Məhkəmə qərarları › İş №3(050)-1612/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1612/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1612/2025 17.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Mərkəzi Bankının tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, EP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, seriya EP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 20 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən onun barəsində ******* nömrəli qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, X6 52000 ABŞ dollar məbləğində vəsaiti xx.xx.2022-ci il tarixində xaricə köçürmüş və 2 il müddət keçsə də, 47102 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Sözügedən qərar əsasında ona 4,710.20 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, sözügedən vəsait məbləği üzrə faktiki olaraq idxal əməliyyatları həyata keçirilmiş və xx.xx.2024-cü il tarixli **********3915 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********9271 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********9356 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********9497 sorğu nömrəli və xx.xx.2024-cü il tarixli **********7913 sorğu nömrəli gömrük bəyannamələri əsasında ölkəyə müxtəlif növ mallar gətirilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən müraciətinə cavab olaraq göndərilmiş 04 dekabr 2024-cü il tarixli, 15396 nömrəli məktubla bildirilmişdir ki, X6 tərəfindən xx.xx.2022-ci il tarixində “YİWU JİACHENG TRADE CO LTD” şirkətinin xeyrinə aparılmış 52000 USD (əlli iki min ABŞ dolları) avans ödənişi yuxarıda qeyd edilən gömrük bəyannamələri ilə tam bağlanılmışdır.Bundan başqa bildirir ki, qərarın surəti qanunvericiliklə müəyyən edilmiş forma və müddətdə ona təqdim edilməmiş, bu səbəbdən də qərarla tanış olmaq və ona qarşı qanuni qaydada müdafiə tədbiri görmək imkanı məhdudlaşdırılmışdır. Qərarın mövcudluğundan yalnız icra məmurunun çağırışı zamanı xəbərdar olmuşdur. Məhkəmə iclasında X5 Arzu oğlu şikayətin məzmununa uyğun izahat verməklə əlavə olaraq qeyd etdi ki, avans ödəniş məbləğində gecikmələr olduğunu etiraf edir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 noyabr 2024-cü il tarixli EP ******* saylı inzibati tənbeh vərmə haqqında qərardan görünür ki, X6 52000 ABŞ dollar məbləğində vəsaiti xx.xx.2022-ci il tarixində xaricə köçürmüş və 2 il müddət keçsə də, 47102 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmadığına görə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsində təqsirli bilinib barəsində 4,710.20 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 04 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, X6 tərəfindən “YİWU JİACHENG TRADE CO LTD” şirkətinin xeyrinə aparılmış 52000 (əlli iki min) ABŞ dolları avans ödənişi tam bağlanılmışdır. Eyni zamanda məktubdan görünür ki, **********3915 saylı gömrük bəyanaməsi üzrə 4898 USD məbləği xx.xx.2024 banka təqdim olunub, **********9271 saylı gömrük bəyanaməsi üzrə 112500 USD məbləği xx.xx.2024-cü il tarixdə, **********9356 gömrük bəyannaməsi üzrə 4091 USD məbləği xx.xx.2024-cü il tarixdə **********9497 gömrük bəyannaməsi üzrə 5665 USD məbləği, xx.xx.2024-cü il tarixdə **********7913 gömrük bəyannaməsi üzrə 24846 USD məbləği xx.xx.2024-cü il tarixində banka təqdim olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 52000 ABŞ dolları məbləğində vəsaiti 14 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 47102 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Qərardan şikayət vermiş X6 tərəfindən “YİWU JİACHENG TRADE CO LTD” şirkətinin xeyrinə aparılmış 52000 (əlli iki min) ABŞ dolları avans ödənişinin tam bağlanıldığını iddia etsə də məhkəməyə təqdim etdiyi məktubdan görünür ki, 47102 ABŞ dolları gömrük ödənişləri xx.xx.2024-cü il tarixdə banka təqdim edilmiş, halbuki inzibati xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, inzibati tənbeh vermə haqqında qərar hadisənin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Qərarın ləğv edilməsi üçün İXM-in 135.1.1-135.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar