Məhkəmə qərarları › İş №3(050)-1500/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1500/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1500/2023 13.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1968-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, F.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:00 qardaşı arvadı X4 döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, O, Masallı şəhərində yerləşən Köhnə Bazarda kənd məhsulları satmaqla ailəsinin dolanışığını təmin edir. Mürşüd Nəsirov onun qardaşı, Elmirə Nəsirova isə Mürşidin arvadıdır. Aralarında uzun müddətdir ki, mübahisələri olur, mübahisəyə səbəb Köhnə Bazarda alver etmələri ilə bağlıdır. Mürşid və arvadı Elmirənin məqsədi onu bazardan çıxarmaq və daha çox qazanmaqdır. xx.xx.2023-cü ildə saat 09 radələrində bazarda adını xatırlamadığı daimi müştərisinin avtomobilinə yaxınlaşmış və arxa oturacaqda şoru götürmək istədikdə Mürşid də əlini atıb şoru ondan əvvəl götürmək istədikdə şorun olduğu paket cırıldığı üçün şor avtomobilin arxa oturacağına dağılmışdır, daha sonra Elmirə onun üzərinə gələrək nalayiq küçə söyüşləri ilə təhqir etmiş və ağlamağa başlamışdır, o da əsəbiləşib Elmirəni kənara itələmişdir. Daha sonra ona söyüş söydükləri üçün o da Mürşidə və Elmirəni söyərək oradan uzaqlaşmışdır. O, Elmirəni döyməmiş, sadəcə baş vermiş mübahisə zamanı Köhnə Bazarda Elmirəni söyərək özündən kənarlaşdırmaqdan ötrü kənara itələmişdir. Həmin vaxt mübahisə 5-6 dəqiqə ərzində davam etmişdir, bu zaman bazarda çoxlu sayda insanlar olmuşdur. Onun Elmirə ilə mübahisə etməyi həmin şəxslərin da diqqətini özünə cəlb etmişdir və onlar yaxınlaşaraq sakitlik yaratmağa çalışırmışlar. Həmin şəxslərin kim olduğunu xatırlamır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərara qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, Şəxs onun qayınıdır, uzun müddətdir ki, əri ilə münaqişə yaradır. O və əri Mürşid Masallı şəhərində yerləşən Köhnə bazarda kənd təsərrüfatı məhsulları satırlar. Masallı rayonunun kəndlərindən müştərilər öz süd məhsullarını gətirib ona və ərinə satmaq üçün verirlər. Xosrov da Masallı şəhərində yerləşən Köhnə Bazarda kənd təsərrüfatı məhsulları satır. Lakin müştərilər Xosrovun hərəkətlərini görüb, mütəmadi olaraq bazarda münaqişə yaratmalarına şahid olduqlarından Xosrova kənd məhsulları vermirlər. xx.xx.2023-cü ildə saat 09 radələrində bazarda olarkən Masallı rayonu, Çaxırlı kənd sakini Rüfət adlı şəxs öz avtomobili ilə kənddən onlara satmaları üçün kənd təsərrüfatı məhsulları gətirirmişlər. Əri Mürşid yaxınlaşıb, Rüfətin avtomobilindən şor və qatığı götürdüyü zaman Xosrov gözlənilmədən avtomobilə yaxınlaşıb şor paketini cırdığı üçün şor və qatıq məhsulu Rüfətin avtomobilinin içərisinə dağılmışdır. Əri və Rüfət Xosrova bu barədə irad bildirdikdən sonra əri Mürşid ona Rüfətin avtomobilinin içərisini təmizləməsini tapşırmışdır. O, avtomobili təmizləmək istədikdə Müşviq onu “küçük” adlandırıb ünvansız küçə söyüşləri söydükdən sonra başındakı yaylıqdan tutub saçını dartmış, daha sonra sol qol nahiyəsini dırnaqları ilə cırmaqladıqdan sonra təpiklə belinə və sol baldırına xəsarət yetirmişdir, döş qəfəsi nahiyəsinə isə yumruq vurduğu üçün o, çökəkliyə düşüb yerə yıxılmışdır. Xosrov nalayiq küçə söyüşləri söyərək onu təhqir etdiyini görən Nurəddin adlı şəxs, Rüfət və əri Mürşid Nəsirov bazarda camaatı narahat etməsini Xosrova irad bildirmişlər, lakin Xosrov söyüş söyməkdə davam edirmiş, bazarda olan şəxslər ətraflarına toplaşdığı üçün Xosrov ünvansız söyüşlər söyə-söyə uzaqlaşmışdır. O da Rüfət adlı şəxsin avtomobilini təmizlədikdən sonra Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Xahiş edir ki, bazarda ünvansız küçə söyüşləri söyərək onu döydüyü üçün Şəxs cinayət məsuliyyətinə cəlb edilsin. Hadisə 30-40 dəqiqə ərzində davam etmiş, bu zaman yanlarında bazara gəlmiş müştərilər və bazarda olan çoxlu sayda alverçilər olmuşdur. Xosrovun söyüş söydüyünü və onu döydüyünü görən bazarda olan şəxslər yaxınılaşıb Xosrova irad bildirmişlər və ona kömək etmişlər. Mübahisəyə səbəb Xosrovun heç bir səbəb olmadan yaxınlaşıb ünvansız söyüşlər söyməsi və onu təhqir edərək döyməsi olmuşdur. Aparılmış araşdırma zamanı X6 oxşar məzmunlu izahat verərək Əlipənah Fərzəliyevin onun oğlu Zahid Quliyevə yumruq və təpiklə xəsarət yetirdiyini, Əlipənahı oğlu Zahiddən ayırmaq istəyərkən Əlipənahın ona əli ilə toxunması səbəbindən sol əlindən xəsarət aldığını göstərmişdir.Hazırda Hüseynlə barışmamışdır, ona inzibati həbs cəzası verilməsini xahiş edir. 31 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə və 510-cü maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-in İTB-nə verilməsi qərara alınmışdır. Həmçinin həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 16 avqust 2023-cü il tarixli 792 saylı ekspert rəyindən görünür ki, X1 said nahiyəsinin sıyrığı, döş qəfəsinin ön yuxarı hissəsinin və sağ baldır nahiyəsinin qançırları müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərarvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli zərərçəkmiş X2 məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli il cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1 maddəsinə əsasən Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati qaydada cərimə cəzası tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40- 43, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar