Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1683/2024 27.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Masallı rayonu, Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində 3 nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, 26.08. 2024-cü il tarixdə saat 16 radələrində Masallı şəhəri, İsgəndərli dairəsinin yanında ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 27 avqust 2024cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Masallı RPŞ-in PPXB-ün polis nəfəri polis serjantı Eldost Məmədov digər polis siravisi Şahid2 ilə birlikdə 4 nömrəli postda xidmət apararkən, Masallı şəhəri, İsgəndərli dairəsinin yaxınlığında iki nəfər şəxsin dava-dalaş etdiyini görüb, onlara yaxınlaşaraq özlərini təqdim etmiş, onları Masallı RPŞ-yə dəvət etmişlər. Bu vaxt həmin şəxslərdən biri, Masallı rayonu Qızılavar kənd sakini Şəxs RPŞ-yə gəlməkdən imtina edərək ucadan ünvansız söyüşlər söyməyə başlamış, onu bir neçə dəfə nizam-intizama dəvət etsələr də lakin, Şəxs sərxoş olduğundan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq ünvansız küçə söyüşləri söyməklə ətrafda olan şəxslərin diqqətini özünə cəlb etmiş, vətəndaşların haqlı narazılığına səbəb olduğundan onu RPŞ-yə gətirmişlər. Bundan sonra Şəxs inzibati qaydada tutulmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə saat 15 radələrində sərxoş vəziyyətdə Masallı şəhəri, İskəndərli dairəsinin yanındakı dayancaqda dayanıb evinə getmək üçün maşın gözləmiş, bir qədər dayandıqdan sonra dayanacağa yaxınlaşmaqda olan avtomaşında olan şəxs onu təhqir edərək bir qədər kənarda dayanmasını tələb etdiyinə görə aralarında mübahis yaranmışdır. Mübahisə zamanı polis əməkdaşları onlara yaxınlaşmış, sakit olmalarını tələb etməklə onları nizam-intizama dəvət etmək istədikdə, sərxoş olduğundan əsəbiləşərək kənarda şəxslərin olmasına məhəl qoymayaraq, ucadan ünvansız söyüşlər söyərək, polis şöbəsinə getmək istəməmişdir. Buna baxmayaraq, xidmətdə olan polis əməkdaşları onu təkrar nizam-intizama dəvət etməklə ictimai yerdə söyüş söyməyin inzibati xəta olduğunu bildirdirdikdən sonra polis əməkdaşları ilə şöbəyə getməyə razılıq vermişdir. Etdiyi əməldən səmimi peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Masallı RPŞ-in PPXB-nin polis nəfəri polis sravisi Şahid2 ilə birlikdə 4 nömrəli xidməti postda xidmət apararkən, Masallı şəhəri, İsgəndərli dairəsinin yaxınlığında iki nəfər şəxsin mübahisə etdiyini görüb, onlara yaxınlaşaraq özlərini təqdim edərək, onları Masallı RPŞ-yə dəvət etmişlər. Bu zaman həmin şəxslərdən biri, Masallı rayonu, Qızılavar kənd sakini Şəxs RPŞyə gəlməkdən imtina edərək ucadan ünvansız küçə söyüşləri söyməyə başlamış, onu bir neçə dəfə nizam-intizama dəvət etsələr də, vətəndaş sərxoş olduğundan onların qanuni tələblərinə qəsdən tabe olmayarq öz nizamsız hərəkətlərinə və ünvansız küçə söyüşləri söyməyə davam edərək, ətrafda olan şəxslərin diqqətini özünə cəlb etmişdir. Şəxs qanunsuz hərəktləri vətəndaşların haqlı narazılığına səbəb olduğundan o, xidməti avtomaşınla RPŞ-yə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Bu barədə raportla rəhbərliyə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Masallı şəhəri, İsgəndərli dairəsinin yanında dayandığı vaxt sonradan tanıdığı Masallı rayonu, Qızılavar kənd sakini Şəxs sərxoş halda əsaslı səbəb olmadan uca səslə ünvanına nalayiq sözlər işlətməklə sözlə mübahisə etməyə başlamış, həmin vaxt yaxınlıqda xidmət aparan polis əməkdaşları onlara yaxınlaşmış, Şəxs nizamintizama dəvət etməklə onu Masallı RPŞ-yə dəvət etmək istədikdə, o, ucadan ünvansız söyüşlər söyərək polis şöbəsinə getməkdən imtina etməyə çalışmış, buna baxmayaraq polis əməkdaşları Şəxs xidməti avtomaşınla Masallı RPŞ-yə aparmışlar. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 avqust 2024-cü il tarixdə saat 18:45-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş səlahiyətli şəxsin izahatı, özünün səmimi etirafı, habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, əvvəlcə Masallı Rayon Polis Şöbəsinə getməkdən imtina etmiş, lakin sonradan polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə aparılması təmin edilmişdir. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığında görə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati həbs növündə tənbeh tədbiri təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda törədilməsi, habelə əvvəllər eyni inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş qərarlar qanuni qüvvəyə mindikdən sonra təkrar olaraq eyni xətanı törətməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, əvvəllər barəsində tətbiq edilmiş inzibati tənbehlərlə islah olunmamasını, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azəraycan Respublikası İXM-nın 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək inzibati qaydada tutula bilər. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən inzibati həbsin əvvəli 26 avqust 2024-cü il tarixdən saat 18:45-dan hesablanmalıdır. Belə ki, onun saxlanıldığı müddət təyin edilmiş inzibati tənbeh tədbirinin müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 26 avqust 2024-cü il tarixdən saat 18:45-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1683/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1683/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver