Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1704/2025 22.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, xx.xx.1970-ci ildə Masallı rayonu, Qodman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, orta təhsilli, Masallı rayon Dezinfeksiya idarəsinin dezinfektro vəzifəsində işləyən, Masallı rayonu Qodman kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 18 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 26 aprel 2025-ci il tarixdə Masallı rayonu, Qodman kəndindəki yaşadığı evdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə alınmadan bir ədəd “Winchester” markalı, “Defender 1300” modelli L2908752 nömrəli 12 kalibrli ov silanının əldə edilməsi, saxlanılması və daşınması qaydasını pozmuşdur. İşin halları və tərəflərin izahatları: Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmaqla baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs fasiləsiz audi yazı və video çəkilişin aparıldığı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Masallı rayonu Qodman kəndində yerləşən özünə məxsus olan fərdi yaşayış evində yatarkən arvadı Arzu onu yuxudan oyadaraq istifadəsində olan “whatsup” mobil tətbiqi vasitəsi ilə bacısı Ofelyanın mesaj yazaraq yaşadığı evin pəncərəsini tanımadığı şəxsin döydüyünü bildirmişdir. Həmin vaxt o, yaşadığı evdən həyətə düşərək həyətində olan yardımçı tikilidə saxladığı özünə məxsus olan ov tüfəngini götürüb qonşuluqda yaşayan bacısı Ofelyanın evinə getmişdir. Həmin vaxt ov tüfəngi patronla dolu olmuş, atəşə hazır vəziyyətdə olmuşdur. Bacısıgilə çatdıqda bir nəfər kişi cinsli şəxsin sərxoş vəziyyətdə bacısı Ofelyanın yaşadığı evin həyətində olduğunu görmüş və ondan kim olmasını soruşmuşdur. Hava qaranlıq olduğundan həmin şəxsin üzünü əvvəlcə görə bilməmiş, bir qədər də yaxınlaşdıqdan sonra həmin şəxsin həmkəndlisi Hacıbaba olduğunu görmüşdür. Ondan gecə saatlarında bacısının həyətinə nə səbəbə gəldiyini soruşduqda, Hacıbaba suallara cavab verməkdən yayınaraq ona doğru dürüst cavab verə bilməmişdir. Onun davranışlarından ağır dərəcəli sərxoş olmasını hiss etmişdir. Aralarında mübahisə yarandığından o, əvvəlcə Hacıbabaya yaxınlaşaraq onun bədəninin müxtəlif nahiyələrinə əlindəki silahın qundağı ilə zərbələr vurmuş, Hacıbaba zərbələrin təsirindən yerə yıxılsa da, sonradan yenə də ayağa qaxıb çevrilib qaçmaq istədiyini gördüyündən onu tutmaq üçün əlindəki silahı ona tərəf tuşlayaraq təxminən 1 metr məsafədə qəsdən atəş açmış, lakin Hacıbaba dayanmayaraq qaçıb oradan uzaqlaşmışdır. Atəş açdığı vaxt qaranlıq olduğundan atəş açdığı zaman patron qəlpələrinin ona dəyibdəymədiyini müəyyən edə bilməmişdir. Növbəti gün 26 aprel 2025-ci il tarixdə ona məlum olmuşdur ki, atəş nəticəsində Hacıbaba yaralanmış, elə hadisənin baş verdiyi gün gecə saatlarında Masall rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Sonradan polis şöbəsində araşdırma aparılmış, Hacıbaba Nəsirovun ona qarşı hər hansı şikayət və tələbi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı polis şöbəsində verdiyi izahatında göstərilənlərlə bağlı qeyd etmişdir ki, həmin izahatda hansı səbəbdən silahdan ehtiyatsızlıqdan atəş açılması ilə bağlı məlumatların qeyd edildiyini bilmir, lakin hazırda məhkəmə iclasında göstərdiyi kimi Hacıbaba Nəsirovun qaçmasının qarşısının alınması üçün əlindəki silahdan qəsdən bir dəfə atəş açaraq onu vurduğunu təsdiq etmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Masallı Rayon Mərkəzi Xəstəxanasından masallı rayonu Qodman kənd sakini X1 qolun dirsək, sol döş və kürək nahiyyəsindən odlu silahla yaralanması diqnozu ilə xəstəxanaya daxil olması barədə Masallı RPŞ-nin İB-də faktla bağı cinayət işi başlanmış, aparılan araşdırmanın sonunda Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, lakin barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 aprel 2025-ci il tarixdə Masallı rayonu, Qodman kəndindəki yaşadığı evdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə alınmadan bir ədəd “Winchester” markalı, “Defender 1300” modelli L2908752 nömrəli 12 kalibrli ov silanın əldə edilməsi, saxlanılması və daşınması qaydasını pozduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əvvəlki məhkəmə iclasında vermiş olduğu izahatını dinləyərək hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatına əsasən baş vermiş hadisədə onun tərəfindən törədilmiş inzibati xətanın tərkib əlamətləri ilə yanaşı, əməlində cinayət tərkibinin əlamətləri də aşkar edilmiş, qeyd olunan səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə toplanmış material yenidən araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, şəxsin “Winchester” markalı, “Defender 1300” modelli L2908752 nömrəli 12 kalibrli ov silanını əldə etməsi, saxlanılması və daşınması qaydasını pozduğuna görə barəsində İXM-nin 590.2-ci maddəsi ilə protokol tərtib edilmiş, protokola məhkəmədə baxılarkən həmin silahın qanunsuz saxlanması şəraiti ilə bağlı polis şöbəsində araşdırma aparılaraq qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar da məhkəmə tərəfindən nəzərdən keçirilmişdir. Çünki məhz həmin qərar əsasında şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edilmiş, protokol tərtib edilməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. Şəxs həmin qərarda göstərdiyi izahatından fərqli izahat verərək qəsdən silahdan atəş açaraq Hacıbaba Nəsirovu vurduğunu göstərmiş, nəticədə onun əməlində cinayətin əlamətlərinin olduğu üzrə çıxmış, nəticə etibarı ilə təhqiqatçının qəbul etdiyi qərarın qanuniliyi şübhə altına alınmışdır. Bu halın özü gələcəkdə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv edilməsi ilə nəticələnə bilər ki, bu da təhqiqatçının şəxsin əməlində inzibati xətanın tərkib əlamətlərinin olması ilə bağlı göstədikləri hüquqi nəticə yaratmayacaqdır. Bu baxımdan məhkəmə şəxsin əməlində hər bir halda inzibati xətanın tərkib əlamətlərinin yaranacağını istisna etmir, lakin hazırki mərhələdə həmin protokola baxılmasının mümkün olmaması səbəbindən inzibati xəta haqqında icraata xitam verilməsini, yenidən silahın aşkar edilməsi şəraiti ilə bağlı araşdırma aparılmasını və şəxsin əməlində yaranan cinayətin əlamətlərinə hüquqi qiymət verilməsi üçün material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməlidir. Məhkəmə şəxsin məhkəmə iclasında verdiyi izahatına əsasən ilkin olaraq onun əməlində hansı cinayətin əlamətlərinin yaranması ilə bağlı bildirir ki, iş materialına əlavə edilmiş ekspert rəyinə əsasən Hacıbaba Nəsirovun “sol bazu, sol dirsək, sol said, sol kürək və döş qəfəsinin sol yan hissəsinin döş boşluğuna nüfuz etməyən odlu silah yaralanmaları” diaqnozlu yüngül dərəcəli bədən xəsarəti aldığı müəyyən edildiyindən şəxsin silahdan qəsdən atəş açmaqla ona yüngül dərəcəli xəsarət yetirdiyinə görə CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin yarandığı görünür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs izahat verərkən zərəçəkmiş şəxsin xəstəxanada əməliyyat olunduğuna görə xərcləri ödədiyini qeyd etmişdir. Yüngül dərəcəli bədən xəsarətləri üzrə şəxsin əməliyyat olunması faktı da öz-özlüyündə şübhə yaradan haldır. Bu səbəbdən də gələcəkdə araşdırma aparılarkən şəxsin barəsində xəstəxanada müalicədə olduğu vaxt tərtib edilmiş xəstəlik tarixçəsi və digər mühüm tibbi sənədlərin alınaraq təkrar tibb ekspertizanın keçirilməsi yolu ilə həqiqətə nail olmaq olar. Bu səbəbdən də şəxsin barəsində yenidən araşdırma aparılmaqla CM-nin yuxarıda qeyd edilən maddəsindən başqa digər maddəllərlə də cinayət məsuliyyətinin yaranması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəsində göstərilir ki, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə,materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 114.2.3.-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərildikdə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Pelnum Qərarına əsasən: Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 85 və 114.2.3-cü maddələrinin məzmunundan çıxış edərək qeyd edir ki, həmin maddələrdə aydın və birmənalı şəkildə müəyyən edilmiş qaydaya əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə özü cinayət işini başlamır, istintaq orqanın cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarını ləğv etmir, o, əməldə müəyyən etdiyi cinayət əlamətləri barədə cinayət təqibini başlamaq səlahiyyətində olan orqanı məlumatlandırmaqla materialları həmin orqana göndərir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. İstintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Həmin qərarda prokurorun İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə baxan məhkəmə tərəfindən ona göndərilmiş materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara baxılması qaydası Cinayət- Prosessual Məcəlləsində müəyyən edilməmişdir. Buna görə, Konstitusiya Məhkəməsinin Plenumu cinayət-prosessual qanunvericiliyində müvafiq qaydaların müəyyən edilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmasını məqsədəmüvafiq hesab etmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icrata cinayət tərkibinin əlamətlərinin olması əsasına görə xitam verilməklə iş üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85 və 114.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata cinayət tərkibinin əlamətlərinin olması əsasına görə xitam verilməklə iş üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1704/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1704/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver