Məhkəmə qərarları › İş №3(050)-1639/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1639/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1639/2024 06.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi Nümayəndə, şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Masallı Rayon Polis X16 Polisi Bölməsinin rəisi, X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək, Masallı Rayon Polis X16 Polisi Bölməsinin rəisi, X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı Rayon Polis X16 Polisi Bölməsinin rəisi, X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Lakin hesab edir ki, onun əməlində göstərilən inzibati xəta əməlinin tərkibi olmadığı üçün mövcud qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, qeyd olunan inzibati xətanı törətməmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 15:30 radələrində yaşadığı Masallı rayonu, Qəriblər kəndində ona məxsus inək gəlini Nərminə Abdullayevə tərəfindən yolun kənarı ilə yaşayış məntəqəsində evə gətirilərkən sonradan adını bildiyi Şahid1 tərəfindən idarə olunan “Kia Stringer” minik markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ ehtiyyat hissəsində vurulmuş və nəticədə avtomobilin sağ hissəsi əzilmiş, inək isə bir neçə saat sonra ölmüşdür. Hadisə baş verən zaman Şahid1 hadisə yerindən qaçmış, “Turist” istirahət mərkəzinin həyətində gizlənmiş, o və həmkəndlisi X10 onun idarə etdiyi VAZ-21074 markalı avtomobillə onun arxasınca getmişlər və onu “Turist” istirahət nərkəzinin həyətində tapmışlar. Sonra onu hadisə yerinə gətirmişlər və DİN-nin 102 xidmətinə məlumat vermişlər. Daha sonra YPX-nin əməkdaşları Fərəməz və Azər həmin yerə gəlmiş, bu zaman hadisə yerinin sxemi çəkilməmiş və avtomobil cərimə meydançasına aparılmamışdır. Təkrarən 102 xidmətinə məlumat verildikdən sonra avtomobil duracağa yerləşdirilmiş və araşdırma başlanılmışdır. Lakin, araşdırma düzgün və qanuni aparılmamış, bir sıra saxtakarlıqlar edilmişdir. Onun izahatını DYPB-nin əməkdaşı Nümayəndə almış, lakin izahatını təhrif etmiş və tamamilə başqa formada qeyd etmişdir. O, da yaşlı olduğu üçün ona inanaraq izahata imza etmişdir. Lakin sonradan məlum olmuşdur ki, Nümayəndə onu aldatmış və onu məsuliyyətə cəlb etmişdir. Halbuki, ümumiyyətlə hadisə yerinin sxemi düzgün çəkilməmiş, Nümayəndə hadisə yerinə gəlməmiş, hal şahidləri X1 Kərimovun baldızı oğlu, digəri isə X13 isə onun qaynıdır. Həmin şahidlər heç biri hadisə yerində olmamış, Habil Əliyev özü bildirmişdir ki, həmin gün Bakı şəhərində olmuş, sxemdəki imza ona məxsus deyildir və ümumiyyətlə hadisədən məlumatı olmamışdır. Həmçinin, sxemdəki onun adının qabağındakı imza başqa şəxs tərəfindən çəkilmiş və ona məxsus deyildir. Həmçinin, sxemdən görünür ki, inək yolun orta hissəsində vurulmuş və hadisə yerinin hər iki tərəfi meşəlik ərazidir, lakin təqdim edəcəyi fotoşəkilə baxış keçirdikdə görünür ki, inək yolun sağ kənarında vurulmuş, avtomobilin sağ tərəfi əzilmiş və ümumiyyətlə inək vurulan yerdə meşəlik ərazi voxdur. Həmin yerdə dəmir hasar və fərdi yaşayış evləri yerləşir. Meşəlik yolun inəyin vurulduğu yerdən əkd istiqamətdə yerləşir. Bu da göstərir ki, hadisə yerinin sxemi ümumiyyətlə düzgün çəkilməmiş, imzalar saxtalaşdırılmışdır. Ümumiyyətlə hadisə baş verən zaman, yəni inək vurulan zaman o, hadisə yerində olmamış, inəyi gəlini evə gətirmək üçün yolun kənarı ilə nəzarət edərək gətirmiş, avtomobil inəyi yolun sağ ehtiyyat hissəsində yolun kənarında vurmuş, gəlini heyvanı nəzarətsiz buraxmamışdır. Fotoşəkildən görünür ki, heyvan avtomobillərin hərəkət hissəsində deyil, yolun kənarında piyadaların hərəkət hissəsində vurulmuş, belə olan halda avtomobili idarə edən Şahid1 ona ziyan vurduğu üçün məsuliyyətə cəlb olunmalıdır. Göründüyü kimi, araşdırma tamamilə yanlış və qanunsuz aparılmış, izahatı dediyi qaydada yazılmamış, hadisə yerinin sxemi saxtalaşdırılmış və nəticədə qanunsuz olaraq onu təqsirli bilmişlər və 40 manat cərimə olunmuşdur. Hazırda təqsirli bilindiyi maddənin tərkibinə baxdıqda görünür ki, heyvanları nəzarətsiz saxlamağa görə məsuliyyət nəzərdə tutulmuşdur, o, heyvanı nəzarətsiz saxlamamışdır, heyvanı gəlini yolun kənarı ilə evə apararkən Şahid1 yolun kənarında inəyi vurmuşdur. Hadisə yerində olan bir neçə şahidlər var ki, onlar da heyvanın yolun kənarında vurulmasını təsdiq edirlər. Hesab edir ki, onun əməlində qeyd olunan inzibati xəta tərkibi olmadığı üçün qərar ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X5 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi Nümayəndə məhkəmə iclasında şikayəti qəbul etməyərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində xidmətdə olduğu vaxt Masallı rayonu, Qəriblər kəndi ərazsində avtomobillə heyvan vurulması ilə bağlı hava ötürücü ilə məlumat daxil olduqdan sonra YPX-nin inspektorları hadisə yerinə getmiş, müəyyən edilmişdir ki, Şahid1 “Kia Stringer” minik markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Qəriblər kəndinin ərazisində avtomobil yolunda nəzarətsiz qalan X4 məxsus bir baş iri buynuzlu heyvanı vurmuşdur. Hadisə yerinə getmiş YPX əməkdaşları tərəfindən müvafiq sənədləşmə işləri aparılmış, hadisə yerinin sxemi tərtib edilmiş, fotoşəkillər, görüntülər çəkilmişdir. Bundan sonra müvafiq sənədlər və vurulan heyvanın sahibi Rəfvaq Abdullayev, habelə avtomobilin sahibi Şahid1 DYPB-yə gətirilmişdir. Bundan sonra tərəflər dinlənilmiş, müvafiq izahatlar alınmış, Rəvfaq Abdullayev oxuyub-yazmağı bacarmadığını bildirdiyinə görə onun izahatı özlərinin əlyazması ilə yazılaraq şəxsə ucadan oxunub tanış edildikdən sonra Rəvfaq Abdullayev izahatını öz imzası ilə təsdiq etmiş, eyni zamanda hadisə yerinin sxemi ilə də tanış edildikdən sonra sonuncu həmin sxemi imzalamışdır. Bundan sonra Rəfvaq Abdullayevə təsərrüfatında neçə baş iribuynuzlu mal-qara olması barədə müvafiq icra orqanı tərəfindən arayışın alınaraq təqdim etməsini bildirilmiş, qeyd edilən arayış Rəfvaq Abdullyev tərəfindən təqdim edildikdən sonra araşdırma materiallarına əlavə edilmişdir. Bundan sonra Rəvfaq Abdullayevin əməli inzibati xəta tərkibini yaratdığına görə onun barəsində İXM-nin 338.5.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin Rəfvaq Abullayev protokolla razılaşmayaraq imzalamamışdır. Bundan sonra şəxsə bildiriş təqdim edilmiş, daha sonra DYPB-nin rəisi Asəf Mustafayev tərəfindən barəsində xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Rəfvaq Abdullayev Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsi ilə inzibati qaydada 40 manat məbləğində cərimə edilmiş, qəbul edilmiş qərarın surəti şəxsin ünvanına rəsmi olaraq göndərilmişdir. Hadisə yerinin görüntülərindən və fotoşəkillərdən görünür ki, “Kia Stringer” minik markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobil iri buynuzlu heyvanı yolun hərəkət hissəsinin sağ tərəfində vurmuş, avtomobilin sağ tərəfi əzilmiş, heyvan isə asfalt yolun sağ kənarında oturmuş vəziyyətdə qalmışdır. Orada olan bir neçə kənd sakini də heyvanın yolda vurulduğunu təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində xidmətdə olduğu, Masallı rayonu, Qəriblər kəndi ərazisində yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olduqdan sonra YPX inspektoru Şahid2la birlikdə hadisə yerinə getmiş, hadisə yerinə çatdıqda “Kia Stringer” minik markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ kənarında dayandığını, maşından sağ tərəfdə isə yolun sağ kənarında bir baş iri buynuzlu heyvanın oturduğunu görmüş, hadisə yerinin ilkin müayinəsi aparılmış, heyvanın və avtomobilin sahibi müəyyən edildikdən sonra fotoşəkillər çəkilmişdir. Hadisə yerində olduğu vaxt avtomobilin əvvəlcə hadisə baş verən yerdən aparılması, sonradan həmin yerə gətirilməsi barədə ona heç bir məlumat verilməmişdir. Hadisə yerində aparılan müayinə zamanı orada olan şəxslərdən sorğu-sual aparılarkən həmin şəxslərin dediklərinə əsasən hadisənin hansı şəraitdə və hansı yerdə baş verməsi müəyyən edilmiş, buna əsasən sənədləşmə aparılmışdır. Araşdırma düzgün aparılmış, heç bir pozuntuya yol verilməmişdir. Müəyyən edilmişdir ki, Rəvfaq Abdullayevə məxsus iri buynuzlu heyvan nəzarətsiz olduğundan asfalt örtüklü yola çıxmış, nəticədə “Kia Stringer” minik markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobil həmin heyvanı yolun sağ hərəkət hissəsində vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid2 oxşar məzmunlu izahat verərək şahid X3 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 15:30 radələrində idarə etdiyi “Kia Stringer” minik markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu Şıxlar kəndi istqamətində hərəkətdə olduğu vaxt Masallı rayonu, Qəriblər kəndi ərazisindən keçərkən təxminən 20-30 metr qarşıdan yolun sol tərəfindən sağ tərəfinə 3-4 baş iri buyunuzlu malqaranın keçdiyini görmüşdür. Həmin avtomobildə tək olmuşdur. Heyvanlar yolun asfalt örtüyündən çıxaraq piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yerə keçmişdilər. O, avtomobili idarə edərək heyvanların yanından keçmək istəyərkən iribuynuzlu heyvanlardan biri qəfildən yolun asfalt örtüyünə doğru qaçaraq idarə etdiyi avtomobilin sağ yan hissəsinə çırpılmışdır. Heyvanın yanında nəzarət edən şəxs olmamışdır. Heyvanı vurduqdan sonra avtomaşını saxlamayaraq hərəkət etdirmiş, bir az qarşı tərəfdə saxlamış, həmin vaxt yolda olan azyaşlı uşaqdan vurduğu heyvanın sahibini soruşmuş, lakin həmin azyaşlı uşaq ona heyvanın sahibini tanımadığını bildirmişdir. Sonrdan avtomaşına qarşı istiqamətdə idarə edərək Qəriblər kəndinin ərazisində yerləşən “Turist” istirahət mərkəzinin yaxınlığında saxlamış, sonradan orada olan Qəriblər kənd sakinlərindən vurduğu heyvanın sahibinin tapılmasını xahiş etmiş, daha sonra heyvanın sahibinin Rəfvaq Abdullayev olduğu müəyyən edilmişdir. Hadisə yerinə qayıtdıqdan təxminən 1 saat sonra Rəvaq Abdullayev də ora gəlmişdir. Daha sonra Rəfvaq Abdullayev 102 xidmətinə zəng etmişdir. Hadisə yerində olduğu vaxt Rəfvaq Abdullayev və orada olan bir neçə yaşlı şəxs onu təhqir etmişlər. Bundan sonra YPX-in əməkdaşları hadisə yerinə gəlmiş, qanuni şəkildə araşdırma aparılmış, hadisə yeri onların iştirakı ilə müəyyən edilmiş, fotoşəkillər çəkilmişdir. Məhkəmə şikayət vermiş şəxsin, protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatını dinləyib, CD diskə baxış keçirib iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Masallı rayonu, Qəriblər kəndi ərazisində təsərrüfatında olan bir baş iri buynuzlu iribuynuzlu heyvanı asfalt yolda nəzarətsiz qoyduğuna görə xx.xx.2024-cü il tarixli İXP 64390472 saylı protokola əsasən Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında videodiskə baxış keçirilərkən qırmızı rəngli “Kia Stringer” minik markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilin Masallı-Yardımlı yolunun Masallı rayonu Qəriblər kəndi ərazisindən keçən hissəsində üzü Yardımlı istiqamətində yolun sağ hərəkət hissəsində dayanmaqla, avtomobilin sağ yarısının ( sağ ön və arxa təkərlərin) asfalt yolun kənarındakı torpaq örtüklü yolun üzərində olması, avtomobilin sağ ön farasının sınmasının, ön alın şüşəsinin sağ yuxarı hissəsinin çatladığı və sınması, avtomobilin yanında isə yolun sağ kənarında torpaq örtüklü yolun üzərində iri buynuzlu mal-qaranın oturmuş vəziyyətdə olması müəyyən edilmişdir. Görüntülərə baxış keçirdikdə avtomobilin sınmış şüşə hissələrinin yolun asfalt örtüyü hissəsində deyil, yolun kənarına səpələndiyi müəyyən edilmişdir. “Kia Stringer” minik markalı markalı avtomobilin iri buynuzlu heyvanı yolun hansı hissəsində vurması, yolun asfalt örtüyünün üzərində avtomobilin ehtiyyat hissələrinin qırıntılarının tökülməsi və ya tormoz izlərinin olması müəyyən edilməmişdir. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, YPX əməkdaşları avtomobilin iribuynuzlu heyvanı yolun asfalt örtüyündə vurması qənaətinə gəlsələr də, qeyd edilən halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdilər. Məhkəmə baş vermiş hadisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, izahatı polis əməkdaşları qəzanın baş verdiyi yerin, yəni toqquşma yerinin yolun asfalt örtüyündə baş verməsini orada olan sakinlərin deməsinə görə müəyyən etdiklərini qeyd etmişdilər. Məhkəmə qeyd edir ki, baş vermiş hadisənin xarakterindən görünür ki, hadisə avtomobilin iribuynuzlu heyvanla bir-birinə dəyməsi nəticəsində, yəni toqquşması nəticəsində baş vermişdir. Toqquşma ilə baş vermiş avtoqəza hadisələrində isə ən mühüm məsələ hadisə yerinin baxışı zamanı toqquşma yerinin müəyyən edilməsi, toqquşmaya qədər sürücü üçün təhlükənin yaranma anı, təhlükə yaranma anının toqquşma maneəsinə nə qədər qalmış yarandığı, sürücünün bundan sonra avtomobilin hərəkətini saxlaması üçün hansı tədbirlər görməsi məsələlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Qeyd edilən hadisə ilə bağlı araşdırma aparılarkən polis əməkdaşları toqquşmanın konkret olaraq harada baş verdiyini müəyyən etməmişlər, sadəcə olaraq ehtimallara əsaslanmaqla hadisə yerinin sxemi çəkilmişdir. Avtomobilin sürücüsü izahatında bildirmişdir ki, təxminən 100 metr qalmış iribuynuzlu heyvanların yolun sol kənarından sağ kənarına keçdiyini görmüş, heyvanlar asfalt örtükdən yolun kənarına tam keçdiklərindən hərəkətini davam etdirib onların yanından keçmək istəyərkən heyvanlardan biri avtomobilin qarşına qaçmış, nəticədə heyvanı vurmuşdur. Maraqlısı odur ki, yolun sağ kənarında təhlükənin olduğunu görərək, hər an heyvanın asfalt hissəyə qaça bilmək ehtimalının olduğunu bildiyi halda, sürücü həmin heyvanların yanından keçərkən sürətini yavaşlamamış və avtomobili heyvanlara nisbətən uzaqlaşdırıb hərəkət etdirməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, toqquşma zamanı avtomobilin ehtiyyat hissələrinin qırılmış hissələrinin toqquşma yerinə tökülməsi mümkün idi, buna baxmayaraq polis əməkdaşları tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, onların toqquşmanın baş verdiyi yer kimi qənatəə gəldikləri yolun asfalt örtüyündə ehtiyyat hissələrinin qırıntılarına rast gəlinmir, əksinə şüşə qırıntılarının yolun kənarında yol çiynində olduğu müşahidə edilmişdir. Avtomobilin sürücüsünün hadisəni törətdikdən sonra hadisə yerində avtomobili saxlamayaraq oradan uzaqlaşması, sonradan iribuynuzlu heyvanın sahibinin şəxsən onu həmin ərazidən taparaq hadisə yerinə gətirməsi halı da bir daha deməyə əsas verir ki, avtomobilin sürücüsü qeyd edilən hadisənin törədilməsində özünü günahkar hiss etdiyindən hadisə yerindən yayınmağa çalışmışdır. Avtomobilin sürücüsü məhkəmə iclası zamanı da izahatında qeyd edilən hadisədə günahının olduğunu anladığını deyərək, hadisə yerindən uzaqlaşmaqda səbəb kimi iribuynuzlu heyvanın sahibini axtarması ilə əlaqələndirmişdir. Halbuki hadisənin baş verdiyi yerdə qalaraq heyvanın sahibini tapmaq daha asan olardı ki, nəinki hadisə yerindən uzaqlaşaraq heyvanın sahibini kənarda axtarmaq. Göründüyü kimi, X2 qeyd edilən inzibati xətanı törətməkdə təqsiri səlahiyyətli orqan tərəfindən sübuta yetirilməmiş və səlahiyyətli orqan şəxsin barəsində yenidən araşdırma apararaq təqsirinin sübuta yetirmək imkanını itirmişdir. Belə ki, hazırda yol nəqliyyat hadisəsinin baş verməsindən uzun müddət keçdiyindən qeyd edilən hadisə yerində şəxsin təsiqini sübut edəcək əhəmiyyət kəsb edən halların aşkar edilməsi qeyri mümkündür. Bu səbəbdən də Rəfvaq Abdullayevin təqsirinin sübuta yetirilməsi üçün yenidən araşdırma aparılmasına zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.2-ci maddəsində göstərilri ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Masallı Rayon Polis X16 Polisi Bölməsinin rəisi, X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X5 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar