Məhkəmə qərarları › İş №3(050)-1517/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1517/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1517/2024 29.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Yol-Patrul Xidməti Alayının Xİ tağımın YPX-nin inspektoru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, Həzi Aslanov küçəsi ev 113-də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. 29 iyul 2024-cü il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Yol-Patrul Xidməti Alayının Xİ Tağımın YPX-nin inspektoru Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:20 radələrində Ələt-Astara avtomobil yolunun 143-cü km-də Masallı rayonu ərazisindən keçən hissəsində “Mercedes Benz 200” minik markalı, ** SP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən avtomobilin ön bamperi üzərində olmadığından tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomaşını idarə etməsi müəyyən edilmiş, onun narkotik sərxoşluğu şübhəsi olduğundan tibbi müayinədən keçirilmiş, nəticədə onun metamfetamin qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Şəxs eyni inzibati xətanı əvvəllər də törətdiyinə görə Masalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 05 gün müddəti müddətə inzibati qaydada həbs edilmişdir. Qeyd edilən inzibati xətaya görə Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 18:20 radələrində Ələt-Astara avtomobil yolunun 143-cü km-də Masallı rayonu ərazisindən keçən hissəsində “Mercedes Benz 200” minik markalı, ** SP *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla hərəkətdə olmuşdur. Avtomaşının ön bamper hissəsi üzərində olmadığından Masallı YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Yoxlama zamanı avtomaşını idarə etmək hüququ olmadan sərxoş halda idarə etməsi müəyyən edilmiş, tibbi müayinədən keçirilmiş onda narkotik sərxoşluğu aşkar olunmuş, bir müddət əvvəl psixotrop maddə metamfetamin qəbul etdiyini etiraf etmişdir. Etdiyi əməldən peşmandır. Əvvəllər də eyni inzibati xətanı törətdiyinə görə Masallı Rayon Məhkəməsinin xx.xx.2023cüq il tarixli qərarına əsasən 05 gün müddətə inzibati həbs tənbeh tədbiri almışdır. Bir də belə hallara yol verməyəcəkdir. Sonda Şəxs cərimə ödəməyə imkanı olmadığını, barəsindən inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Yol-Patrul Xidməti Alayının Xİ Tağımın YPX-nin inspektoru Nümayəndə tərəfindən tərtib olunmuş 29 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:20 radələrində Ələt-Astara avtomobil yolunun 143-cü kmdə Masallı rayonu ərazisindən keçən hissəsində “Mercedes Benz 200” minik markalı, ** SP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli 240 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs MET (metamfetamin) pozitiv, o, narkotik sərxoşluğundan olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(050)-1855/2023 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 05 gün müddətə inibati qaydada həbs edilmişdir. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, protokolu tərtib etmiş şəxsin izahatı inzibati xəta haqqında protokolla, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək, səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, həmçinin eyni xəta üzrə inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 1 il keçməmiş yenidən eyni xətaya yol verməsini onun əməlini ağırlaşdıran hal kimi müəyyən etmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddində tətbiq olunduğu təqdirdə təmin edilə bilər. və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 29 iyul 2024-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Muradov X1 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar