Məhkəmə qərarları › İş №3(050)-1514/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1514/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1514/2025 02.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 07 iyun 2025-ci il tarixli protokola əsasən Şəxs 17 aprel 2025-ci il tarixdə, saat 22:00 radələrində idarə etdiyi «Ford Transit» yük markalı, **-ZX-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı X4 tərəfindən 18 may 2025-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, “Ford Transit” yük markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil qaynı X1 məxsusdur. O, etibarnamə əsasında həmin avtomobildən arabir istifadə etmişdir. Lakin etibarnamənin müddəti bitdiyi üçün həmin avtomobili idarə etməmişdir. 17 aprel 2025-ci il tarixdə qaynı İsmayıl Əsgərov ona zəng edərək avtomobili Masallı rayonu, Seybətin dairəsinin yaxınlığında saxladığını bildirib, sərxoş olduğu üçün onu evə aparmasını istəmişdir. O, da piyada yaşadığı evdən çıxaraq Seybətin dairəsinə getmiş və İsmayılın avtomobilə əyləşdirib yola çıxmışdır. Həmin vaxt “Luk Oil” yanacaq doldurma məntəqəsinin həyətində yerləşən telefon mağazasından fleşkart almaq məqsədi ilə idarə etdiyi “Ford Transit" yük markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə YDM-nin həyətinə daxil olmuşdur. Həmin vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs anidən avtomobilinin qarşısından qaçaraq keçmək istədikdə, o, adını sonradan bildiyi Nəhayət adlı qadını avtomobillə vurmuşdur. Baş vermiş hadisə nəticəsində Nəhayət adlı qadın xəsarət aldığı üçün onu xəstəxanaya aparmaq istəmişdir, lakin o, xəstəxanaya getməkdən imtina etmişdir. Lakin, sonradan həmin qadın ondan müalicəsi ilə bağlı 4000 manat pul istəmişdir. O, 200-300 manat yardım edə biləcəyini təklif etsə də, qadın razı olmamışdır. Bundan sonra Nəhayət adlı qadın onun barəsində şikayət etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək cərimə cəzasının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Masallı rayon Polis şöbəsinə və zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq Masallı rayon Polis şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin 268 nömrəli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində sağ baldırın yuxarı 1/3-nin ön hissəsinin əzilmiş yarası, sağ və sol diz nahiyyəsinin, sağ baldırın yuxarı 1/3-nin ön hissəsinin və sağ ayaqüstü nahiyyənin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşya(lar)ın təsirindən törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin hissələrinin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 17 aprel 2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlini etiraf etməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar