Məhkəmə qərarları › İş №3(050)-1730/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1730/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1730/2025 12.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Evin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Masallı rayonu, Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-292/2020 saylı icra sənədi Şəxs tərəfindən icra edilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-292/2020 saylı icra sənədi xx.xx.2020-ci il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcun könüllü şəkildə ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzürsüz səbəbdən icra etməmişdir. Borclu icra sənədinin icrasından yayındığına görə 2020-ci ilin may və dekabr aylarında barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci madəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmiş, Masallı Rayon Məhkəməsinin 21 may və 2020-ci il və 01 dekabr 2020-ci il tarixli qərarlarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, borclu yenidən icra sənədinin icrasını təmin etmədiyindən barəsində toplanmış icra materialı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməklə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış, baxılması üçün məhkəmə verilmişdir. Masallı Rayon Məhkəməsinin 2022-ci il tarixli hökmü ilə Şəxs 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəxs həbsdən azad olunduqdan sonra da icra sənədinin icrasından yayınmağa davam etmişdir. Hazırda icra sənədi üzrə 15980 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Borclunun əmlak vəziyətinin yoxlanılması ilə bağlı sorğular göndərilmiş, adına heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. X2 isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək aliment borcunun ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmiş, tutularaq icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Bu səbəbdən barəsində yenidən protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-292/2020 saylı icra sənədindən məlumatlıdır. Lakin, hazırda heç bir yerdə işləmədiyindən icra sənədinin icrasını təmin etmək iqtidarında deyildir. Lakin, borcundan 200 manat ödəniş edə bilər. Özünə iş yeri tapıb qazanc əldə etdikdən sonra aliment borcunu ödəyə biləcəyini bildirmişdir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Məhkəmə tələbkarın iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-292/2020 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X8 verilməlidir. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(050)-809/2020 saylı qərarından görünür ki, Şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-292/2020 saylı icra sənədinin icrasını təmin etmədiyindən barəsində ərtib edilmiş protokol əsasından Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Xəbərdarlıq bildsirişindən görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Bəhruz İbayev tərəfindən borclu Şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-292/2020 saylı icra sənədi üzrə tələbin icra edilməsi barədə rəsmi xəbərdalıq ünvanlanmışdır. Borclunun axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs icra çağırışlarından yayındığına görə onun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində icra məmuru tərəfindən axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. İş üzrə sübutların qiymətləndirilməsi Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-292/2020 saylı icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru tərəfindən onun barəsində bütün mümkün olan məcburi icra tədbirləri görülmüşdür. Hələ onun barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə iki dəfə inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilmiş, Masallı Rayon Məhkəməsinin müvafiq qərarları ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 10 gün müddətində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə, Şəxs Masallı Rayon Məhkəməsinin 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bütün qeyd edilənlərə əsasən demək olar ki, borclunun barəsində kifayət qədər qanuni tədbir görülməsinə baxmayaraq, o, islah olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeyd yanaşaraq, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməməklə qərəzlilik nümayiş etdirmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, yuxarıda qeyd edilənləri əsas götürərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh növünün təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 12 avqust 2025-ci il tarixdən saat 16:35-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Ağayev X5 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar