Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1721/2025 04.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Salyan rayonu, Xalac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla, Masallı rayonu, Xoşçobanlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: M Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Masallı Rayon Məhkəməsinə təqdim edilmişdir. Tərtib edilmiş protokola əsasən xx.xx.2025-ci il tarixdə, Masallı rayonu Xoşçobanlı kənd ərazisində Şəxs üzərindən qanunla qadağan edlmiş şəxsi istehlak miqdarından az olaraq narkotik vasitə olan 0,62 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı RPŞ-nin İTBnin polis sahə rəisi, polis baş leytenantı Nümayəndə izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 tərəfindən keçirilən əməliyyataxtarış tədbiri zamanı Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla, Masallı rayonu, Xoşçobanlı kəndində yaşayan Şəxs üzərində şəxsi istehlak miqdarından artıq olmayan 0,62 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktına görə toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə xx.xx.2025-ci il tarixdə cinayət işi başlanılması rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Göstərilən səbəblərdən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmasına baxmayaraq 27 ildən artıq müddətdir ki, ailəsi ilə birlikdə Masallı rayonu, Xoşçobanlı kəndində yaşamaqla, çobanlıq edir, kənd sakinlərinə məxsus mal-qaranı örüş sahəsinə aparıb gətirir. Təxminən 2-3 ay olar ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə yaşadığı kənddə qonuşusuna qonaq gəlmiş tanımadığı şəxsdən istifadəsi üçün qurudulmuş marixuana almışdır. Təxminən 1 saat sonra kəndin kənarındakı otlaq sahəsinə yaxın körpünün üzərində dayanıb, üzərində saxladığı marixunana istifadə etmək qərarına gəlmiş, həmin vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq mobil telefon vasitəsi ilə çəkiliş apararaq ona tərəf yaxınlaşmış, polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, üzərində az miqdarda istifadə etmək məqsədi ilə qurudulmuş marixuana olduğunu etiraf etmiş, cibində saxladığı həmin bükümü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları narkotik vasitə ilə birlikdə ona Masallı RPŞ-yə aparmışlar. Orada təhqiqatçının xidməti otağında müdafiəçi dəvət edilmiş, bundan sonra yenidən videoçəkiliş aparılmaqla əməliyyatçı və onu saxlayan digər polis əməkdaşlarının iştirakı ilə üzərində qadağan olunmuş əşya varsa təqdim etməsini bildirmişlər. O da cibində olan içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümü və bir ədəd mobil telefonu təqdim etmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında materiala əlavə edilmiş təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən Masallı RPŞ-nin inzibati binasında xidməti otaqda Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı X3, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X2, Masallı RPŞ-nin polis nəfəri, polis serjantı X5 Masallı RPŞ-nin baş inspektor kriminalisti, polis baş leytenantı X4 və Masallı rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış keçirilməzdən əvvəl Şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa iştirakçılara təqdim etməsi təklif olunmuş, Şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli kağıza bükülmüş qurudulmuş marixuanaya bənzər kütləni və qara rəngli şalvarın sol yan cibindən 01 ədəd üzərində “Samsung” yazıları olan mobil telefonu təqdim etmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, sənədlər natamam olduğundan material geri qaytarılmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 34-cü bəndində göstərilir ki əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Toplanmış materiallarla müəyyən edilmişdir ki, Şəxs saxlanıldığı yerdə onun üzərinin yoxlanılması rəsmiləşdirilməmiş, hər hansı protokol tərtib edilməmiş, eyni zamanda şübhəli şəxsin saxlanılarkən yerində üzərinə baxış keçirilməsini əks etdirən videogörüntü iş materiallarına əlavə edilməmişdir. Halbuki Şəxs izahatında ona yaxınlaşan iki nəfər polis əməkdaşının polis nəfərləri olduqlarını, əməliyyatçının (qrup rəhbərinin) şəxsən orada iştirak etmədiyini, həmin şəxslərin onun üzərinə mobil telefonun kamerasını tutaraq üzərində narkotik vasitə olub-olmasını soruşduqlarını, qanunla qadağan olunmuş predmet və ya əşya olduğu halda təqdim etməsini təklif etdiklərini, bundan sonra üzərində bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana olan bükümü cibindən çıxarmaqla polis əməkdaşlarına göstərdiyini, daha sonra Masallı RPŞ-yə aparıldığını qeyd etmişdir. Bununla belə Şəxs qeyd etdiyi videogörüntülər də iş materiallarına əlavə edilməmişdir. Qeyd edilən tədbirin Ali Məhkəmənin sözü gedən Plenum qərarında qeyd qeyd edilmiş göstərişlərə zidd aparılması, yəni şəxsin saxlanıldığı yerdə narkotik vasitənin aşkar edilməsinin rəsmiləşdirilməməsi, yalnız polis şöbəsinə gətirildikdən sonra şəxsi axtarışın keçirilməsi həmin tədbirin əsaslılığına, dolayısı yolla tədbir nəticəsində əldə edilmiş nəticələrə dair məhkəmədə şübhələr yaratmışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material məhkəmə baxışından çıxarılaraq geri qaytarılsın. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1721/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1721/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver