Məhkəmə qərarları › İş №3(050)-1642/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1642/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1642/2024 16.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Masallı rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Mollahəsənli kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 16 avqust 2024-cü il tarixdə yol hərəkəti qaydalarını pozduğundan YPX-nin əməkdaşları tərəfindən barəsində tərtib olunan protokola etiraz edərək, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs 16 avqust 2024-cü il tarixdə yol hərəkəti qaydalarını pozduğundan barəsində tərtib edilmiş protokola etiraz edərək, ünvansız küçə söyüşləri söymüş polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə BDYPİ-in YPXA-nın 11-ci tağımının əməkdaşları köhnə Ələt-Astara yolunun 160-cı kilometrində xidmətdə olarkən Daevoo markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü əmredici yol nişanının tələbini pozduğundan saxla işarəsi verərək, sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər və etdiyi qayda pozuntusu barədə izah edib, barəsində qanuna müvafiq qaydada protokol tərtib olunacağını bildirmiş, sənədləri istəmişlər. Masallı rayonu Mollahəsənli kənd sakini olan Şəxs İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Protokol tərtib edildikdən sonra vətəndaş polis əməkdaşlarından aralanaraq, ünvasız küçə söyüşləri söyməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət edərək, etdiyi əməlin inzibati xəta olduğunu dəfələrlə ona izah etməyə çalışsalar da, o polisin qanuni tələbinə qəsdən məhəl qoymayıb öz hərəkətlərini davam etdirmiş və ətrafda olan insanların diqqətini öz üzərinə cəlb etmişdir. Hərəkətlərinin davamlı olduğunu görüb həmin şəxs Masallı RPŞ-yə gətirilmiş, raportla Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət edilmişdir. Raport icraata daxil olduqdan sonra nəzərdən keçirilərək, vətəndaşın əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, törətmiş olduğu qayda pozuntusuna görə barəsində BDYPİ-in YPXA-nın 11-ci tağımının əməkdaşları tərəfindən İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Polis əməkdaşlarından uzaqlaşıb maşınına gedən zaman əsəbləşib öz-özünə gileylənmişdir. Sonra polis əməkdaşları ona yaxınlaşıb söyüş söyüb söymədiyini soruşmuşlar. O da bildirmişdir ki, söyüş söyməmişdir. Daha sonra Polis əməkdaşları onu Rayon Polis Şöbəsinə gətirmişlər. Həmin vaxt o, polis əməkdaşlarının ünvanına söyüş söyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinin biləvasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru polis baş serjantı X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə BDYPİ-in YPXA-nın 11-ci tağımın komandiri polis kapitanı Kamal Abıyevlə xidmətdə olan zaman Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə qaydanı pozduğuna görə saxlanılaraq, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra sürücü onlardan bir qədər aralandıqdan sonra ünvanlarına “nəlayiq” (ifadənin məzmunu məhkəmə icla protokolunda qeyd olunmuşdur) işlətmişdir. Tağım komandiri K.Abıyev sürücüdən “nəlayiq” (ifadənin məzmunu məhkəmə icla protokolunda qeyd olunmuşdur ifadəsini kimə qarşı işlədirsən soruşduqda Şəxs polisləri nəzərdə tutaraq, “sənə də, sənə də” cavabını vermişdir. Şəxs ictimai yerdə ünvanlarına söyüş söydüyü üçün barəsində tədbir görülməsindən ötrü polis şöbəsinə aparmaq istəyən zaman müqavimət göstərmiş, səs-küy salaraq, ətrafdakı adamların diqqətini cəlb etmişdir. Bununla bağlı video görüntü də vardır. İş materiallarında Şəxs törətmiş olduğu qayda pozuntusu barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı masaüstü kompüter vasitəsi ilə baxış keçirilərkən, videoda polis əməkdaşlarının ünvanına “nəlayiq” (ifadənin məzmunu məhkəmə icla protokolunda qeyd olunmuşdur) ifadəsinin işlədildiyini, daha sonra polis əməkdaşları həmin şəxsdən işlətdiyi ifadənin kimə deməsini soruşduqda “sənə deyirəm” cavabının verilməsi, həmçinin polis əməkdaşlarına təxminən 5 dəqiqə müqavimət göstərərək, ətrafdakı şəxslərin diqqətini cəlb etməsi və insanların hadisə yerinə toplaşması müşahidə olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sədirlik edən tərəfindən sorğu-sual edilən zaman ifadəsində göstərdi ki, videodakı nəlayiq ifadələri işlədən şəxsdir. Polis əməkdaşları onu zorla maşına mindirmək istədikdə ünvanlarına söyüş söyməyə başlamışdır. Polis əməkdaşları ona təzyiq göstərmiş o, da müqavimət göstərmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Polis əməkdaşlarından üzr istəyir, bir daha belə səhvə yol verməyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 16 avqust 2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İş materillarında olan Mİ № 007008 saylı vəsiqədən görünür ki, Şəxs müharibə iştirakçısıdır. Şəxs təqsiri inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onun müharibə iştirakçısı olmasını məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 16 avqust 2024-cü il tarixdən saat 18:35-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Rzayev X4 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar