Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1673/2024 22.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə, Masallı rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, 21 avqust 2024-cü il tarixdə ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 22 avqust 2024cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Masallı RPŞ-nin PPXB-in polis nəfəri, polis serjantı Elvin Əliyev və Masallı RPŞ-nin PPXB-in komandiri polis leytenantı Əşrəf Ağkişili avtopatrulla xidmətdə olarkən Masallı RPŞ-in növbətçi hissəsindən hava rabitəsi vasitəsi ilə Masallı rayonu, Xırmandalı kənd sakini Şəxs adlı şəxsin DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək Masallı rayon Prokurorluğunun qarşısında özünü yandıracağı barədə məlumat verilmişdir. Xidmətdə olan polis əməkdaşları dərhal qeyd olunan ünvana, Masallı rayon Prokurorluğunun qarşısına getmişlər. Polis əməkdaşları xidməti avtomaşınla hadisə baş verən ünvana çatdıqda, bir nəfər şəxsin əlində plastik qabla uca səslə hay-küy salaraq ünvansız nalayiq ifadələr işlətdiyini və özünü yandıracağını bildirdiyini görmüşlər. Polis əməkdaşları Şəxs yaxınlaşaraq dəfələrlə onu nizam-intizama dəvət etməklə ictimai qaydanı pozmamağı bildirsələr də, lakin sonuncu polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və öz hüquqazidd əməllərini davam etdirmişdir. Şəxs əlində olan alışqanla üzərinə tökdüyü bezini yandırmağa başladığı andan polis əməkdaşları qısa müddət ərzində şəxsə yaxınlaşaraq müdaxilə etmiş və yanmasının qarşısını alaraq onu xidməti avtomaşınla Masallı RPŞ-nin inzibati binasına aparmışlar. Bundan sonra Şəxs inzibati qaydada tutulmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Bəhruz və Hikmət adlı şəxslərin ona zəng edərək telefonda nalayiq ifadələrlə söyüb təhqir etmələri, onu öldürməklə hədələmələri barədə Masallı Rayon Polis Şöbəsinə və DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Buna səbəb isə qeyd olunan şəxslərin yaxın dostu Röyal adlı şəxsdən “Niva” markalı avtomobil almaları, lakin pulunu verə bilməmələri səbəbindən avtomobili geri qaytarmaları, xx.xx.2024-cü il tarixdə ona zəng edərək hədələmələri, təhqir etmələri olmuşdur. O, Masallı RPŞ-yə ərizə ilə müraciət etmiş və şöbənin inzibati binasını tərk etmişdir. Müraciəti ilə əlaqədar polis tərəfindən tədbir görülməyəcəyini zənn edərək əsəbi halda təkrar DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək Masallı rayon Prokurorluğunun qarşısında özünü yandıracağı barədə məlumat vermişdir. Bir müddət sonra xx.xx.2024-cü il tarixdə saat 21 radələrində içərisində benzin olan plastik qabla Masallı rayon Prokurorluğunun qarşısında əlinə alışqan alaraq uca səslə nalayiq ifadələr işlədərək və özünü yandıracağını bildirmişdir. Bu zaman orada olan bir neçə polis əməkdaşı ona bu barədə xəbərdarlıq etmiş, onu nizam-intizama dəvət etmiş, küçədə ictimai yerdə uca səslə nalayiq ifadələr işlətməməsini, ictimai qaydanı pozmamağa dəvət etmiş və onu əməlindən çəkindirməyə çalışmışlar. Onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və əlində olan alışqanla üzərinə tökdüyü benzini yandırmışdır. Həmin vaxt köynəyib yanmağa başladığı və polis əməkdaşları müdaxilə edərək özünü yandırmağa qoymamışlar. O, öz hərəkəti ilə ətrafdakıların diqqətini üzərinə cəlb edərək ictimai qaydanı pozmuş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Etmiş olduğu əməldən səmimi peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 avqust 2024-cü il tarixdə saat 01:10-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş səlahiyətli şəxsin izahatı, özünün səmimi etirafı, habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməyərək, Masallı Rayon Prokurorluğunun inzibati binasının qarşısında özünü yandırmağa cəhd göstərmiş, lakin polis əməkdaşlarının vaxtında müdaxiləsi səbəbindən əməlini başa çatdıra bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 22 avqust 2024-cü il tarixdən saat 01:10-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1673/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1673/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver