Məhkəmə qərarları › İş №3(050)-1559/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1559/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1559/2024 16.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X3, Qərarından şikayət vermiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 rəis müavini Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 inzibati tənbeh vermə haqqında 16 iyul 2024-cü il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: X6 haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə barədə 16 iyul 2024-cü il tarixli, MN ******* qərarından şikayət edərək, həmin qərarın ləğv edilməsini və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, X11 Xidmətinin X1 MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən İXM-nin 198.1.6-cı maddəsi ilə təqsirli bilinərək 900 manat məbləğində cərimə edilmişdir. Lakin hesab edir ki, onun əməlində göstərilən inzibati xəta əməlinin tərkibi olmadığı üçün mövcud qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. X6 şikayəti bununla əsaslandırmışdır ki, X12 xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən 11 saylı X9 Mərkəzinə gözətçi vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddət ərzində mərkəz tərəfindən balansında olan xüsusi geyimlə təchiz olunmuşdur. Buna baxmayaraq əmək müfəttişliyinə şikayət edərək, guya balansda olan xüsusi geyimlərin ona verilmədiyini bildirmişdir. İnzibati icraat aparan orqan mərkəzin balasında həmin mühafizə vasitələrinin olub-olmamasını araşdırmamış, bununla da qərar qəbul etmişdir. Qeyd olunan maddənin tərkibindən görünür ki, mühafizə vasitələrinin verilməməsi məsuliyyət yaradır. Onların mərkəzində həmin mühafizə vasitələri olmadığı üçün gözətçiyə də verilməmişdir. Buna görə onun əməlində inzibati xəta tərkibi yoxdur. Həmçinin, gözətçinin vəzifəsi ona təhkim olunmuş əraziyə nəzarət etməkdən ibarətdir. Buna görə də ona fərdi mühafizə vasitələrinin verilməsi məcburi deyildir. Həmçinin, qeyd olunan digər pozuntu seçki günündən bir gün əvvəl iş gününün 1 saat qısaldılmaması olmuşdur. Halbuki, tərtib olunmuş işçilərin davamiyyət cədvəlində texniki səhv olaraq iş saatı həmin günə görə 8 saat qeyd olunmuş, əslində iş saatı 1 saat qısaldılmışdır. İnzibati icraat aparan orqan sadəcə formal yanaşmaqla qərar qəbul etmişdir. Halbuki, inzibati orqan ilk öncə gözətçi vəzifəsinə qəbul edilmiş şəxsə fərdi mühafizə vasitələrinin verilməsinin məcburi olub-olmamasını araşdırmalı idi. Həmin norma ümumi yazılmış və sadəcə həmin vasitələrin verilməsi zəruri olan işçilərə verilmədikdə tətbiq oluna bilər. Gözətçinin işi əraziyə nəzarət etməkdir, ona fərdi mühafizə vasitələrinin verilməsinə zərurət yoxdur. Fərdi mühafizə vasitələrinin verilməsi qaydalarında xüsusi işlər vardır ki, onlara mühafizə vasitələrinin verilməsi nəzərdə tutulmuşdur. Yəni müəyyən işlər var ki, onlarda üzün, əllərin ayaqların örtülməsi vacibdir və həmin işçilər mühafizə vasitələri ilə təmin olunmalıdır. Lakin gözətçi üçün belə xüsusi mühafizə vasitələri nəzərdə tutulmamışdır. Lakin qeyd olunan hallar araşdırılmamış və qanunsuz qərar qəbul edilmişdir. Odur ki, həmin qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə baxışı iclasında şikayət vermiş şəxs X6 şikayəti eyni əsaslarla əsaslandırmışdır. Göstərdiyi hallara əsasən şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət vermiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 rəis müavini Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, Cəlilabad rayonu, Həziabad kənd sakini X5 əmək hüquqlarının pozulması ilə bağlı yəni artıq iş saatına cəlb edilməsi, ona nəzərdə tutulmuş xüsusi geyim vasitələri ilə təmin olunmaması, eyni zamanda işlə əlaqədar səhhətinin pozulması ilə bağlı müraciəti daxil olmuşdur. Daxil olmuş məlumat əsasında araşdırma başlanılmış, 11 saylı X9 Mərkəzindən və X4 lazımi sənədlər alınmışdır. Onu qeyd edir ki, cənab prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11nin xx.xx.2025-ci il tarixədək yerlərdə biləvasitə araşdırma aparmaq səlahiyyəti yoxdur. Ona görə də təmsil etdiyi qurum aidiyyəti üzrə məktub ünvanlayaraq, lazımi sənədləri əldə edib onlar əsasında araşdırma apararaq müvafiq rəyləri verir. İş üzrə qurumuna daxil olumuş sənədlər əsasında müəyyən olunmuşdur ki, 11 saylı X9 Mərkəzinin direktoru Nəsimi Nəsibov tərəfindən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılması ilə bağlı normaya əməl olunmamışdır. Bununla da Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci bəndinin tələbinə riayət olunmamışdır. Bundan başqa 11 saylı X9 Mərkəzinin direktoru Nəsimi Nəsibov tərəfindən Əmək Məcəlləsinin 215-ci maddəsinin tələbləri pozularaq işçilər xüsusi geyim vasitələri ilə tam şəkildə təmin edilməmişdir. Yol vermiş pozuntulara görə X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 198.1.5 və 198.1.6-cı maddələri ilə protokol tərtib edilmiş və İXM-nin 198.1.6-ci maddəsi ilə 900 manat məbləğində cərimə edilmişdir. Odur ki, şikayətin rədd edilməsini qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və 05 avqust 2024-cü il tarixli əmrlərdən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə 11 saylı X9 Mərkəzinin 18 saylı meşə dolayına meşə gözətçisi vəzifəsinə təyin edilmiş və 05 avqust 2024-cü il tarixdə öz xahişi ilə vəzifədən azad edilmişdir. İş materiallarında olan 11 saylı X9 Mərkəzinin direktoru tərəfindən təsdiq edilmiş 11 saylı RMTM-nın Göytəpə meşəbəyliyi üzrə işçilərinin davamiyyət cədvəllərindən görünür ki, 11 saylı X9 Mərkəzi tərəfindən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılması tələbinə riayət edilməmişdir. İş materiallarında olan 11 saylı RMTM-də 2023-cü ildə işçilərə geyim ləvazimatı verilməsinə dair siyahıdan görünür ki, Vüsal Yusifova və digər işçilərə 1 ədəd polo köynək verilmiş digər geyim ləvazimatları təqdim edilməmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnki şafı Xidməti xx.xx.2023-cü il tarixli, 288/ü nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatından görünür ki, Meşə gözətçisinin digər hüquqları ilə yanaşı Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə etmək hüququ vardır. İş materiallarında olan Əmək müqaviləsindən görünür ki, işəgötürən direktor X7 ilə işçi X12 11 saylı X10 Mərkəzinə meşə gözətçisi vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 4.10cu bəndinə əsasən işçi xüsusi mühafizə vasitələri ilə təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən bu məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Həmin Məcəllənin 215-ci maddəsinin 1-ci əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini təmin etməldirlər. 11 saylı X9 Mərkəzi haqqında Əsasnamənin 3.0.22-ci bəndinə əsasən meşə mühafizə xidmətini təşkil etməklə meşə mühafizə işçilərinin qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi geyim forması, rabitə və nəqliyyat vasitəsi ilə təmin edilməsi 11 saylı X9 Mərkəzinin vəzifəsidir. Azərbaycan Respublikası İXM 198.1.5 və 198.1.6-cı maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarında olan sənədləri tədqiq edərək müəyyən etmişdir ki, 11 saylı X9 Mərkəzinin direktoru X6 işçilərin normal əmək və istirahət rejimi qaydasına riayət etməmiş və işçiləri müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə tam şəkildə təmin etməmişdir. Bu hərəkəti ilə də İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İXM 198.1.5 və 198.1.6-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə X3 özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İXM-ə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir (maddə 3). İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur (maddə 13). Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibati xəta haqqında iş üzrə sübut edilməli olan haldır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törətdən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, inzibatı tənbeh vermə haqqında qərar hadisənin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Qərarın ləğv edilməsi üçün İXM-in 135.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 11 saylı X9 Mərkəzinin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 inzibati tənbeh vermə haqqında 16 iyul 2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Masallı Rayom Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar