsarət yetirməsini Qədirli kənd sakinlərindən birinə bildirmişdir. Həmin şəxsin kim olması yadında deyildir. Navayinin atının isə qarayanız olduğunu xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əsgərov Elşad Abı oğlu ifadəsində göstərdi ki, 24.06.2024-cü il tarixdə baş verən mübahisə zamanı Navayi at belində olan zaman bəzəkli köynək geyinmişdir. Həmin vaxt Navayi çəkilişə də düşmüşdür. Hadisə vaxtı Navayi at belində olan zaman Samirə qırmancla və yaxud çubuqla bel nahiyəsindən zərbə vurmasını görmüşdür. Navayinin sürdüyü atın rəngi kəhər yəni qırmızıdır. Cinayət işinin rədd edilməsi barədə 19.07.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Ağayev Şahməddin Vaqif oğlu, Mehdiyev Navayi Rövşən oğlunun əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin məhkəmə tibbi ekspertinin 27.06.2024-cü il tarixli, 589 nömrəli rəyindən görünür ki, Əsgərov Novruz Xeyrulla oğlunda sol burun keçəcəyinin aşağı divarının sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 24 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi ləyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin məhkəmə tibbi ekspertinin 590 nömrəli rəyindən görünür ki, Vət.Ələmov Samir Alim oğlunda belin sol yarısının qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 24 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati Xətalar Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə hazırkı iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Mehtiyev Navayi Rövşən oğlunun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materillarında zərərçəkmiş şəxs Ələmov Samir Alim oğlu ifadəsində bildirir ki, at üzərində gələrək, ona xəsarət yetirən şəxsi Navayiyə oxşadır. Lakin həmin şəxsin Navayi olmasını dəqiq bilmir. Lakin Novruz demişdir ki, ona Navayi xəsarət yetirmişdir. Ələmov Samir Alim oğlunun izahatına münasibətdə məhkəmə qeyd edir ki, Samir Navayini əvvəllər tanımasa belə hadisə vaxtı əgər həqiqətən ona xəsarət yetirmiş olardısa, məhkəmə iclasındakı ifadəsində “at belində üzərinə gəlib ona xəsarət yetirən şəxsin” Navayi olduğunu tərədüd etmədən qeyd etmiş olardı. Lakin Samir isə onun vuran şəxsin Navayi olub-olmamasını dəqiq bilmədiyini, Novruzun dediyinə əsasən at belində üzərinə gələrək, ona xəsarət yetirən şəxsin Navayi olmasını bildirdiyini qeyd etmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş, Elşad Əsgərovla Samir Ələmov Navayinin sürdüyü atın rəngini də fərqli şəkildə təsvir etmişlər. İş üzrə şahid qismində dindirilmiş Əliyev Novruz Xeyrulla oğlu ifadəsində Navayini əvvəllər tanımasını, onun at belində gələrək, Samirə xəsarət yetirməsini gördüyünü bildirmişdir. Lakin sonra qeyd etdiyi Qədirli kənd sakinlərindən birinə zəng edərək, at belində Samirin üzərinə gedib ona xəsarət yetirən şəxsin kim olduğunu soruşması Novruzun həqiqətən də Navayinin Samirə xəsarət yetirməsini görməsini şübhə altına alır və inandırıcı görünmür. Həmçinin məhkəmədə özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Zərərçəkmiş şəxs S.Ələmov izahatında onu vuran şəxsin dəqiq Navayi olduğunu bilmədiyini, Novruzun dediyinə əsasən Navayinin onu vurmasını hesab etdiyini bildirməsi, digər tərəfdən Novruzun Qədirli kənd sakininə zəng edib, at belində olan şəxsin Navayi olduğunu bildirməsi kimi ifadələri məhkəmə mötəbər sübut kimi qəbul etmir. Beləliklə zərərçəkmiş şəxsin və Navayinin zərərçəkmiş şəxsə xəsarət yetirməsini məhkəmə iclasında bildirən şahidlər Novruz Əliyevin və Elşad Əsgərovun izahatları arasında ziddiyyətin olması, həmçinin özləri dindirilərkən inanadırıcı ifadə verməmələri nəticəsində məhkəmə onların ifadələrini möhtəbər sübut kimi qəbul etmir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Mehtiyev Navayi Rövşən oğlunun həqiqətən də Samir Ələmova dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsinə şübhələr var, həmin şübhələr qanunvericiliyin tələbinə əsasən onun xeyrinə həll edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Mehtiyev Navayi Rövşən oğlu barədə gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs Mehtiyev Navayi Rövşən oğlu barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta sübuta yetmədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53.2, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Mehtiyev Navayi Rövşən oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildi gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1494/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1494/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver