Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1511/2025 14.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Masallı rayonu Yol patrul xidməti inspektoru polis serjantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı rayonu, Şərəfə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 nəfər azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, 2 dərəcəli əlil, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsilə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 03 iyun 2025-ci il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 iyun 2025-ci il tarixdə Masallı rayonu ərazisində “MERCEDES 190” minik markalı, **-XS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. 04 iyul 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Masallı Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Guya ondan spirtli içki iyi gəldiyi üçün alkotestr müayinəsindən keçirilmişdir. Polis əməkdaşları tərəfindən bir neçə dəfə alkotestr müayinəsindən keçirilmişdir. Birinci və ikinci dəfə heçnə aşkar olunmamışdır. Üçüncü dəfə polis əməkdaşı xidməti maşından alkotestri gətirərək müayinə aparmış və içkili olduğunu bildirmişdir. O, polis əməkdaşlarından həkim müayinəsindən keçirilməyini tələb etmiş, lakin həkim müayinəsinə aparılmamışdır. Bundan başqa ona zor tətbiq olunmuş və alkotestrin kağız daşıyıcısına qol çəkməyinə məcbur edilmişdir. Polis əməkdaşları onu vurmuşlar, huşu özündən getmişdir. O, polis əməkdaşı tərəfindən saxlanılan zaman içkili olmamışdır. 19 iyul 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, yaşayış evinin qapısının qarşısından özünə məxsus maşını idarə etməyə başlamışdır. Polis əməkdaşlarının xidməti maşını ilə üz üzə gəlmiş, əməkdaşlar maşını üzərinə sürmüş, o da öz idarə etdiyi maşınını arxaya çəkmişdir. Maşını hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onun boğaz nahiyəsindən tutmuşlar. Həmin vaxt o idarə etməni itirmiş, maşınının arxası işıq dirəyinə dəymiş və maşını dayanmışdır. Daha sonra polis əməkdaşları onu yenidən vurmuş və özündən getmişdir. Təcili tibbi yardım hadisə yerinə çağrılmış və o təcili tibbi yardım maşınında oyanmışdır. O, polis şöbəsinə gətirilmiş üç dəfə alkotestr müayinəsindən keçirilmiş, 2 dəfə müayinənin nəticəsi neqativ çıxmış, 3-cü dəfə isə alkotestrin nəticəsi pozitiv çıxmışdır. O, içkili vəziyyətdə maşını idarə etməmiş, həmin gündən bir gün qabaq toyda spirtli içki qəbul etmişdir. Hadisə vaxtı polisin əməlləri nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq barəsində aparılan izibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. 19 iyul 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Masallı rayonu Yol patrul xidməti inspektoru polis serjantı X2 məhkəmə iclasındakı izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixli hadisə baş veməmişdən qabaq Şəxs nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etməsi ilə əlaqədar DİN-nin 102 xidmətinə zəng şikayət daxil olmuşdur. Həmin tarixdə xidməti maşınlarında hərəkətdə olan zaman Şəxs idarə etdiyi maşınla rastlaşmış, ona saxlamasını bildirmişlər. Şəxs maşını saxlayaraq, maşından düşüb qaçmışdır. Daha sonra onun tərəfindən ara küçələrin birində Şəxs tutulmuşdur. Həmin vaxt Zaurun anası bildiyi xanım onun üzərinə hücum çəkərək onu vurmuşdur. Şəxs həmin zaman özündən getmiş, onlar təcili tibbi yardım maşını çağırmışlar. Təcili tibbi yardım maşınında olan zaman Şəxs yenidən maşından düşüb qaçmışdır. Daha sonra onlar Zauru tutaraq Masallı Rayon Polis Şöbəsinə gətirmişlər. Şəxs şöbəyə gətirilmiş alkotestr müayinəsindən keçirilmiş və içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunmuşdur. Şəxsin özü də içkili vəziyyətdə maşını idarə etdiyini etiraf etmişdir. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs 0.5135 litr alkoqolun miqdarı aşkar olunmuşdur. Həmin kağız daşıyıcıda Şəxs imzasını çəkmişdir. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman özünü qeyri-səmimi aparmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli protokolu tərtib etmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısı, CD disk, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1511/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1511/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver