Məhkəmə qərarları › İş №3(050)-1528/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1528/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1528/2025 24.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2007-ci ildə Masallı rayonu Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, Masallı rayonu Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs traktor ilə vuraraq ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, bu günə qədər əziyyətlə çörək qazanmışdır. Hamıya hörmət etmiş, böyüklərə qarşı hörmətlə yanaşmışdır. O, sahəyə gəlmiş salamlaşıb görüşmüşlər, sonra Nurəddin onunla zarafat etməyə başlamışdır. Bir-biriləri ilə zarafatları olmuş, münasibətləridə var idi. O, ona demişdir ki, ata-babası texnika ilə məşğul olub oda texnika ilə məşğuldur. Zarafat edib demişdir ki, “nə oldu dədə-bala siz buranı xarabaya qoyduz. Kəndi xarabaya qoyursuz”. Hal-hazırda onlar kəndə hörmət edirlər, kasıblara “əl uzadırlar”, hörmətlə yanaşırlar. Allah bütün şəhidləri rəhmət eləsin. Onun bir əmisi şəhid olmuşdur. Nurəddin həmin vaxt onun şəhidini təhqir etmişdir. Texnika məsələsi olmayıb, o, həmin vaxt Nurəddini sillə ilə vurmuşdur. Bundan sonra mübahisə başlamışdır. Onun barəsində şikayət etmişdir. Orda onlardan başqa heç kim yox idi. O, Nurəddin və Nurəddinin oğlu olmuşdur. Traktoru orda olmuş, kənarda olmuşdur. Lakin mübahisə zaman o, traktordan aşağı düşmüşdür. Pres bağlamış, Nurəddində onun yanında pres bağlamışdır. O, pres bağlayıb qutarıb başqa bir yerə keçdiyi zaman Nurəddin siqnal vermiş, oda traktoru kənara verib düşüb gəlib salamlaşmış, sonra Nurəddin onunla zarafat etmiş və aralarında mübahisə yaranmışdır. Nurəddini traktorla vurmamış, əllə vurmuşdur. İyul ayının 2-də hərbi xidmətə gedəcəkdir. O, Nurəddindən üzr istəmiş, lakin Nurəddin onu süründürəcəyini bildirmişdir. Hazırdada üzr istəyir. Məhkəmə iclasında da Nurəddinlə əllə görüşüb üzr istəmişdir, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxsla nə şəxsi mübahisələri olmayıb, nə dava-şavaları olmayıb, münasibətləri həmişə yaxşı olub, atası ilədə, əmiləri ilədə. Sadəcə yer sahibi gecə saat 10-da ona zəng vuraraq otlaq sahəsi var bağlamaq lazımdır, səhər saat 8-də olsun otlaq sahəsində. Onunda iki dənə texnikası var ikisinidə götürüb sahəyə getmişdir. İki sahə olmuş birində övladı birində isə özü bağlamağa başlamışdır. Sonra uşağı ona bildirmişdir ki, “ata Telman əmi bizim bağladığımız otu əzə-əzə gedir”. Siqnal vermiş Telman traktoru saxlamışdır. Traktoru saxlamış uzaqda övladıda içində ərazisindəndə kənara çıxmamaq şərti ilə. Telman həmin vaxt traktorda oturmuş qapını açmış niyə belə etdiyini soruşmuş, Telmanda “əcəb edirəm sənlik deyil, mən biçmişəm, yığmışam, mən eləməli idim bunu iş sahibinin mənə borcu var” demişdir. Oda demişdir ki, “qoy mən bunu bağlayım, pulumu alım, sonra istəyirsən spiçka vur yandır, mənim nəyimə lazımdır”. Həmin vaxt Telman traktoru ilə onun bağladığı 5 ədəd presi açmışdır. Telmana qayıdıb həmin açdığı presləri bağlamasını demişdir. Telmanda həmin vaxt ot bağlayanla başqa bir əraziyə keçir. Telman ona bağlamayacağını demişdir. O, Telmana onun texnikasının qabağında duracağını, getməyə qoymayacağını, həmin presləri bağlayacağını sonra keçəcəyini demişdir. Talman ona cavabında “sənin başın üçün deyil mənim qabağımda durasan” demişdir. Sonra o, Telmanın traktorunun qabağında durmuş və zənn etmişdir ki, Telman keçməz onun üstündən. Görmüşki traktorla onun üstündən keçmək istəyir, iki üç dəfə traktorla onun ayağından vura vura. Uşağınında uzaqda saxladığı traktorda qışqırıb ağladığını görmüşdür. Uşağı ağladığını görüb özünü kənara atmışdır. Həmin vaxt orada kənd sakinləri, qadınlar olmuşdur. Kənara atılandan sonra Telman keçib getmişdir. Çox fikirləşmişdir ki, Telmanı döysün. Sonra böyük olduğunu, Telmanın şəhid ailəsi olduğunu, Telmanın şəhidin adını daşıdığını fikirləşib 102 qaynar xətt xidmətini yığaraq məlumat vermişdir. Polis əməkdaşlarıda əraziyə gəlib baxış keçirmiş, izahatını almışlar. Valideyninə 3-4 dəfə zəng vurmuş lakin telefonunu açmamışlar. Lakin 102 xidməti gəldikdən sonra atası gəlib “qələt edib, səhv edib, gərək sən onu döyərdin” demişdir. O, isə “yox, o mənim uşağımın yerindədi mənim onu döyməyə ixtiyarım yoxdu sən deyirsəndə döy, mən döysəm sən keçərsən, amma sənin əmin keçməz, qardaşın keçməz” demişdir. Sonra o, Masallı RPŞ-n gəlmiş ərizə vermiş, qanuni şəkildə ekspertizadan keçmişdir. Ondan 3-4 saat sonra fikirləşiblər ki, onlar özlərini müdafiə etməlidirlər, onunda əmisi Allah rəhmət eləsin kəndin şəhididir, Masallı rayonundan itkin düşənlərdən biridə odur, o, şəhidin adından istifadə edərək onun adına nəlayiq ifadələr işlədərək polis şöbəsində izahat vermişdir. Sonrada iki gün sonra Tik-Tok sosial şəbəkəsində Telman onun barəsində video paylaşmışdır. Oda telefonu götürüb polsi şöbəsinə təhqiqat bölməsinin rəisinin yanına gəlib həmin videonu göstərmişdir. Şöbədən gəldikdən sonra Telmanın yaxın qohumlarının yanına gedib bu barədə bildirmişdir. Sonradan valideyni ona zəng vuraraq üzürxahlıq etmiş və videonu pozduracağını demişdir. Sonra o videonu pozmuşdur. Amma bir həftə sonra Tik-Tok sosial şəbəkəsində başqa bir paylaşım etmişdir. Məhkəmədən həbslə əlaqədar qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 418 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ diz nahiyəsinin sıyrığı, sağ və sol diz nahiyəsinin qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, hərəkətlə olan traktorun qabarıq hissələrinin təsirindən və zərbənin təsirindən yıxılaraq müvafiq nahiyələrin yer səthinə çırpılması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 25 may 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Rəhim İbrahimov tərəfindən 24 iyun 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsində göstərilir ki, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar