Məhkəmə qərarları › İş №3(050)-1589/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1589/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1589/2024 26.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı rayon Qızılavar Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbacan Respublikası Lənkəran Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında məhkəmə müəyyən etdi: Azərbacan Respublikası Lənkəran Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında 24 iyul 2024-cü il tarixli, MN № ******* saylı protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı rayon Qızılavar Bələdiyyəsinin sədri Şəxs bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktınının surətini vaxtında təqdim etməməmişdir. Bununla da Masallı rayon Qızılavar Bələdiyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 2020-ci ilin mart ayından Masallı rayonu Qızılavar bələdiyyəsinin sədri vəzifəsində işləyir. Bələdiyyənin xx.xx.2024-cü il tarixli 06 saylı iclasında dövlət tərəfindən ayrılmış dotasiyanın xərclənməsi barədə qərar qəbul edilmiş, lakin həmin iclas qərarı onun tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə (5 iş günü müddətində) inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməmişdir. Tərtib edilmiş iclas protokolları adətən Masallı şəhərində yerləşən müvafiq binadan (mətbəədən) göndərilir. Həmin gün internet olmadığından protokol 1 (bir) gün sonra, yəni 6 iş günü müddətində “Bələdiyyələrlə iş” portalı vasitəsilə inzibati nəzarəti həyata keçirən orqana göndərilmişdir. Bələdiyyəyə aid iclas protokolları hər zaman qanunun tələbinə uyğun olaraq 5 iş günü müddətində inzibati nəzarəti həyata keçirən orqana göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəzanın verilməsini xahiş etdi. Azərbacan Respublikası Lənkəran Regional Ədliyyə İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İşdə olan 24 iyul 2024-cü il tarixli, MN № ******* saylı protokoldan görünür ki, Masallı rayon Qızılavar bələdiyyəsinin sədri Şəxs bələdiyyənin 11 iyul 2024-cü il tarixli 06 saylı iclas protokolunu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə təqdim etmədiyinə görə Lənkəran Regional Ədliyyə İdarəsinin məsləhətçisi Şəlalə Həsənova Şəxs tərəfindən İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi barədə protokol tərtib etmişdir. Masallı rayon Qızılavar Bələdiyəsinin 11 iyul 2024-cü il tarixli 06 saylı iclas protokolundan görünür ki, 2024-cü ildə dövlət tərəfindən bələdiyyəyə 2550 manat dotasiya ayrılmışdır. Cari ayda icrası vacib olan sahələrə vəsait ayrılması məsləhət bilinir. Buna görə də bələdiyyənin sair müxtəlif xərclər hesabından KBM assosasiyasına 180,0 manat üzvlük haqqının, silahlı qüvvələrin yardım fonduna 90,0 manat yardımın, əmək haqqı fondundan DSMF-yə olan borcun ödənilməsinə 262,50 manat və yolların əsaslı və cari təmirinə ayrılmış vəsaitdən ərazidəki yolların cari təmirinə 1960,0 manat cəmi 2492,50 manat vəsaitin ayrılması, qərarın icrasından ötrü sənədləşmə işlərinin vaxtında aparılmasını təmin etməsinin bələdiyyənin mühasibinə tapşırılması, qərarın icrasının bələdiyyəsinin sədrinə həvalə edilməsi qərara alınmışdır. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin qanun 5.0.1-ci maddəsinə əsasən bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda inzibati nəzarət icraatının başlanması üçün əsasdır. Həmin qanunun 6-cı maddəsinin 6.1-ci bəndinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının qanununun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Həmin qanunun 6.1.2-ci bəndinə əsasən dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar; Həmin qanunun 6.1.3-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; Həmin qanunun 6.1.4-ci bəndinə əsasən yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar; https://e-qanun.az/framework/2053 Həmin qanunun 6.1.5 ci bəndinə əsasən yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar. Həmin qanunun 6.1.6-ci bəndinə əsasən bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar. Həmin qanunun 6.1.7-ci bəndinə əsasən bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar. Həmin qanunun 6.1.8-ci bəndinə əsasən qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar.https://e-qanun.az/framework/2053 Həmin qanunun 6.2-ci bəndinə əsasən İnzibati nəzarəti həyata keçirən orqan ona göndərilmiş bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğunluğunu müəyyənləşdirmək məqsədilə həmin akta daxil olduğu tarixdən 15 iş günü müddətində baxılmasını təmin edir. Göründüyü kimi dövlət büdcəsindən Masallı Rayon Qızılavar Bələdiyyəsinə 2550 manat dotasiya ayrılmışdır. Masallı Rayon Qızılavar bələdiyyəsi dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə 06 saylı protokol (akt) qəbul etsə də onu 5 iş gün müddətində inzibati nəzarət həyata keçirən orqana təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1 və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Masallı rayon Qızılavar Bələdiyyəsinin sədri Şəxs əməli onun özünün məhkəmə iclasında vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, Masallı rayon Qızılavar Bələdiyəsinin 11 iyul 2024-cü il tarixli 06 saylı iclas protokolu, inzibati xəta haqqında protokol, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayon Qızılavar Bələdiyyəsinin sədri Şəxs bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktınının (protokolun) surətini vaxtında təqdim etməməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Masallı rayon Qızılavar Bələdiyəsinin sədri Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati qaydada cərimə cəzası tətbiq olunması qanuni və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Masallı rayon Qızılavar Bələdiyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar