Məhkəmə qərarları › İş №3(050)-1519/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1519/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1519/2024 29.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, Haxverdiyev Simran Allahverdi oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Orucova Şüşəxanım Xəmməd qızının, Zərərçəkmiş şəxs Şahbazova Günay Qurbətəli qızının iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- 01.12.1964-cü ildə Masallı rayonu, Köçəkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Köçəkli kəndində qeydiyyatda olmaqla yaşayan. Orucova Şüşəxanım Xəmməd qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Orucova Şüşəxanım Xəmməd qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir ona görə ki, o, 29.06.2024-cü il tarixdə Ş.Orucova gəlini Şahbazova Günay Qurbət qızını döyərək, ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, Haxverdiyev Simran Allahverdi oğlu izahatında göstərdi ki, Masallı rayonu, Köçəkli kənd sakini Şahbazova Günay Qurbətəli qızı 28.06.2024-cü il tarixdə saat 20 radələrində əri Vüsal tərəfindən, 29.06.2024-cü il tarixdə təxminən saat 18 radələrində qaynanası Şüşəxanım və qaynı Əşrəf tərəfindən döyülməsi barədə Masallı Rayon Polis Şöbəsinə şikayət etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Orucova Şüşəxanım Xəmməd qızı 29.06.2024-cü il tarixdə saat 18 radələrində Masallı rayonu, Köçəkli kəndində yerləşən evində gəlini Şahbazova Günay Qurbətəli qızı ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Günay Şahbazovanı qəsdən təpiklə sağ baldır nahiyəsindən vuraraq, sonuncuya sağ baldır nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Orucova Şüşəxanım Xəmməd qızının əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada protokol tərtib edilərək, Masallı Rayon Məhkəməsinə gətirilmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahbazova Günay Qurbətəli qızı izahatında göstərdi ki, 2018-ci ildə Soltanov Vüsal Əlisərraf oğlu ailə qurmuş, ailə qurandan sonra Vüsalın valideyinlərinin Masallı rayonu Köçəkli kəndindəki evində yaşamışlar. 28.06.2024cü il tarixdə saat 20 radələrində Vüsala demişdir ki: “məni dindirməyən qohumlarını sən nə üçün dindirirsən?”. Vüsal ona demişdir ki :”yaxşı edib dindirirəm”. Bu sözdən sonra aralarında sözlə mübahisə başlanmış, daha sonra mübahisə zamanı Vüsal həyat yoldaşının yumruqla başından, sifətindən və bədəninin müxtəlif nahiyələrindən, ayaqlarından təpiklə vurub, getmişdir. 29.06.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evin yataq otağında olduğu zaman qayınanası Şüşəxanımın evin digər otağında onun ünvanına söyüşlər söydüyünü eşitmiş və yanına gedib demişdir ki: “sən nə üçün məni söyürsən?” Şüşəxanım ona demişdir ki:”yaxşı edib söyürəm, sən mənə heçnə edə bilməyəcəksən”. Bu sözləri deyib əlləri ilə saçlarından tutmuş və evin giriş qapısı istiqamətinə dartıb aparmış, həmin vaxt otaqda olan qaynı Əşrəf isə yumruqla boynunun arxa hissəsinə vurmuşdur. Ekspert rəyində göstərilən xəsarətləri Şuşəxanım Orucova tərəfindən deyil, həyat yoldaşı tərəfindən yetirilmişdir. Qaynanası saçından tutaraq, qapıdan çölə atmış, başqa hər hansı xəsarət yetirməmişdir. Göstərilənləri nəzərə alaraq, Orucova Şüşəxanım Xəmməd qızı barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Orucova Şüşəxanım Xəmməd qızı məhkəmə iclasında izahatında göstərdi ki, 2018-ci ildə övladı Sultanov Vüsal Əlisərraf oğlu Şahbazova Günay Qurbətəli qızı ailə qurmuş, ailə qurandan sonra Masallı rayonu, Köçəkli kəndindəki onlara məxsus evdə birlikdə yaşamışlar. Hazıri baxılan iş üzrə onu bildirir ki, o, gəlini Şahbazova Günay Qürbət qızına vuraraq, xəsarət yetirməmişdir. Gəlini evi tərk edən gün o, xəstə olmuş və evdən necə getdiyini bilməmişdir. Oğlu evə qayıtdıqdan sonra ona bildirmişdir ki, həyat yoldaşı Günay evdə yoxdur. Daha sonra məlum olmuşdur ki, gəlini Günay atası evinə getmiş və döyülməsi bağlı əsassız olaraq Masallı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Bundan başqa polis şöbəsində “Günayı ərk edib təpiklə vurmuşam” ifadəsi onun iradə ifadəsini əks etdirmir.O, latın qrafikalı əlifbasında oxuyub-yazmağı bacarmır, polis şöbəsində ona bir neçə sənədlərə qol çəkdirilmiş, lakin onların mahiyyətini başa düşməmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindindirilmiş Masallı Rayon Polis Şöbəsinin təhqiqat bölməsi baş təhqiqatçısı Məmmədov Samir Zakir oğlu ifadəsində göstərdi ki, Masallı rayonu, Köçəkli kənd sakini Şahbazova Günay Qurbətəli qızının 28.06.2024-cü ıl tarixdə saat 20 radələrində əri Vüsal tərəfindən, 29.06.2024-cü il tarixdə təxminən saat 18 radələrində qaynanası Şüşəxanım və qaynı Əşrəf tərəfindən döyülməsi barədə icraatına şikayət ərizəsi daxil olmuşdur. Aparılmış araşdırma zamanı barəsində şikayət verilmiş şəxslərdən Orucova Şüşəxanım Xəmməd qızı izahatının alınmasından ötrü Masallı Rayon Polis Şöbəsinə dəvət edilmişdir. İzahatı alınan zaman Ş.Orucova latın qrafikalı əlifbada oxuyubyaza bilmədiyi üçün kompüter vasitəsi ilə izahatı yazılmış özünə ucadan oxunmuş və imzalanmışdır. Ş.Orucovanın izahatı təhrif olunmamışdır. Cinayət işinin rədd edilməsi barədə 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Sultanov Vüsal Əlisərraf oğlunun, Orucova Şüşəxanım Xəmməd qızının və Sultanov Əşrəf Əlisərraf oğlunun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Orucova Şüşəxanım Xəmməd qızı barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icraatın açılmasında ötrü material üzrə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin məhkəmə tibbi ekspertinin 01.07.2024-cü il tarixli, 621 nömrəli rəyindən görünür ki, Şahbazova Günay Qurbətəli qızında sağ baldır nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yumruqla və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Həmin ekspert rəyində qeyd edilmişdir ki, müayinə olunanın deməsinə görə 28.06.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə əri Vüsal yumruq və təpiklə bədənin müxtəlif nahiyələrinə, 29.06.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə qaynanası Şüşəxanım və qaynı Əşrəf saçlarını dartmış və əllə boynuna vurmuşlar. Tibbi yardım üçün Masallı RMX-na müraciət etmiş şikayəti yoxdur. İnzibati Xətalar Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə hazırkı iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Orucova Şüşəxanım Xəmməd qızının barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Günay Orucova izahatında qaynanasının onun saçından dartığını, başqa hər hansı xəsarət yetirmədiyini bildirmiş, ekspert rəyində olan xəsarətin isə qaynanası deyil, həyat yoldaşı Vüsal tərəfindən yetirildiyini bildirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şüşəxanım Orucova gəlini Günaya qarşı hər hansı bir şəkildə zor tətbiq etmədiyini bildirmişdir. Məhkəmə ekspert rəyini, zərərçəkmiş şəxsin Masallı Rayon Polis Şöbəsində, ekspert tərəfindən müayinə olunan zaman, həmçinin məhkəmədə vermiş olduğu ifadələrini, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını qarşılıqlı təhlil edərək, belə qənaətə gəlir ki, Orucova Şüşəxanım Xəmməd qızının təqsirli olması, yəni Günay Orucovanı döyməsi və sair zorakı hərəkətlərə yol verməsini təsdiq edən mötəbər sübut yoxdur. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Orucova Şüşəxanım Xəmməd qızının həqiqətən də Günay Orucovaya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsinə şübhələr var, həmin şübhələr qanunvericiliyin tələbinə əsasən onun xeyrinə həll edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Orucova Şüşəxanım Xəmməd qızı barədə gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs Orucova Şüşəxanım Xəmməd qızı barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta sübuta yetmədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53.2, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Orucova Şüşəxanım Xəmməd qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildi gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar